
Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhərində 2026-cı ildə aparılacaq abadlıq işləri ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Azərtranss” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Şirkətin qiymət təklifi 556 306,56 manat təşkil edib.
“Azərtranss” MMC cari ilin iyul ayında da Qazax Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Həmin satınalma Qazax rayonunda yolların əsaslı təmiri işləri ilə bağlı olub. Şirkətin bu tender üzrə qiymət təklifi 639 044,08 manat təşkil edib.
Beləliklə, təqdim olunan məlumatlara əsasən, Qazax Rayon İcra Hakimiyyətinin 2026-cı ildə bu iki satınalma üzrə “Azərtranss” MMC-yə həvalə etdiyi işlərin ümumi dəyəri 1 195 350,64 manata çatır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Azərtranss” MMC 2010-cu ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Qazax rayonu, Qazax şəhəri, Heydər Əliyev küçəsi, ev 58/5-dir. Şirkətin qanuni təmsilçisi Adil Qasımov Məmməd oğludur.
Açıq mənbələrdə şirkət haqqında geniş məlumatlara rast gəlinmir. Bununla belə, “Azərtranss” MMC vaxtaşırı dövlət qurumlarının keçirdiyi satınalma müsabiqələrində qalib seçilir. Media məlumatlarına görə, şirkət 2025-ci ildə təmir və abadlıq işləri üzrə 7 tenderin qalibi olub. Həmin tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 milyon 706 min 77,96 manat təşkil edib.
Qazax Rayon İcra Hakimiyyəti ötən il də “Azərtranss” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilə Qazax şəhərində Heydər Əliyev parkında, Əliağa Şıxlinski küçəsində və N. Nərimanov yaşayış massivində abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı olub. Satınalma predmetinin qiyməti 848 380,34 manat təşkil edib.
Bundan başqa, 2025-ci ilin avqustunda Qazax Rayon İcra Hakimiyyətinin şəhər yollarının əsaslı təmiri işləri üzrə şirkətlə 674 949,05 manatlıq müqavilə bağladığı barədə məlumat yayılıb. Həmin ilin dekabrında isə Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin abadlıq işləri ilə bağlı “Azərtranss” MMC ilə 246 157,18 manat dəyərində müqavilə imzaladığı bildirilib.
Beləliklə, şirkət əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də Qazax rayonunda yol təmiri və abadlıq işləri üzrə dövlət satınalmalarının qalibləri arasında yer alır. Tenderlərin keçirilməsi, müqavilələrin dəyəri və görülən işlərin icra vəziyyəti ilə bağlı məlumatlar dövlət satınalmalarının şəffaflığının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir.
Seyid