
Qorxmaz Şıxalıoğlu
Yaxınlarda arxivimdən bir yazı tapdım. Onu 2008-ci il oktyabrın 29-da “Mədəniyyət” qəzeti üçün qələmə almışam.
Bu qəzet eyniadlı nazirliyin orqanı idi. Ona görə də yazılar çapa getməmişdən əvvəl nazirliyin mətbuat xidmətində saf-çürük edilirdi. Bu yazı nədənsə qəzetdə verilmədi. Görünür, insan kimi, hər yazının da öz taleyi var.
Azərbaycanımıza dünya şöhrəti gətirən Müslüm Maqomayevlə bağlı olduğu üçün xırda-para əlavələr etməklə bu yazını kitaba salmağı qərara aldım. Çünki vaxt gələcək, bu məşhur baritonla bağlı hər hansı xırda bir epizod tütyəyə çevriləcək. H. Cavid, Ə. Vahid, S. Vurğun, M. Müşfiq, S. Bəhlulzadə və Ə. Kərimlə bağlı xatirələr kimi...
28 oktyabr 2008-ci il. Bu payız günü, yəqin ki, ömrümün sonuna kimi yadımdan çıxmayacaq. Həmin günün axşamı Moskvada dünyasını dəyişən unudulmaz Müslüm Maqomayevin cənazəsini gətirən təyyarəni qarşılamaq üçün həmkarım Həmidə xanımla Binə hava limanına getmişdik. Çox sevdiyim, mahnılarından güc aldığım böyük sənətkarımızın ölüm xəbəri hamımızı sarsıtmışdı. Mən bu acı xəbərə inana bilmirdim, daha doğrusu, inanmaq istəmirdim.
Bizə yaşamağın, ucalığın, “mavi əbədiyyət”in gözəlliyindən danışan bu dahi sənətkar necə gözlərini əbədi yuma bilər?
O günlər bu ağır xəbər dünyanın bütün aparıcı informasiya vasitələrinin başlığına çıxarılmışdı. Böyük ölkələrdən Azərbaycana başsağlığı teleqramları gəlirdi.
Təyyarə gecikirdi. Ona görə hamı narahat idi. Mən fürsət tapıb təyyarəni gözləyən “Vremya” xəbər proqramının müxbiri və operatoru ilə tanış oluram. Onlar mənim də televiziyada işlədiyimi biləndə sevinirlər. Ona görə də söhbətimiz tez tutur. Moskvalı həmkarlarım Bakıda rastlaşdıqları adamlardan, bütövlükdə azərbaycanlılardan çox razılıq edirlər. Yenə M. Maqomayevdən söz düşür. Rus operator deyir: “Biz Moskvada çox məşhur elm-sənət adamlarının vida mərasimini çəkmişik, ancaq heç vaxt M. Maqomayevin ölümündə olduğu kimi insan axını görməmişik. Onun cənazəsi qoyulan Çaykovski adına Konsert Zalına vidalaşmağa gələnlərin sırasında doxsan yaşlı qoca kişi indi də gözümün qabağındadır. Göz yaşını saxlaya bilməyən bu adam gülü güclə tutmuşdu, əlləri əsirdi”.
Gözləmə zalında heykəltaraş Ömər Eldarovu, aktyor R. Balayevi, kinorejissor Eldar Quliyevi, xalq artistləri Fidan və Xuraman Qasımova bacılarını, kinorejissor Vaqif Mustafayevi, xanəndə Canəli Əkbərovu, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovu, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi və onun müavini Ədalət Vəliyevi, müğənni Rəşidə Behbudovanı görürəm. Beş-altı başqa adam da var, ancaq onları tanımıram. Hamı bir-biri ilə pıçıltı ilə danışır. Onların arasında başını aşağı salıb ağlayan Rəşidə xanım daha çox yadımda qaldı. Orada olduğum müddətdə onu yalnız beləcə ağlayan gördüm.
Saat 20:30-da təyyarənin yerə endiyini xəbər verirlər. Tez təyyarənin enmə meydançasına çıxırıq. Budur, qızılı rəngli hava gəmisi tuşumuza yaxınlaşır. Teleaparıcılar, fotoqraflar – təxminən 25 nəfər hərəkətə keçir.
M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, yazıçı Elçin Əfəndiyev, kinorejissor Yuli Qusman, estrada müğənnisi Oleq Qazmanov, iş adamı Araz Ağalarov və digər sərnişinlər trapdan düşməyə başlayırlar. Burada bir vacib detalı qeyd etmək istəyirəm.

