
58 yaşlı britaniyalı aktrisa və müğənni Petsi Kensit şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. Dörd uğursuz evlilikdən sonra yenidən sevgi axtarmağa həvəsinin qalmadığını deyən məşhur ulduz artıq romantik münasibətlərə maraq göstərmədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, Kensit “The Times” qəzetinə müsahibəsində əvvəllər ümidsiz romantik olduğunu, lakin yaşadığı uğursuz münasibətlərin dünyagörüşünü dəyişdirdiyini söyləyib.
“Əvvəllər ümidsiz romantik idim. İndi isə bu dəyişib. Sevgi məsələlərinə dair heç bir istəyim, hissim və marağım qalmayıb. Bunu demək kədərlidir, çünki insan bu hissini itirməməlidir. Amma artıq çox pis təcrübələr yaşamışam. Buna həqiqətən dəyməz”, – deyə aktrisa etiraf edib.

Məşhur sənətçi beşinci dəfə ailə qurmaq üçün tanışlıq tətbiqlərindən istifadə etməyi də düşünmədiyini vurğulayıb.
Kensitin şəxsi həyatı uzun illər diqqət mərkəzində olub. O, ilk dəfə 1988-ci ildə “Big Audio Dynamite” qrupunun musiqiçisi Den Donovanla ailə qurub. Cütlük 1991-ci ildə ayrılıb. Bir il sonra “Simple Minds” qrupunun solisti Cim Kerrlə evlənən aktrisanın bu münasibətdən Ceyms adlı oğlu dünyaya gəlib. Onların evliliyi 1995-ci ildə sona çatıb.
Aktrisanın üçüncü evliliyi “Oasis” qrupunun solisti Liam Qallagerlə olub. 1997-ci ildə ailə quran cütlüyün Lennon adlı oğlu dünyaya gəlib. Lakin bu münasibət də 2000-ci ildə boşanma ilə nəticələnib. Kensit 2009-cu ildə məşhur DJ Ceremi Hili ilə evlənsə də, onların münasibəti cəmi 10 ay davam edib.

Sənətçinin daha sonra daşınmaz əmlak sahəsində çalışan Patrik Kassidinin evlilik təklifini qəbul etdiyi, lakin münasibətlərin çətinləşməsi səbəbindən cütlüyün ayrıldığı da bildirilir.
Bütün uğursuz münasibətlərinə baxmayaraq, Kensit həyatında ən böyük sevgisinin iki oğlu olduğunu deyir. Hazırda 32 yaşlı Ceyms və 26 yaşlı Lennonun onun üçün hər şeydən əziz olduğunu vurğulayan aktrisa övladlarının evdən ayrılmasından sonra onların üçün çox darıxdığını bildirib.
“Onların hələ də evdə olmasını istərdim. Həmişə darıxacağam. Onlara sahib olmaq həyatımda etdiyim ən yaxşı və ən vacib şeydir”, – deyə o bildirib.
Aydın