
“Şaxtyor Donetsk”in baş məşqçisi Arda Turan Ukraynada davam edən müharibənin futbolçulara və yerli əhaliyə təsirindən danışıb. Türkiyəli mütəxəssis bildirib ki, komanda ağır şəraitdə fəaliyyət göstərsə də, bunu bəhanə kimi qəbul etmək istəmir. O, futbolun müharibədən əziyyət çəkən insanlara sevinc bəxş etmək və ölkəyə ümid vermək baxımından mühüm rol oynadığını vurğulayıb.
Qaynarinfo xəbər verir ki, Arda Turan bu fikirləri UEFA Çempionlar Liqasında “İnter”lə qarşılaşma ərəfəsində İtaliyanın “La Gazzetta dello Sport” nəşrinə müsahibəsində səsləndirib.

“Bir ölkənin ümidini təmsil edirik”
Arda Turan “Şaxtyor Donetsk”dəki fəaliyyəti dövründə komandanın üzləşdiyi çətinliklərdən danışıb. Onun sözlərinə görə, müharibə şəraitində məşq keçmək, oyunlara hazırlaşmaq və səfərləri təşkil etmək ciddi problemlər yaradır.
Baş məşqçi qeyd edib ki, bəzi səfərlər 14-16 saat davam edir, komanda isə futbolçuların bərpası və məşqlər üçün kifayət qədər vaxt tapmaqda çətinlik çəkir. Buna baxmayaraq, o, müharibənin yaratdığı vəziyyətin bəhanəyə çevrilməsini istəmədiyini bildirib.
“Ukraynada müharibə gedir, hər gün insanlar həyatını itirir və bütün dünya bunu bilməlidir. İnsanlar inanılmaz güc və dözümlülük nümayiş etdirir, yaşamaq sevincini itirmirlər. Gecəni sığınacaqda keçirib səhər işə gedir, uşaqlarını məktəbə aparırlar. Həyatın dayanmasına imkan vermək istəmirlər”, – deyə Turan vurğulayıb.
Mütəxəssis əlavə edib ki, belə şəraitdə yaşayan insanların qarşısında şikayət etmək düzgün olmazdı. Onun fikrincə, futbol müharibənin ağır təsirləri ilə üzləşən insanlara heç olmasa bir neçə saatlıq sevinc yaşada bilər.
“Biz sadəcə bir komanda deyilik, bir ölkənin ümidini təmsil edirik”, – deyə baş məşqçi bildirib.

Bombalanan evini və anasını itirən uşaqdan aldığı dərs
Arda Turan müsahibəsində həyatına təsir edən hadisələrdən birini də xatırladıb. Onun sözlərinə görə, ötən il “Şaxtyor” Ukrayna çempionatında LNZ-yə 1:4 hesabı ilə məğlub olub. Oyundan bir gün əvvəl isə Lvov ağır hücuma məruz qalıb, insanlar gecəni sığınacaqlarda keçirməli olublar.
Məğlubiyyətdən sonra məyus olan Turan bir müddət sonra Roman adlı səkkiz yaşlı azarkeşlə qarşılaşıb. Müharibə nəticəsində evini və anasını itirən, 35 əməliyyat keçirən uşaq məşqçiyə təsəlli verib.
“Məşqçi, üzülmə. Həyatda yaxşı günlər də olur, pis günlər də. Yoluna davam etməlisən”, – deyə Roman ona bildirib.
Turan uşağın yaşadıqlarına baxmayaraq gələcəyə nikbin yanaşmasının onu dərindən təsirləndirdiyini söyləyib.
“Həmin gün Romandan həyatımın ən mühüm dərslərindən birini öyrəndim. Peşəmizə hörmət etməli və insanları sevindirmək üçün əlimizdən gələni etməliyik. Ancaq bunun sadəcə bir oyun olduğunu, həqiqi həyatın isə daha böyük əhəmiyyət daşıdığını heç vaxt unutmamalıyıq”, – deyə o qeyd edib.
Baş məşqçi uşaqla əlaqə saxladığını və imkan olduqca görüşdüklərini də bildirib.

