
İtaliyanın “Napoli” futbol klubunun gələcəyi ilə bağlı uzun müddətdir davam edən proses yenidən gündəmə gəlib. Bu dəfə məsələ meydanda baş verənlər və ya Massimiliano Alleqri ilə əlaqəli deyil. Altı ay davam edən danışıqlardan və mətbuat vasitəsilə elan edilən fasilədən sonra son günlər Aurelio De Laurentis ilə Napoli Basket klubunun prezidenti Matt Rizzetta arasında təmaslar bərpa olunub. Rizzetta futbol klubunu almaq niyyətində qalır. “Corriere dello Sport” nəşrinin məlumatına görə, “FilmAuro” şirkətinin rəhbəri də bu dəfə danışıqlara qapını tam bağlamayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Goal" yazıb.
Yeni görüş
Aurelio De Laurentis və Matt Rizzetta dünən günortadan sonra “Chiaia” bölgəsində yerləşən “de Bonart” hotelində görüşüblər. Alleqri və idman direktoru Manna ilə Çempionlar Liqası öncəsi şam yeməyinin də təşkil olunduğu bu görüş “Napoli Basket” ilə Türkiyənin “Tofaş Spor” komandası arasında keçirilən Avrokubok matçından qısa müddət əvvəl baş tutub.
Birbaşa keçirilən görüş tərəflər arasındakı çox yaxşı münasibətləri təsdiqləyib. Eyni zamanda, Rizzetta mətbuat vasitəsilə daha əvvəl də bəyan etdiyi niyyətini bir daha ifadə edib. O, əlaqəli olduğu italiyalı-amerikalı investorlar qrupu ilə birlikdə “Napoli” futbol klubunun idarəetmə nəzarətini ələ keçirmək istəyir.
Rizzettanın açıqlaması
“Napoli”ni satın almaq və “Napoli Basket”lə birlikdə çoxşaxəli idman klubu yaratmaq niyyətində olduğu barədə təsdiq birbaşa Rizzettadan gəlib. O, “Banco di Napoli” Fondunun təşkil etdiyi “İdman təşəbbüsü: Amerika Kubokundan region üçün sosial layihələrə qədər” adlı konfransda çıxışından sonra bu barədə danışıb.
İtaliya əsilli amerikalı iş adamı bildirib:
“Aurelio ilə çox yaxşı, qarşılıqlı hörmətə əsaslanan münasibətim var. Mən hazıram. Onun 20 ildən çox əvvəl iflas vəziyyətindən başlayaraq yaratdığı irsi davam etdirmək mənim üçün şərəf olardı. Bir gün bu vəzifəni və məsuliyyəti öz üzərimə götürmək istəyirəm. Əmin ola bilərsiniz ki, “Napoli” azarkeşlərini məyus etməmək üçün əlimdən gələnin də artığını edəcəyəm”.
De Laurentis 2 milyard avronun hamısını dərhal istəyir
Məsləhətçilər vasitəsilə aparılan danışıqların ilk mərhələsi De Laurentis tərəfindən dayandırılıb. Buna səbəb təklif olunan məbləğdən daha çox ödəniş üsulu olub və nəticədə təklif rədd edilib.
“Napoli”nin prezidenti qiymətdə güzəştə getmək istəmir. O, “Q8” şirkətinə məxsus ərazidə tikilməsi planlaşdırılan yeni stadionun da yaxın vaxtlarda klubun aktivlərinə daxil edilə biləcəyini nəzərə alır. Həmin ərazi ilə bağlı danışıqlar artıq başlayıb.
Roma mərkəzli nəşrin məlumatına görə, De Laurentisin qərarını dəyişməsinə səbəb ola biləcək məbləğ 2 milyard avrodur. Lakin bu məbləğ hissə-hissə deyil, tam şəkildə və dərhal ödənilməlidir.
O, daha əvvəl belə demişdi: “Uzun illər ərzində gördüyüm işlərin qarşılığını verə biləcək biri varsa, ortaya çıxsın. Belə birinin mövcud olduğunu düşünmürəm”.
Aydın