
2026-cı il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda şəhər və kənd əhalisinin yaş qrupları üzrə bölgüsündə müəyyən fərqlər qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatında göstərilir.
Təqdim olunan statistik göstəricilərə əsasən, şəhər əhalisi arasında 15-64 yaş qrupuna daxil olanların payı qadınlarda 70.2 faiz, kişilərdə isə 69.8 faiz təşkil edib.
Kənd əhalisi arasında bu yaş qrupunun xüsusi çəkisi həm qadınlarda, həm də kişilərdə 69.6 faiz olub.
Uşaqların payı kənd yerlərində daha yüksəkdir. Belə ki, 0-14 yaş qrupuna daxil olanlar kənd əhalisinin 19.8 faizini təşkil edən qadınlar və 22.4 faizini təşkil edən kişilər olub. Şəhər əhalisində isə bu göstərici qadınlar arasında 17 faiz, kişilər arasında 19.6 faiz təşkil edib.
65 və yuxarı yaş qrupuna daxil olanların payı da şəhər və kənd əhalisi arasında fərqlənib. Şəhərlərdə bu göstərici qadınlarda 12.8 faiz, kişilərdə 10.6 faiz olduğu halda, kəndlərdə qadınlar arasında 10.6 faiz, kişilər arasında isə 8 faiz qeydə alınıb.
Beləliklə, statistik məlumatlar kənd yerlərində uşaqların payının daha yüksək, 65 və yuxarı yaş qrupuna daxil olanların xüsusi çəkisinin isə daha aşağı olduğunu göstərir. Şəhər əhalisində isə yaşlı insanların payı nisbətən yüksəkdir.