
Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır.
Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, yaşlı insanların sənətdən getməsini deyil, özlərini idarə edə bilməyənlərin səhnədən çəkilməsini nəzərdə tutur:
"Sənətkarın başı yerində olmalıdır. Demədim ki, yaşlı insanlar sənətdən getsin. Dedim ki, başı yerində olsun. Sənət var, baş gedib. Danışığı, davranışı, geyimi o deyil. Yaşına görə geyinmir, danışmır. Bu da başla əlaqədardır. Baş gedirsə, səhnədən çəkilməlisən”.
Nadir Qafarzadə cəmiyyətdə təhsil, savad və dünyagörüşünün çatışmadığını iddia edib. O, bəzi insanların dünya haqqında təsəvvürlərinin məhdud olduğunu, sosial şəbəkələrdə isə düşünülməmiş fikirlərin və yersiz mübahisələrin üstünlük təşkil etdiyini söyləyib:
“Mən heç kəsi başa salmaq məcburiyyətində deyiləm. Bu saat ölkənin 70 faizinin başı gedib. Təhsil, savad, dünyagörüş yoxdur. Onlar üçün dünya ya Biləcəriyə, ya da SEDEKA-ya kimidir. Onlar anlamır ki, dünya bu gün SEDEKA-dan sonra başlayır. Dünya çox böyükdür. Dünyagörüşü olmayan və dünyanın bir ölkəsində belə olmayan, sərhədi keçməyənlər bunu anlamayacaqlar. Mən kimisə başa salmaq üçün özüm başsız qala bilərəm, yaxud da dəli olaram. Ona görə də nə qədər istəyirlər, danışsınlar. Boş-boşuna adamlardır. Oturublar sosial şəbəkələrdə danışırlar. Ölkədə, eyni zamanda, insanların başında boşluq var. Gör nə gündədir bizim sosial şəbəkələrimiz. Anadan-atadan küsən, anasının döşünü kəsən, atasından bixəbər, zinadan doğulanlar çoxdur. Onlar çoxdur, biz onlarla bacara bilmərik. Gücümüz də çatmır. Biz normal insanlar onlara tabe olmağa məcburuq. Onlar çoxdur deyə, biz onların olmayan ağılı ilə hərəkət etməyə məcburuq”.
Sənətçi savadlı, mədəni və geniş dünyagörüşünə malik insanların azlığından danışarkən bu vəziyyəti brend geyimlərin istehsalı ilə müqayisə edib:
“Necə ki, brend geyimlərin sayı az olur. Hamı geyinməsin deyə, onları çox buraxmırlar. Keyfiyyətli geyim həmişə az olub. Keyfiyyətsizlər yabanı ot kimidir, nəsil çoxaldırlar. Əslində, onların nəsli kəsilməlidir. Onlara deyirəm ki, bu nəsli artırmayın. Əvvəllər nəsil artırmamaq üçün tibbi ləvazimatlar yox idi. Ona görə qadınlar dünyaya uşaq gətirməyə məcbur idi. Amma dünya, tibb inkişaf edib, müəyyən şeylər var ki, onlardan istifadə etmək lazımdır”.
Nadir Qafarzadə insanı keyfiyyətlərinin zəif olduğunu düşündüyü şəxslərə də çağırış edib. O, belə insanların övlad sahibi olmasını cəmiyyət üçün zərərli hesab etdiyini bildirib:
“Əgər bir insanın insani keyfiyyətləri azdırsa, o, nəsil artırmasın. Bu, cəmiyyətə və eyni zamanda, ölkəyə ziyandır. Allah rəhmət eləsin. Belə söz var: diridirlər, amma ölmüş kimidirlər”.
Bahar Rüstəmli