“Həyəcan siqnalı çalanda ailənizi düşünürsünüz”
Turan müharibə şəraitində yaşamağın insanlara təsirini kənardan tam anlamağın mümkün olmadığını vurğulayıb.
“Bunu yaşamadan anlaya bilməzsiniz. Həyəcan siqnalı çalanda özünüzü deyil, ailənizi, oyunçularınızı və onların yaxınlarını düşünürsünüz”, – deyə o bildirib.
Mütəxəssis Çempionlar Liqasında PSV-yə qarşı oyunda futbolçusu İsaquenin çıxışını izləyərkən yaddaşında qalan bir hadisəni də xatırlayıb. Bombardman zamanı otelin foyesində yatmağa çalışan futbolçunun üzərini yorğanla örtdüyünü deyən Turan bu hərəkətini öz övladlarına göstərdiyi qayğı ilə müqayisə edib.
Onun sözlərinə görə, həmin hadisə komandanın mahiyyətini ifadə edir: çətinliklər qarşısında bir-birinə sahib çıxmaq və yoluna davam etmək.

“Şaxtyor kimi oynayın”
Arda Turan komandanın oyun fəlsəfəsi barədə də danışıb. O bildirib ki, futbolçulardan yalnız nəticəyə deyil, klubun formalaşmış oyun kimliyinə uyğun çıxış etmələrini tələb edir.
“Oyunçularıma həmişə ‘Şaxtyor kimi oynayın’ deyirəm. Bunun adi bir ifadə olduğunu düşünmürəm, çünki illər ərzində formalaşmış kimliyimiz var”, – deyə türkiyəli mütəxəssis bildirib.
Turanın sözlərinə görə, komandaya qoşulan braziliyalı futbolçular böyük potensiala malikdirlər. Baş məşqçinin əsas məqsədi həmin potensialı müasir futbolun fiziki mübarizə və yüksək intensivlik tələblərinə uyğunlaşdırmaqdır.
O, məşqçilik fəaliyyətində Dieqo Simeone, Luis Enrike və Fatih Terim kimi mütəxəssislərdən öyrəndiyini də söyləyib. Turan müdafiə təşkilində Simeonenin, hücumda həll yolları tapmaq məsələsində Luis Enrikenin, futbolçularla münasibətlər və stressin idarə olunmasında isə Fatih Terimin təcrübəsini dəyərləndirdiyini bildirib.

“İnter” və Hakan Çalhanoğlu barədə fikirləri
“İnter”lə qarşılaşma haqqında danışan Arda Turan rəqibin güclü komanda olduğunu vurğulayıb. Onun sözlərinə görə, İtaliya klubunun baş məşqçisi Kristian Kivu ilə futbolçular arasındakı bağlılıq komandanın əsas üstünlüklərindən biridir.
Turan Hakan Çalhanoğlu haqqında da səmimi fikirlər səsləndirib. O, Türkiyə millisinin kapitanını keçmiş komanda yoldaşından daha artıq hesab etdiyini bildirib.
“Hakan mənim üçün keçmiş komanda yoldaşından daha artıqdır. O, mənim qardaşımdır, Türkiyə millisinin kapitanıdır və ona böyük sevgim var”, – deyə Turan qeyd edib.
Baş məşqçi Hakanın meydanda oyunun tempini idarə etmək, təzyiq altında düzgün qərarlar vermək və liderlik göstərmək bacarığını yüksək qiymətləndirib.
Turan Çempionlar Liqasının mümkün qalibləri barədə danışarkən PSJ və “Bayern”i favoritlər sırasında göstərib, “Barselona”nın da sürpriz edə biləcəyini deyib. Bununla yanaşı, çempionluq arzusunu dilə gətirərkən “Atletiko Madrid”in qalib gəlməsini istədiyini bildirib.
Aydın