Xəbər lenti

Riyad-husi yaxınlaşması: Sülhə doğru addım, yoxsa taktiki gediş? (ŞƏRH)
Siyasət13:23 22.10.2026

Riyad-husi yaxınlaşması: Sülhə doğru addım, yoxsa taktiki gediş? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxın Şərqdə baş verən proseslər bir daha göstərir ki, geosiyasi rəqabətdə dövlətlərin qərarlarını təkcə ideoloji baxışlar deyil, həm də təhlükəsizlik maraqları və dəyişən regional reallıqlar müəyyən edir. Uzun müddət husilərlə hərbi-siyasi qarşıdurma şəraitində olan Səudiyyə Ərəbistanı üçün bu qüvvələrlə münasibətlərin tənzimlənməsi artıq yalnız Yəmən məsələsi deyil. Burada İranın regiondakı təsiri, Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi, regional güc balansı və Riyadın öz strateji mövqelərini qorumaq cəhdi də mühüm rol oynayır.

Bəs Səudiyyə Ərəbistanı ilə husilər arasında mümkün yaxınlaşma həqiqətən uzunmüddətli sülhə yol aça bilərmi, yoxsa bu, tərəflərin mövcud şəraitdə itkilərini azaltmağa yönəlmiş taktiki gedişdir? Belə bir razılaşma Yəməndə siyasi sabitlik yaradacaq, yoxsa husilərin mövqelərini daha da möhkəmləndirərək ölkədəki parçalanmanı dərinləşdirəcək? İranın regional maraqları və Qırmızı dənizdəki təhlükəsizlik problemləri bu prosesə necə təsir göstərir?

Konfliktoloq Azər Hüseynov bu sualları Qaynarinfo-ya açıqlamasında şərh edib.

O, Səudiyyə Ərəbistanı ilə husilər arasında mümkün anlaşmanın ideoloji yaxınlaşmadan daha çox, regional təhlükəsizlik zərurətləri ilə bağlı olduğunu düşünür.

Ekspertin fikrincə, əldə ediləcək razılaşmanın real nəticəsi yalnız hərbi qarşıdurmanın zəifləməsi ilə deyil, Yəməndə daha geniş siyasi nizamın formalaşmasına nə dərəcədə imkan yaratması ilə müəyyənləşəcək.

“Səudiyyə Ərəbistanı husilərlə münasibətləri normallaşdırmağa nə dərəcədə hazırdır, yoxsa bu, sadəcə müvəqqəti taktiki addımdır? Hər bir halda, Səudiyyə Ərəbistanı ilə husilər ideoloji baxımdan bir-birindən diametral şəkildə fərqlənən mövqelərdə dayanırlar. Buna görə də husilərlə köklü və uzunmüddətli razılaşma Səudiyyə Ərəbistanının bütün maraqlarına uyğun gələn bir proses kimi qiymətləndirilə bilməz. Düşünürəm ki, bu yaxınlaşma daha çox taktiki xarakter daşıyır. Belə bir taktiki gedişat Səudiyyə Ərəbistanına regionda üzləşdiyi təhlükəsizlik problemlərini azaltmaq, hərbi-siyasi təzyiqləri zəiflətmək və öz maraqlarını qorumaq baxımından lazımdır”- deyə Azər Hüseynov bildirib.

Konfliktoloq hesab edir ki, burada əsas məsələ tərəflərin ideoloji mövqelərinin yaxınlaşması deyil, mövcud şəraitdə qarşılıqlı qarşıdurmanın davam etdirilməsinin hansı nəticələr doğuracağıdır:

”Səudiyyə Ərəbistanı üçün husilərlə müəyyən razılaşmaya gəlmək hərbi əməliyyatların yaratdığı xərcləri azaltmaq və ölkənin təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyət daşıya bilər. Lakin bu, tərəflərin strateji maraqlarının üst-üstə düşməsi demək deyil. Ona görə də münasibətlərin normallaşmasını ideoloji və siyasi yaxınlaşmadan daha çox, mövcud regional şəraitin diktə etdiyi taktiki addım kimi qiymətləndirmək mümkündür”.