Müslüm Maqomayevin ölüm xəbəri gələn o günlərdə Bakıda danışırdılar ki, dünya şöhrətli həmyerlimiz Moskvada dəfn olunacaq. Təsdiqlənməsə də, bu xəbər bütün Azərbaycanı sarsıtmışdı. Sonradan bildik ki, Prezident İlham Əliyev M. Maqomayevin cənazəsinin Bakıya gətirilməsi üçün Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevi ayrıca bir heyətlə Moskvaya göndərib.
Mən həmişə rus mətbuatını oxuyan olmuşam. M. Maqomayevlə bağlı yazıları isə az qala su kimi içmişəm. Yadımdadır, bir müsahibəsində uzun illərdən sonra müharibədə həlak olan atası Məhəmmədin Polşada qəbrini tapdığını söyləyən dahi sənətkar əvvəlcə atasının sümüklərini vətənə gətirmək istəsə də, sonradan fikrindən daşındığını, elə Polşanın da dost, qardaş torpağı olduğunu bildirir...
Təyyarədən düşənlərin sırasında Prezident Aparatının şöbə müdiri Fatma Abdullazadəni, Nazirlər Kabinetində işləyən yazıçı dostum Əkrəm Qaflanoğlunu görürəm. Kinorejissor Eldar Quliyev göz yaşları içərisində, kədərin büzüşdürdüyü qara eynəkli Tamara Sinyavskayanı bağrına basır. Mən “qəm heykəli” ifadəsinə çox yazılarda rast gəlmişəm. Qara eynəkli, qara paltarlı Tamara xanıma baxanda bu söz yadıma düşdü. İlahi, o, doğrudan da, canlı qəm heykəli idi. Fikirləşirdim ki, biz hamımız böyük bir sənətkarı, Tamara xanım isə şöhrəti yeri-göyü tutan ömür-gün yoldaşını, arxa-dayağını itirib.
Təxminən 35 il əvvəl “Sovetskaya kultura” qəzetində Tamara Sinyavskayanın bir müsahibəsini oxumuşdum. Həmin müsahibədə onun dediyi bir söz məni çox kövrəltmişdi: “V etom svete krome moyeqo Muslima u menya nikaqo net” (Bu dünyada mənim Müslümümdən başqa heç kimim yoxdur). Onu da bilirdim ki, Tamara xanım kübar bir ailənin yeganə övladıdır və M. Maqomayevdən əvvəl bir dəfə ailəli olub, ayrılıbmış...
Müslüm Maqomayevə görə harada T. Sinyavskaya ilə bağlı bir yazı görsəydim, onu tez də oxuyardım. Yenə hansısa Moskva qəzetlərinin birində gedən müsahibəsində Tamara xanımın bir cəsarətli fikri (o dövr üçün deyirəm) çox xoşuma gəlmişdi. Təxminən bu cür yadımda qalıb onun dedikləri: “Rusiyanın böyük şəhərlərindəki iri sənaye müəssisələrində günorta fasiləsində incəsənət ustalarının konsertlərini təşkil edirlər. Mən bunu düzgün hesab etmirəm. Konsertə, teatra gedəndə adam gərək yaxşıca hamamlansın, təzə, ya da təmiz paltarını geyinsin, üz-gözünü, saçını səliqəyə salsın. Belə olanda insanda bir toy-bayram ovqatı yaranır. Yoxsa, iş paltarında, tər qoxusu verən adamların qarşısında çıxış etmək biz incəsənət ustaları üçün o qədər də ürəkaçan olmur...”
Təyyarəni qarşılayanların arasından dalğa kimi bir xəbər keçir: bəs Polad Bülbüloğlu niyə gələnlərin sırasında yoxdur? (O, həmin vaxtlar Azərbaycanın Rusiyadakı səfiri idi.) Hərə buna bir cür izah verirdi. Ancaq bir fikirdə hamı eyni idi: o, bu gün mütləq burada olmalıydı. Nə isə...
Sənət adamlarının qəmli baxışları, göz yaşları, pıçıltı ilə deyilən sözlər... Hamı içəri yollanır. Mən isə həmkarım Həmidə xanımla qalıram. Təyyarənin arxa tərəfindən cənazəni düşürüb maşına qoyurlar. İçimdə sanki bir sim qırılır. Yəni, M. Maqomayevi daha canlı konsertlərdə görməyəcəyik? Yəni, o boyda parlaq ömrün sonudur bu? Daha M. Maqomayev yoxdur?
Həmidənin gözləri nəmlənib. Heç birimiz dinmirik. Birdən mənə elə gəlir ki, hava limanının nəhəng meydançasının üstünə çökmüş gecənin zülmətini doğrayan işıq zolaqları Müslümün səsidir. Fikirləşirdim ki, nə qədər dünyada gecə olacaqsa, həmişə də o gecənin bağrını yaran işıq olacaq.
