
Növbəti on il ərzində Avropada turistlərin yerləşdirilməsi xidmətlərinə tələbatın təxminən üçdəbir artacağı gözlənilir. Qitə daxilində səyahətlərin sayının da artacağı proqnozlaşdırılır.
Qaynarinfo xəbər verir ki, bu barədə “Euronews” nəşri yeni turizm bazarı araşdırmasına istinadən məlumat yayıb.
“Accor” hotel qrupunun hazırladığı “2036-cı ilədək Avropanın turizm xəritəsinin dəyişməsi” (“The Changing Face of Europe's Tourism Map to 2036”) adlı hesabata əsasən, Avropa növbəti onillikdə də qlobal turizm sənayesinin aparıcı mərkəzi olaraq qalacaq.
“Accor”un sifarişi ilə “Tourism Economics” şirkətinin apardığı araşdırmaya görə, 2026–2036-cı illərdə Avropadakı turizm yerləşdirmə obyektlərində gecələmələrin sayı 32 faiz artacaq. Bu, hər il əlavə 1,6 milyard gecələmə deməkdir. Hotellərə tələbatın isə daha sürətlə — 33 faiz artacağı gözlənilir.
Araşdırmaya əsasən, 2025-ci ildə Avropa 810 milyon xarici turisti qəbul edib. Bu, dünyanın digər regionlarından daha yüksək göstəricidir. Beynəlxalq turist gəlişlərinin 53 faizi Avropanın payına düşüb, beynəlxalq turizmdən əldə olunan gəlirlər isə 700 milyard avronu ötüb.

“Accor” şirkətinin nümayəndələri bildiriblər ki, bu artımın arxasında turist axınlarının dəyişməsi, infrastruktura investisiyalar, yeni istiqamətlərin meydana çıxması və beynəlxalq mobilliyin artması kimi amillər dayanır.
Şirkət Avropanın turizm məkanı kimi əsas üstünlüyünün müxtəliflik olduğunu vurğulayır. Dünyanın azsaylı regionları nisbətən kiçik ərazidə bu qədər geniş istirahət imkanları təklif edə bilir.
Turistləri böyük şəhərlər, çimərlik kurortları, xizək mərkəzləri, mədəniyyət abidələri, milli parklar, tarixi irs, qastronomiya və festivallar cəlb edir. “Accor”un qiymətləndirməsinə görə, qitənin cəlbediciliyi onun müxtəlif landşaftları, dilləri və mədəniyyətləri ilə bağlıdır.
Yeni turizm istiqamətlərində sürətli artım gözlənilir
“Accor”un proqnozuna görə, növbəti on il ərzində Avropadakı bütün növ yerləşdirmə obyektlərində xarici turistlərin gecələmələrinin sayı 42 faiz artacaq. Daxili turizm üzrə isə daha mülayim — 24 faizlik artım gözlənilir.
Turist axınının əsas hissəsini əvvəlki kimi digər Avropa ölkələrindən gələn səyahətçilər təşkil edəcək. Araşdırmaya görə, onların payı bütün turist gəlişlərinin 77 faizinə çatacaq.
Avropaya ən çox turist göndərən ölkə Almaniya olacaq. Almaniyadan gələn səyahətçilərin ümumi gəlişlərdə payının 14 faiz təşkil edəcəyi gözlənilir. Sonrakı yerlərdə Böyük Britaniya — 8 faiz, Fransa — 5 faiz qərarlaşır. İlk beşliyə həmçinin ABŞ (5 faiz) və Niderland (4 faiz) daxil olacaq.
2036-cı ilədək Almaniya Fransa və Polşa üçün ən böyük xarici turizm bazarına çevriləcək. Almaniyaya ən çox xarici turist Niderlanddan, İspaniyaya Böyük Britaniyadan, Birləşmiş Krallığa isə ABŞ-dan gələcək.
Fransa, Böyük Britaniya və Almaniya əvvəlki kimi populyar turizm istiqamətləri olaraq qalacaq. Bununla yanaşı, turistlər arasında yeni populyarlıq qazanan ölkələrdə daha yüksək artım templəri qeydə alına bilər.
Xüsusilə, növbəti on il ərzində Azərbaycanda xarici turistlərin gecələmələrinin sayının 116 faiz artacağı proqnozlaşdırılır. Latviyada bu göstəricinin 83 faiz, Rumıniyada isə 82 faiz artacağı gözlənilir.

Dünyanın digər regionlarından Avropaya turist axını da artacaq
Dünyanın digər regionlarından Avropaya səyahətlərə tələbatın da artmaqda davam edəcəyi gözlənilir. Proqnoza görə, növbəti on ildə Yaxın Şərq ölkələrindən Avropaya turist gəlişləri 93 faiz, Asiyadan isə 88 faiz artacaq.
Səudiyyə Ərəbistanından Avropaya gələn turistlərin sayının 55 faiz artacağı gözlənilir. Ayrı-ayrı ölkələr arasında ən yüksək artımın Çindən qeydə alınacağı proqnozlaşdırılır: çinli turistlərin sayının 138 faiz arta biləcəyi bildirilir.
Afrikadan gələn səyahətçilərin sayı 46 faiz artacaq. Cənubi və Şimali Amerikadan gələn turistlər üzrə artımın isə müvafiq olaraq 42 və 26 faiz təşkil edəcəyi gözlənilir.
Avropanın ən etibarlı xizək kurortları
Xatırladaq ki, “Inghams Ski” turizm şirkəti Şimal yarımkürəsindəki 100-dən çox məşhur xizək kurortunu və regionu təhlil edərək “Reliable Ski Score” adlı reytinq hazırlayıb. Reytinq xizək sürmək üçün şəraitin etibarlılığını 100 ballıq şkala üzrə qiymətləndirir.
Qiymətləndirmədə ən böyük çəki — 35 faiz xizək infrastrukturunun vəziyyətinə, yəni mövsümün əsas dövründə işlək olan liftlərin və trasların orta payına verilib. Daha 25 faiz qar örtüyünün kifayətliliyini, o cümlədən aşağı stansiyada qarın ən azı 30 santimetr olduğu günlərin payını əks etdirib.
Avropanın ən etibarlı xizək istiqamətlərinin ilk onluğunda İtaliya, Avstriya və Fransanın kurortları üstünlük təşkil edir.
Aydın