
Rusiyaya məxsus gəmidə çalışan dənizçi narkotik vasitəni gömrük nəzarətindən gizli keçirməyə görə məhkum edilib.
Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, lakin cəza 3 il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq olunub.
Məhkəmə araşdırması zamanı məlum olub ki, 1973-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olan şəxs Rusiya bayrağı altında üzən və Rusiyaya məxsus şirkətin balansında olan “Mirvari” gəmisində işləyib.
İttihama əsasən, o, Ələt qəsəbəsində marixuana əldə edib. Narkotik vasitənin bir hissəsini gəmidə istifadə etdikdən sonra qalan hissəsini “Keno Club” yazılı siqaret qutusunda, şalvarının sol cibində saxlayıb.
Hadisə gəmi Türkmənistana yola düşməyə hazırlaşarkən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verib. Gömrük yoxlaması zamanı xidməti itin dənizçinin kayutunda reaksiya verməsindən sonra onun üzərində şəxsi yoxlama aparılıb. Nəticədə siqaret qutusunun içərisində gizlədilmiş 0,169 qram qurudulmuş marixuana aşkarlanıb.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib və əməlindən peşman olduğunu bildirib. O, narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, satmaq və ya başqasına vermək niyyətinin olmadığını deyib.
Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edib. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmaması, peşmanlığı, müsbət xarakterizə edilməsi, ailəli və üç uşaq atası olması, eləcə də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınaraq cəza şərti tətbiq olunub.
Hökmə əsasən, məhkum sınaq müddətində probasiya orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişə bilməz. Bundan başqa, 240 manat ekspertiza xərcinin ondan tutulması, maddi sübut kimi saxlanılan marixuananın və siqaret qutusunun isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınıb.
Aydın