
İnzibati xəta törətməkdə ittiham olunan şəxsin psixiatriya yardımına ehtiyacı olduğu və yardımın gecikdirilməsi onun özünün və ya başqalarının həyatı və sağlamlığı üçün təhlükə yaratdığı hallarda razılığı olmadan psixiatriya müayinəsi təyin edilə bilər. Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi isə qanunla müəyyən edilmiş prosedur və məhkəmə nəzarəti əsasında həyata keçirilir.
Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, belə hallarda psixiatriya müayinəsi barədə qərarı inzibati xəta haqqında iş üzrə icraatı aparan prokuror və ya səlahiyyətli dövlət orqanının vəzifəli şəxsi qəbul edə bilər. Qərar şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan verilə bilər.
Şəxsin psixiatriya müayinəsinin aparılması və psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi “Psixiatriya yardımı haqqında” Qanunun və Mülki Prosessual Məcəllənin tələblərinə uyğun tənzimlənir.
Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün kifayət qədər məlumat olduqda hakim məhkəmə-psixiatriya ekspertizası təyin edə bilər. Şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı iş üzrə ekspertizadan açıq şəkildə boyun qaçırarsa, məhkəmə psixiatrın iştirakı ilə onun məcburi qaydada ekspertizaya göndərilməsi barədə qərardad çıxara bilər.
Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə onun ailə üzvləri, qəyyumu və ya himayəçisi, eləcə də psixiatriya müəssisəsinin rəhbərliyi tərəfindən verilə bilər. Ərizə şəxsin yaşadığı yer üzrə və ya psixiatriya müəssisəsinin yerləşdiyi ərazi üzrə məhkəməyə təqdim olunur. Müəssisənin rəhbərliyi müraciət etdikdə ərizəyə həkim-psixiatr komissiyasının əsaslandırılmış rəyi də əlavə edilməlidir.
Şəxs psixiatriya stasionarına yerləşdirildikdən sonra onun qeyri-könüllü yerləşdirilməsi barədə ərizə 48 saat ərzində məhkəməyə verilməlidir. Hakim ərizəni qəbul etdikdə şəxsin stasionarda saxlanılmasını işə məhkəmədə baxılacağı müddətədək uzadır.
Məhkəmə qeyri-könüllü yerləşdirmə barədə ərizəyə iş başlanıldığı vaxtdan beş gün ərzində baxmalıdır. İşə baxılarkən şəxsin psixi vəziyyəti buna imkan verirsə, o, məhkəmə iclasında iştirak edə bilər. Prosesdə ərizə ilə müraciət etmiş psixiatriya müəssisəsinin nümayəndəsinin və yerləşdirilməsi məsələsinə baxılan şəxsin nümayəndəsinin iştirakı məcburidir. Məhkəmə iclası psixiatriya müəssisəsinin binasında da keçirilə bilər.
Məhkəmə ərizəni təmin və ya rədd etmək barədə qətnamə qəbul edir. Ərizənin təmin olunması şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi və qanunla müəyyən edilmiş müddətdə orada saxlanılması üçün əsas yaradır.
Qeyri-könüllü yerləşdirmə müddətinin uzadılması da məhkəmə qaydasında həyata keçirilir. Bunun üçün həkim-psixiatriya komissiyasının rəyi əsasında müalicəni aparan müəssisənin rəhbərliyi hər altı aydan bir məhkəməyə vəsatət verməlidir. Məhkəmə müddətin uzadılması barədə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər.