
Azərbaycanın dünyəvi dövlət modeli ölkənin tarixi inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və müasir dünyaya inteqrasiyasında mühüm rol oynayır. Müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların birgə yaşaması, dini etiqad azadlığının və hüquq bərabərliyinin Konstitusiya ilə təmin olunması Azərbaycanın dünyəvilik ənənələrinin əsas xüsusiyyətlərindəndir. Bu model həm milli kimliyin qorunmasına, həm də cəmiyyətdə qarşılıqlı hörmət, tolerantlıq və birgəyaşayış mühitinin möhkəmlənməsinə xidmət edir.
Bəs Azərbaycanın dünyəvilik ənənələrinin əsas üstünlükləri hansılardır və bu prinsiplərin qorunması üçün hansı addımlar atılmalıdır?
Tarixçi alimin fikrincə, dünyada baş verən bir çox münaqişələrin kökündə dini, məzhəb və etnik məsələlər dayanır. Belə şəraitdə dünyəvi dövlət modeli radikallıqdan uzaq, sülhə və elmi inkişafa əsaslanan alternativ kimi çıxış edə bilər. Bununla belə, o, Azərbaycanın tarixi təcrübəsi ilə hazırkı vəziyyət arasında fərqlərin olduğunu düşünür:
"Azərbaycanın 1918-20-ci illərdə mövcud olan Cümhuriyyəti daha çox belə model idi və bunu həmin dövrdə rəsmi şəxslərin çıxışlarında, verilən qərarlarda və bərabər imkanların yaradılmasında görə bilərik".
Tarixçi alim Azərbaycanın dünyəvilik ənənələrinin milli və dini dəyərlərin inkarı üzərində qurulmadığını vurğulayıb. O, ölkənin modelinin həm dini dəyərlərin qorunmasını, həm də dövlət idarəçiliyinin hüquqi prinsiplər əsasında həyata keçirilməsini nəzərdə tutduğunu bildirib:
"Qanunlar və fərman, sərəncamlara, keçirilən konfrans və beynəlxalq mütəxəssislərin gözü ilə baxsaq, Azərbaycanın dünyəvilik ənənələri milli və dini dəyərləri rədd etməyən, əksinə, onları cəmiyyətin mənəvi zənginliyi kimi qəbul edib hüquqi çərçivədə qoruyan fərqli bir toxunulmazlıq modelidir. Bu model nə Qərbin dindən tamamilə təcrid olunmuş sərt sekulyarizminə bənzəyir, nə də Şərqdəki teokratik idarəetmələrə".
Alim dini savadsızlığın radikal meyillərin artmasına şərait yarada biləcəyini düşünür. O hesab edir ki, məktəblərdə dinlərin tarixinin və mənəvi dəyərlərin neytral, peşəkar şəkildə öyrədilməsi dini biliklərin yoxlanılmamış internet mənbələrindən əldə edilməsinin qarşısını almağa kömək edə bilər:
"Əgər dövlət məktəblərində dinlərin tarixi və mənəviyyat dərsləri tam neytral və peşəkar şəkildə keçirilməzsə, uşaqlar dini bilikləri internetdən, yoxlanılmamış videolardan və ya gizli hücrələrdən öyrənəcəklər. Dövlət təhsil sistemini mütləq təkmilləşdirməlidir ki, dünyəvi model daha güclü olsun və örnək kimi göstərilsin".
Zaur Əliyev Azərbaycanın dünyəvilik ənənələrinin tarixi və mədəni xüsusiyyətlərlə də bağlı olduğunu bildirib. Onun sözlərinə görə, müxtəlif dini və etnik mənsubiyyətli insanların birgə yaşaması, qadına hörmət və milli kimlikdən asılı olmayaraq, bərabər münasibət ölkənin fərqləndirici cəhətlərindəndir:
"Azərbaycan Şərq ölkəsidir, Qafqazda yerləşir və dünyada dünyəvi söhbəti olmayanda burada ənənələr də, mental dəyərlər var idi. Qadına hörmət, milli kimlikdən asılı olmayaraq birgə yaşam, keçmişdən gələn və dinə aid olmayan bayramlar, bərabər imkanlar və s. ölkəmizdə olub və biz hər zaman bu fərqliliyə görə seçilmişik. İnanıram ki, belə də qalıb və davam edəcək. Bu prinsipin qorunması üçün isə mütləq şəkildə təhsil inkişaf etməlidir, savadlı insanların dinlə bağlı mövqeləri önə çəkilməlidir. Bu yoxdursa, İran da, Ərəbistan da və digərləri də din adı altında ideoloji təzyiqlərini burada aparacaq".
Tarixçi alim Azərbaycanın dini müxtəliflik və birgəyaşayış təcrübəsini də dünyəviliyin əsas üstünlüklərindən biri hesab edir. O, Bakıda məscid, kilsə və sinaqoqun yanaşı fəaliyyət göstərməsini ölkənin bu sahədəki ənənələrinin göstəricisi kimi qiymətləndirib:
"Xarici jurnalistlər və diplomatlar Bakıya gəldikdə çox vaxt bir məhəllədə məscid, kilsə və sinaqoqun yanaşı fəaliyyət göstərməsini tədqiq edirlər və bu bizim ən böyük dünyəvi üstünlüyümüzdür. Amma onun içinə nəzarət etmək üçün də savadlı kadrların olmalıdır".
Günay İlqarqızı