Xəbər lenti

Firuzə İbadovanın qızı: "Anam ömründə 3-5 min manat pul qazanmayıb"
Maqazin11:58 28.10.2026

Firuzə İbadovanın qızı: "Anam ömründə 3-5 min manat pul qazanmayıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist Firuzə İbadovanın qızı Hülya İbadova anasının birotaqlı mənzil istəməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirilən fikirlərə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, Hülya İbadova anasının qazancı ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirib və onun sənət fəaliyyəti boyunca yüksək məbləğlər qazanmadığını deyib.

O, sosial şəbəkələrdə anasının digər müğənnilərlə müqayisə edilməsinə etiraz edib:

“Deyirlər ki, toya gedir, filan müğənni yarım saata 3 min manat pul qazanır. Filan müğənninin bu qədər imkanı varsa, bəs onun niyə evi yoxdur? Axı onlar birlikdə işləyiblər və sair. Sizi başa düşürəm, hər kəsin öz qazancı var. Anam səkkiz saat canlı oxuyub, yarım saat fonoqramla çıxış etməyib. Amma heç vaxt 3-5 min manat pul qazanmayıb. Mənim anam ömründə 3-5 min manatı bir yerdə görməyib. Bizim evdə o qədər pul olmayıb. Paltar almışıq, bir-iki aydan sonra pulunu vermişik. Bunu bilən bilir. Bilmədən ağzınıza gələni danışırsınız. Belə olmaz! Anam həmin qiymətə toya getsəydi, həyatı boyu kiməsə ağız açmazdıq, heç vaxt özümüzü sındırmazdıq. Biz özümüz də imkansızlıq içində olsaq da, başqalarına əl tutan insanlarıq. Pulumuz olmayıb, amma kimsə gəlib kömək istəyibsə, yenə də kimdənsə alıb ona vermişik. Nədir ki, o mənim qapıma gəlib?”

Hülya İbadova Mədəniyyət Nazirliyinin də anasına münasibətindən narazılığını ifadə edib:

“Biz heç kimdən nəsə istəmirik. Hər sahənin öz məmuru var. Onu vəzifəyə təyin edəndə deyirlər ki, sənin işin budur. Amma onlar mənim anamla maraqlanmırlar. Anamı qəbul edirsiniz, amma deyirsiniz ki, biz ev vermirik. Firuzə artıq gənc deyil. Firuzə İbadova öz dövrünün tanınmış sənətkarı olub. Hər kəsin öz zamanı var. İndi başqa nəsil yetişib. Gənclər klassik musiqiləri tanımırlar. Ona görə də anam bir çox yerə getmir. Çünki o, artıq gənclər üçün maraqlı deyil”.

Qeyd edək ki, Əməkdar artist Firuzə İbadovanın səhhətində problemlər yaranıb. Müğənni iki dəfə əməliyyat olunub. Səhhəti ağır olan sənətçi yataqdan ölkə rəhbərliyinə müraciət edərək birotaqlı mənzillə təmin olunmasını istəyib. Onun bu müraciəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub, bəzi istifadəçilər sənətçinin mənzil istəməsini tənqid ediblər.

Bahar Rüstəmli