
Hörmüz boğazı qarşıdakı beş il ərzində qlobal enerji təchizatı üçün əvvəlki strateji əhəmiyyətini itirə bilər. HSBC Group-un rəhbəri Jorj Əlhedəri bunun səbəbini Fars körfəzi regionunda alternativ nəqliyyat və enerji marşrutlarına yatırımların artması ilə izah edib.
Qaynarinfo xəbər verir ki, Əlhedəri bu barədə Dubayda keçirilən HSBC Future forumunda danışıb.
Onun sözlərinə görə, ABŞ-İran münaqişəsi dünya iqtisadiyyatının Hörmüz boğazından nə dərəcədə asılı olduğunu üzə çıxarıb. Münaqişədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın (LNG) təxminən beşdə biri bu boğaz vasitəsilə daşınırdı.
HSBC rəhbəri bildirib ki, yaranmış vəziyyət Fars körfəzi ölkələrini neft və qazı limanlara çatdırmaq üçün alternativ boru kəmərlərinin tikintisinə daha çox vəsait ayırmağa sövq edir. Bu infrastruktur gələcəkdə mümkün münaqişələrin enerji təchizatına mənfi təsirini azaltmağa kömək edə bilər.
Əlhedəri regionun böhrandan sonra bərpa olunaraq inkişafını davam etdirə biləcəyini və bunun böyük həcmdə investisiyalar tələb edəcəyini vurğulayıb. O, eyni zamanda, münaqişənin həllinə ümid etdiklərini bildirib.
HSBC-nin məlumatına görə, regionda planlaşdırılan infrastruktur layihələrinin ümumi dəyəri 1,4 trilyon dollara çatır. Yaxın Şərq, Şimali Afrika ölkələri və Türkiyə isə ayrı-ayrı müqavilələr çərçivəsində artıq 872 milyard dollarlıq investisiya təklif ediblər.
Bankın 1600 biznes rəhbəri və 820 iri institusional investor arasında keçirdiyi sorğular da Fars körfəzi regionunun beynəlxalq şirkətlər üçün cəlbedici investisiya mərkəzi olaraq qaldığını göstərir.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin ən mühüm dəniz marşrutlarından biridir. Alternativ boru kəmərlərinin və logistika yollarının inkişafı bu strateji keçiddən asılılığı azalda bilər, lakin onun əhəmiyyətinin nə dərəcədə dəyişəcəyi layihələrin reallaşmasından və regiondakı geosiyasi vəziyyətdən asılı olacaq.
Aydın