Biz də içəri – zala qayıdırıq. Bizim sənətçilər və Moskvadan gələnlər müxtəlif telekanallara müsahibə verirlər. Təxminən bir saata yaxın sənət adamları ilə söhbətləşirik.
Saat 21:40-da zalı tərk edərək M. Maqomayev itkisinin ağrısı ilə bizi gözləyən avtomobilə əyləşirik. Onunla bağlı yaddaşımda qalanları xatırlayıram. Əsgərlikdə olduğum Perm vilayətində şənbə-bazar günləri kazarmada vallar oxudardıq. Biz azərbaycanlılar daha çox M. Maqomayevin vallarını səsləndirər və onunla fəxr edərdik. Əslində, məşhur həmyerlimizi başqa millətlərdən olanlar da elə bizim kimi sevə-sevə dinləyirdilər. M. Maqomayevin yaxın dostlarından biri, şair Robert Rojdestvenskinin xatirələrində belə bir yer var: “Mən Müslümün bir çox konsertlərində iştirak etmişəm. Təsəvvür edin ki, heç bir sənətkarı belə qarşılamırdılar. Aparıcının səhnədən ancaq “Oxuyur Müslüm!” sözləri eşidilirdi. Ən güclü dinamiklər, ən bacarıqlı aparıcının məharəti belə Maqomayev soyadını eşitməyə imkan vermirdi. Gurultulu alqış səsləri, sadəcə olaraq, aparıcının səsini batırırdı. Mən heç bir konsertdə onun soyadını aydın şəkildə eşidə bilməmişəm”.
SSRİ-nin böyük şəhərlərində iki nəfərin qaldığı mehmanxananı qorumağa hərbçilər (azı bir vzvod) cəlb olunardı. Çünki bu işə milisin (polisin) gücü çatmırdı. Onlardan birincisi M. Maqomayev, ikincisi V. Vısotski idi (İnsaf xatirinə deyim ki, “Baharın on yeddi anı” filminin baş qəhrəmanı Ştirlitsin obrazını canlandıran V. Tixonov da belə hallar yaşayıb)...
Bizim “Qaya” ansamblının qocaman üzvü Cavan Zeynallının radiomüsahibəsində M. Maqomayevlə bağlı danışdığı bir xatirə var. Yadımda qalanları yazıram: “Kiyevə konsert verməyə getmişik. Mərkəzdə – Kreşşatikdəki mehmanxanada bizə yer ayırıblar. Özü də qış günüdür, çöldə 25 dərəcə şaxta var. Restoranda yaxşıca yeyib-içmişik. Sabah da konsertdir. Mehmanxanaya qayıdıb elə təzəcə yerimizi rahatlamışdıq ki, gördük, mehmanxana az qala yerindən tərpənir. Baxdıq ki, insan kütləsi mehmanxananı mühasirəyə alıb, çoxu da cavan qadınlardır. “Muslim!” deyib qışqırırlar desəm, az olar, dünyanı dağıdırlar. Nə qədər desək də, Müslüm bizi eşitmədi. Qapını açıb çıxdı balkona. Və başladı oxumağa”.
Burada M. Maqomayevin “Komsomolskaya pravda” qəzetinə verdiyi müsahibədən bir parçanı yada salıram:
“Heç bir zaman rahib olduğumu deməmişəm. Mənim yolumda kifayət qədər gözəl qadınlar olub. Amma hamısı Tamara Sinyavskayaya qədər. Mənim barəmdə kifayət qədər şayiələr dolaşır”.
Həmin müsahibəni götürən jurnalist sonra yazır: “Həyatının böyük hissəsini Moskvada yaşayan M. Maqomayevə ikili münasibət olub. Bir tərəfdən, qadınların ehtiras və sevgisi, digər tərəfdən, kişilərin həsədi və nifrəti. Onu bəzən konsertlərdə arxa qapıdan gizli şəkildə çıxarırlarmış. Qapıda gözləyən çoxsaylı pərəstişkarlarının əlinə düşməməsi üçün”.
Düzü, bu sətirləri oxuyanda məşhur həmyerlimizə görə sevinməklə yanaşı, həm də kədərləndim. Kədərləndim ki, o, cəmi 66 il ömür sürüb. Axı, yaşamaq ona çox yaraşırdı. Sonra da fikirləşdim ki, şimşək kimi göz qamaşdıran bir ömür sürən insan üçün yaşın, doğrudan da, elə fərqi yoxdur.