“Husilərlə mümkün razılaşma Yəməndə davamlı sülhə gətirib çıxara bilərmi, yoxsa ölkənin parçalanmasını və husilərin siyasi-hərbi gücünü möhkəmləndirəcək” sualına ekspert belə cavab verib:

”Husilərlə razılaşma, faktiki olaraq, onların Yəməndə mövcud siyasi-hərbi qüvvə kimi qəbul edilməsi anlamına gəlir. Bununla belə, Yəməndə mümkün sülh razılaşmasını yalnız husilərlə münasibətlər çərçivəsində nəzərdən keçirmək düzgün olmazdı. Bu proses eyni zamanda husiləri dəstəkləyən İranın regional maraqları və Yaxın Şərqdəki təsir imkanları ilə birbaşa əlaqəlidir. Husilər asimmetrik mübarizə aparan siyasi-hərbi aktor kimi çıxış etsələr də, onların fəaliyyəti İranın regiondakı strategiyası ilə əlaqəli şəkildə qiymətləndirilir. Bu əlaqələrin miqyası və xarakteri ayrıca məsələ olsa da, İranın husilərə siyasi və hərbi dəstəyi Yəməndəki qüvvələr balansına təsir göstərən amillərdəndir. Buna görə də husilərlə əldə ediləcək razılaşmanın nəticələri yalnız Səudiyyə Ərəbistanı ilə husilər arasındakı münasibətlərdən deyil, həm də İranın regional siyasətindən asılı olacaq”.

Azər Hüseynov hesab edir ki, Səudiyyə Ərəbistanı baxımından belə bir razılaşmanın əhəmiyyəti həm də ondan ibarətdir ki, Riyad Yəməndəki mövcud reallıqlar şəraitində öz siyasi mövqeyini və nüfuzunu qoruyub saxlamağa çalışır:

”Yəməndə hərbi əməliyyatların gedişi göstərdi ki, Səudiyyə Ərəbistanının hərbi imkanları husilərin irəliləməsini və onların sahədə möhkəmlənməsini dayandırmaq üçün kifayət etməyib. Bu baxımdan, siyasi razılaşma Riyad üçün hərbi vasitələrlə əldə edə bilmədiyi nəticələrin bir qismini diplomatik yollarla təmin etmək imkanı yarada bilər. Lakin burada mühüm bir məqam var- husilərlə əldə edilən razılaşma avtomatik olaraq Yəməndə davamlı sülhün bərqərar olması demək deyil. Əgər razılaşma ölkədəki digər siyasi qüvvələrin maraqlarını, hakimiyyət bölgüsü məsələsini və İranın təsirini nəzərə almadan həyata keçirilərsə, bu, husilərin mövcud mövqelərini daha da möhkəmləndirə, eyni zamanda ölkədəki siyasi parçalanmanı dərinləşdirə bilər. Deməli, belə bir razılaşmanın nəticəsi onun yalnız hərbi qarşıdurmanı dayandırması ilə deyil, Yəməndə daha geniş siyasi nizamın formalaşmasına nə dərəcədə şərait yaratması ilə ölçülməlidir”.

İranın husilərə təsiri və Qırmızı dənizdəki təhlükəsizlik problemlərindən danışan konfliktoloq vurğulayıb ki, İranın husilərə təsiri və Qırmızı dənizdə yaranan təhlükəsizlik problemləri Səudiyyə Ərəbistanının regional siyasətinə təsir göstərən əsas amillərdəndir:

”Riyad üçün məsələ təkcə Yəməndəki qarşıdurma ilə məhdudlaşmır. Buraya Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi, regional ticarət marşrutlarının sabitliyi və İranın Yaxın Şərqdəki təsir imkanları da daxildir. Ümumiyyətlə, təhlükəli və mürəkkəb geosiyasi şəraitdə dövlətlər, hətta strateji baxımdan bir-birindən ciddi şəkildə fərqlənsələr də, müəyyən məsələlərdə taktiki və müvəqqəti razılaşmalara getməyə məcbur qala bilərlər. Bu, onların uzunmüddətli maraqlarının eyniləşməsi deyil, qarşıdurmanın mümkün xərclərini azaltmaq və daha böyük risklərin qarşısını almaq cəhdidir. Səudiyyə Ərəbistanının İranın regiondakı maraqlarını müəyyən dərəcədə nəzərə alması da bu çərçivədə qiymətləndirilə bilər. Riyad təhlükəsizliyini təmin etmək, husilərlə qarşıdurmanın yaratdığı təzyiqləri azaltmaq və Qırmızı dənizdə sabitliyin qorunmasına nail olmaq üçün Tehranla müəyyən məsələlərdə ortaq məxrəcə gəlməyə çalışa bilər. Lakin belə bir yanaşma İranın bütün regional siyasətinin qəbul edilməsi və ya onun strateji məqsədləri ilə razılaşmaq anlamına gəlmir. Beləliklə, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərdə taktiki uzlaşmaların yaranması mümkündür. Bu uzlaşmaların əsasını ideoloji yaxınlıq deyil, qarşılıqlı təhlükəsizlik ehtiyacları və regional reallıqlar təşkil edə bilər. Bununla belə, tərəflərin Yaxın Şərqdəki uzunmüddətli maraqları arasında mövcud olan fərqlər nəzərə alınarsa, belə razılaşmaların davamlılığı və əhatə dairəsi ayrıca qiymətləndirilməlidir”.

Siyasət şöbəsi