Xəbər lenti

Harri Keynin ilk "Qızıl top"u - Möhtəşəm mövsümün statistikası
İdman22:45 27.10.2026

Harri Keynin ilk "Qızıl top"u - Möhtəşəm mövsümün statistikası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bayern Münhen”in və İngiltərə millisinin hücumçusu Harri Keyn 2025-2026 mövsümündəki çıxışı ilə 2026-cı il “Qızıl top” mükafatına layiq görülüb.

Qaynarinfo "Goal"a istinadən xəbər verir ki, forvard başa çatan mövsümdə klub və milli komanda səviyyəsində 65 oyuna çıxaraq ümumilikdə 73 qol vurub. Bu göstərici onu XXI əsrdə bir mövsümdə ən çox qol vuran futbolçulardan birinə çevirib. Ondan daha yüksək nəticəyə yalnız Lionel Messi 2011-2012 mövsümündə imza atıb.

Keyn “Bayern Münhen”in Almaniya çempionatında və kubokunda uğur qazanmasında mühüm rol oynayıb. O, Bundesliqada 36 qol vurub, ölkə kubokunda isə altı oyunda 10 dəfə fərqlənib. Hücumçu kubokun finalında het-trik edərək komandasının qələbəsinə böyük töhfə verib. Çempionlar Liqasında da məhsuldar çıxış edən ingiltərəli futbolçu 13 matçda 14 qol vurub, komandasının yarımfinala yüksəlməsinə kömək edib.

Keynin uğuru təkcə qollarla məhdudlaşmayıb. O, hücumların qurulmasında, komanda yoldaşlarına imkanların yaradılmasında və oyun tempinin idarə olunmasında da fəal iştirak edib. Məqalədə vurğulanır ki, hücumçunun geriyə çəkilərək oyuna qoşulması həm “Bayern”də, həm də İngiltərə millisində digər futbolçuların daha səmərəli çıxış etməsinə şərait yaradıb.

Bununla belə, 2026-cı il “Qızıl top”u uğrunda mübarizə kifayət qədər gərgin olub. Lamine Yamal, Kilian Mbappe, Lionel Messi və Xviça Kvaratsxeliya kimi futbolçular da fərqli meyarlar əsasında mükafatın əsas namizədləri sırasında göstəriliblər. Məqalənin müəllifi hesab edir ki, Keynin mövsüm ərzindəki fərdi statistikası və komandasının uğurlarındakı rolu onun mükafatı qazanmasına əsas verib.

Məqalədə həmçinin qeyd edilir ki, digər namizədlərlə müqayisədə Keyn ətrafında mükafat uğrunda geniş ictimai kampaniya aparılmayıb. Buna baxmayaraq, hücumçunun meydandakı çıxışı onun futbolun ən yüksək səviyyəsindəki mövqeyini bir daha ön plana çıxarıb.

Qeyd edək ki, təqdim olunan mənbədə “Qızıl top” mərasiminin Londonda keçirildiyi və Keynin mükafata layiq görüldüyü bildirilir.

Aydın