M. Maqomayev mənim gözümdə doğma Azərbaycanımızın obrazı olub həmişə. Böyük sənətkarlığı bir yana, onun məğrur görkəmi, səhnə davranışı belə adamlarda Azərbaycana bir ehtiram, hörmət hissi aşılayırdı. Düşünürdüm ki, səhnədə oxuyan M. Maqomayev yox, elə Azərbaycandır. Onun səsi, təbəssümü, danışıq manerası, baxışı, bir sözlə, bütün varlığı kübarlıqdan xəbər verirdi.
Lap çoxdanın söhbətidir. İş yoldaşlarımdan biri mənə danışmışdı: “Moskvada hansısa ümumittifaq tədbirinin çəkilişinə getmişdik. “Rossiya” mehmanxanasında qalırdıq. Səhər mehmanxanadan çıxanda gördük, yollar bağlanıb. Dedilər ki, bir azdan ölkə rəhbəri Brejnev qarşıdakı yoldan keçəcək. Yaxınlıqdakı yol milisi mayoruna bildirdik ki, tədbirə gecikirik, biz getməliyik. “Olmaz!” dedi. Elə bu vaxt mehmanxanadan çıxan M. Maqomayevi gördük. Yanında da dünya gözəli olan bir xanım. İkisi də ağ geyimdə idilər. Birdən mehmanxananın qarşısında bir ağ “Volqa” peyda oldu. Onlar maşına oturub getdilər. Mən tez mayorun başının üstünü kəsdirdim: “Bəs deyirdin, yol bağlıdır, olmaz. Bəs o “Volqa”nı niyə buraxdınız?” Mayor – milliyyətcə ukraynalı idi – “On je Muslim Mahomayev” deyib mənə rişxəndlə baxdı. Hələ bu sözlərdən əvvəl mayorun dilinə gətirdiyi klassik rus söyüşünü demirəm”.
Görkəmli bəstəkarımız Arif Məlikovdan 2008-ci ildə bir müsahibə almışdım.
Orada M. Maqomayevlə bağlı bir yer var. Arif müəllim deyir: “Heydər Əliyev tək mənə yox, bütün sənətkarlara böyük hörmətlə yanaşırdı. Hər il Zuğulbadakı Hökumət Evində M. Maqomayevin ad gününü keçirirdi. Təxminən 20-30 adam olardı. Əsas qonaqlar Moskvadan gələrdi. Bizimkilər də iştirak edirdi. M. Maqomayevin ad günü olanda H. Əliyev mənim dalımca maşın göndərərdi”.
M. Maqomayev Azərbaycanı çox sevirdi. O, ən ali tədbirlərdə belə sevə-sevə Bakıdan söz açırdı, “Mən azərbaycanlıyam” deyirdi. O, qədirbilən idi, duz-çörəyi itirən deyildi. M. Maqomayev Azərbaycanı bütün varlığı ilə sevirdi. T. Sinyavskaya deyir ki, o, ömründə hansısa başqa sanatoriyaya getməyib, yayda həmişə Bakıda olurduq, Xəzərin sahillərində dincəlirdik.
Məşhur “Komsomolskaya pravda”ya müsahibəsində dediklərindən: “Biz Tamara ilə varlı deyildik. Amma vəsaitimiz ömrümüzün sonuna qədər çatar. Həm də ki, Heydər Əliyev böyük iş gördü – Azərbaycanın istedadlı şəxslərinin qayğısına qaldı. Onun oğlu İlham Əliyev də mənə və Tamaraya təqaüd təyin etdi. Amma bunu təqaüd deyil, dövlətin köməyi adlandırdı. Məbləğ o qədər də böyük deyil. Ancaq Rusiyadakı Böyük Teatrın solistlərinin aldığı təqaüdlərdən qat-qat çoxdur” (“Komsomolskaya pravda” qəzetindən gətirdiyim sitatlar “Google”dan götürülüb)...
Maşınımız şəhərə yaxınlaşır. M. Maqomayevin çox sevdiyi, hər yerdə fəxrlə adını çəkdiyi paytaxtımız işıq içində bərq vurur. Bakıya, doğma yurda olan böyük vətən sevgisini bütün ürəyi və ruhu ilə oxuduğu “Azərbaycan” mahnısına köçürən M. Maqomayevin səsi gəlir qulağıma. Bu səsin işığında Bakı daha gözəl, daha parlaq görünür. M. Maqomayevin səsindəki böyük həyat eşqini, coşqunluğu ölümlə bir araya sığışdıra bilmirəm.
Onun səsi sahilə çırpılan nəhəng dalğaları, gur işıq selini yada salır. Düşünürəm ki, o səsə, o işığa heç vaxt ölüm yaxın düşə bilməz. Çünki işığı dəfn etməyə heç kəsin gücü çatmayıb.
29.10.2008