Xəbər lenti

"Mançester Yunayted"də böhran dərinləşir
İdman23:59 27.10.2026

"Mançester Yunayted"də böhran dərinləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Mançester Yunayted”də uğursuz nəticələr və idarəçiliklə bağlı narazılıqlar fonunda klub rəhbərliyinə qarşı etirazlar güclənir.

Qaynarinfo xəbər verir ki, "Goal" nəşrində dərc olunan məqalədə bildirilir ki, komandanın problemlərini yalnız baş məşqçinin və ya futbolçuların dəyişdirilməsi ilə həll etmək mümkün deyil.

Məqalənin müəllifi Mark Doyl hesab edir ki, baş məşqçi Maykl Kerrikin gələcəyi sual altındadır. Onun rəhbərliyi altında komandanın nəticələri pisləşib və “Yunayted” ardıcıl uğursuz oyunlardan sonra yenidən tənqid hədəfinə çevrilib. Yazıda vurğulanır ki, klubun problemlərinə görə məsuliyyət yalnız məşqçinin üzərinə düşmür, onu bu vəzifəyə gətirən rəhbərlik də cavab verməlidir.

Komandanın sabiq futbolçusu Qari Nevill də “Bornmut”la oyundan sonra “Yunayted”in bəzi oyunçularını sərt tənqid edib. O, futbolçuların peşəkarlığına, həyat tərzinə və kluba münasibətinə dair narazılığını ifadə edərək, bəzi oyunçuların özlərini layiq olduqlarından daha yüksək qiymətləndirdiklərini bildirib.

Məqalədə klubun futbol əməliyyatlarına rəhbərlik edən Ceyson Vilkoksun və “Mançester Yunayted”in ortaq sahibi Cim Retkliffin də fəaliyyəti tənqid olunur. Müəllifin fikrincə, 2024-cü ildən bəri transferlərə 550 milyon funt sterlinqdən çox vəsait xərclənməsinə baxmayaraq, heyətdə keyfiyyət və ehtiyat oyunçuların seçimi baxımından ciddi çatışmazlıqlar qalır. Bundan əlavə, son illərdə baş məşqçi seçimləri ilə bağlı qərarların da gözlənilən nəticəni vermədiyi qeyd olunur.

Klubun azarkeşləri isə həm amerikalı Qleyzer ailəsinə, həm də Retkliffə qarşı narazılıqlarını açıq şəkildə ifadə edirlər. Məqalədə bildirilir ki, tribunlarda rəhbərliyə qarşı etiraz şüarları səsləndirilib, azarkeş qrupları klubun idarəçiliyində dəyişiklik tələb ediblər. Bəzi şüarlarda zorakılığa çağırışların yer aldığı da qeyd olunur. Müəllif bu cür ifadələri qəbuledilməz hesab etsə də, azarkeşlərin narazılığının miqyasının artdığını vurğulayır.

Mark Doyl azarkeşləri rəhbərliyə təsir göstərmək üçün dinc və təşkilatlanmış etirazlara, o cümlədən klubun stadionunda və rəsmi satış nöqtələrində pul xərcləməmək kampaniyasına qoşulmağa çağırır. Yazıda İngiltərənin “Liverpul” klubunun azarkeş qruplarının əvvəlki etirazları və İtaliyanın “Latsio” klubunun tərəfdarlarının boykot təşəbbüsü nümunə göstərilir.

Məqalənin əsas qənaətinə görə, “Mançester Yunayted”in böhranı təkcə məşqçi və ya futbolçu dəyişikliyi ilə aradan qalxmaya bilər. Müəllif hesab edir ki, klubun uzunmüddətli problemlərinin həlli üçün idarəçilikdə ciddi dəyişikliklərə ehtiyac var və azarkeşlərin birlikdə hərəkət etməsi bu prosesdə mühüm rol oynaya bilər.

Aydın