
2017-ci ildə hərracda 450 milyon dollara satılan “Dünyanın xilaskarı” (“Salvator Mundi”) tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyini irəli sürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN nəşri Polşanın Interia portalına istinadən məlumat yayıb.
Məlumata görə, Braziliyanın Luminari adlı süni intellekt sistemi əsəri təhlil edib və tablonun müəllifinin Covanni Antonio Boltraffio olması ehtimalını 81 faiz qiymətləndirib. Boltraffio Leonardo da Vinçinin tələbələrindən biri olub.
Əgər bu iddia təsdiqlənərsə, əsərin bazar dəyərinin hərracda ödənilən məbləğdən xeyli aşağı ola biləcəyi bildirilir. Lakin süni intellektin hansı meyarlar əsasında belə nəticəyə gəldiyi açıqlanmayıb.
Mütəxəssislər isə bu təhlilin müəllifliyi müəyyənləşdirmək üçün yetərli sübut olmadığını vurğulayırlar. Leonardo da Vinçinin yaradıcılığı üzrə ekspert, professor Frank Zöllner hesab edir ki, süni intellektin təhlili mübahisələrin araşdırılmasına kömək edə bilər, lakin əsərin kim tərəfindən çəkildiyi ilə bağlı suallara qəti cavab verə bilməz.
Xatırladaq ki, “Salvator Mundi” tablosu 2017-ci ildə “Christie's” hərracında 450 milyon dollara satılaraq tarixdə ən bahalı rəsm əsəri kimi tanınıb. Əsərin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tərəfindən alındığı bildirilir. Həmin vaxtdan tablo ictimaiyyət qarşısında nümayiş etdirilməyib. Gələcəkdə onun Ər-Riyadda yaradılması planlaşdırılan Dünya Mədəniyyətləri Muzeyində sərgilənməsi nəzərdə tutulur.
Aydın