
Yəməndə davam edən münaqişə, yoxsulluq və ərzaq çatışmazlığı azyaşlı qızların həyatını daha da ağırlaşdırıb. Uşaq yaşlarında ərə verilən qızlar erkən hamiləlik, qidalanma çatışmazlığı və tibbi xidmətlərə çıxışın məhdudluğu ilə üzləşirlər. BMT-nin Əhali Fondunun (UNFPA) məlumatına görə, ölkədə milyonlarla insanın humanitar yardıma ehtiyacı var, qadınlar və qızlar isə böhranın ən ağır nəticələrini yaşayırlar.
Qaynarinfo xəbər verir ki, UNFPA-nın yaydığı məlumatda Yəməndə azyaşlı yaşlarında ailə qurmağa məcbur edilən qızların üzləşdiyi çətinliklərdən bəhs olunur.
Məlumata görə, Fatimə adlı qız cəmi 13 yaşında özündən böyük bir kişi ilə evlənməyə məcbur edilib. İki il sonra o, əkiz qız uşaqları dünyaya gətirib.
“Digər qızlar kimi məktəbə getməyi arzulayırdım. Lakin uşaqlığımı yaşamağa fürsət tapmamış həyat yoldaşı, analığın nə demək olduğunu tam anlamadan isə ana oldum”, – Fatimə UNFPA-ya danışıb.
Hazırda 20 yaşı olan qadının sözlərinə görə, münaqişə başlamazdan əvvəl ailəsi sadə, lakin sabit həyat sürüb. Ancaq illərlə davam edən böhran onların həyatını alt-üst edib. Münaqişə nəticəsində çoxsaylı tibb müəssisələri fəaliyyətini dayandırıb, iqtisadiyyatın zəifləməsi isə yoxsulluğun və aclığın geniş yayılmasına səbəb olub.
UNFPA-nın Əl-Hudeydə qubernatorluğunda dəstəklədiyi təhlükəsiz məkanda çalışan məsləhətçi Riham Həzbar bildirib ki, xüsusilə erkən yaşda ailə quran hamilə qızlar arasında qidalanma çatışmazlığı halları artıb. Onun sözlərinə görə, tibbi yardım üçün müraciət edən qadınların çoxu qanazlığı, aşağı çəki və ciddi halsızlıqdan əziyyət çəkir. Gənc yaşda hamiləlik isə orqanizmin əlavə ehtiyaclarını qarşılamağı daha da çətinləşdirir.

Hamilə qızlar aclıq və tibbi xidmət çatışmazlığı ilə üz-üzədir
Yəmən dünyanın ən ağır humanitar böhranlarından birini yaşamaqda davam edir. UNFPA-nın məlumatına əsasən, 2026-cı ildə ölkədə yarısı qadınlar və qızlar olmaqla, 22 milyondan çox insan təcili humanitar yardım və müdafiəyə ehtiyac duyur.
Ölkədəki tibb müəssisələrinin üçdə ikisindən azı tam fəaliyyət göstərir. İşləyən müəssisələrin isə cəmi 20 faizi ana sağlamlığı xidmətləri təqdim edir. Qurumun hesablamalarına görə, Yəməndə 1,3 milyon hamilə və süd verən qadın qidalanma çatışmazlığından əziyyət çəkir. Onların 100 mini məcburi köçkün vəziyyətindədir.
Əbyən qubernatorluğunda çalışan tibb işçisi Amira bildirib ki, bir çox qadın müayinələr, dərmanlar və qida əlavələri üçün vəsait tapa bilmir. Bəzi ərazilərdə sosial məhdudiyyətlər də qızların vaxtında tibbi yardım almasına mane olur. Bununla yanaşı, həkim və tibbi avadanlıq çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır.
Qidalanma çatışmazlığı hamilə qadınlarda ağır qanazlığına, çəki itkisinə və halsızlığa səbəb olmaqla yanaşı, vaxtından əvvəl doğuş və doğuş zamanı qanaxma riskini artırır. Bu vəziyyət ana südünün azalmasına, körpələrin aşağı çəki ilə dünyaya gəlməsinə və müxtəlif xəstəliklərə tutulma ehtimalının yüksəlməsinə də gətirib çıxara bilər.
Amiranın sözlərinə görə, bir çox hamilə qadın tibb müəssisələrinə yalnız hamiləliyin son mərhələsində və ya ciddi ağırlaşmalar yarandıqdan sonra müraciət edir. Halbuki vaxtında tibbi nəzarət bir sıra təhlükələrin qarşısını ala bilər.
UNFPA-nın məlumatına görə, Yəməndə qadınların yarısından azı tibb müəssisələrində doğuş edir, təxminən 30 faizi isə hamiləlik müddətində heç bir tibbi nəzarət almır. Ölkə regionda ana ölümü göstəricisinin ən yüksək olduğu dövlətlərdən biridir.
Müntəzəm müayinələrin əhəmiyyəti barədə məlumat çatışmazlığı, eləcə də qadınların həkimə getmək üçün ərlərinin və ya ailə üzvlərinin razılığından asılı olması da problemi dərinləşdirir. Bəzi hallarda xəstəxanaya çatmaq üçün nəqliyyatın olmaması və ailələrin yol xərclərini ödəyə bilməməsi tibbi müdaxiləni gecikdirir.

8 yaşında məktəbi atdı, 15 yaşında ərə verildi
Yəməndə erkən nikahların yaratdığı problemlər təkcə sağlamlıqla məhdudlaşmır. Uşaqların təhsil hüququndan məhrum edilməsi onların gələcək imkanlarını da ciddi şəkildə məhdudlaşdırır.
Əbyən qubernatorluğunun Əl-Məhraq kəndində yaşayan 19 yaşlı Dünya Adel buna nümunədir. İki yaşlı qızı olan Dünya ikinci övladına səkkiz aylıq hamilədir. O, uşaqlıqda müəllim olmaq arzusunda olsa da, ailəsi təhsil xərclərini qarşılaya bilmədiyi üçün cəmi 8 yaşında məktəbi tərk edib.
Dünya 15 yaşında özündən böyük bir kişi ilə evləndirilib.
“Mən hələ də uşaq kimi düşünür, hər bir gənc qız kimi arzular qururdum. Amma seçim imkanlarımın son dərəcə məhdud olduğunu hiss edirdim”, – deyə o bildirib.
Gənc qadın hamilə olduğunu öyrənəndə sevinc hissi ilə yanaşı, qorxu da yaşadığını söyləyib. Onun sözlərinə görə, özü hələ qayğıya və sevgiyə ehtiyacı olan bir uşaq ikən başqa bir uşağın məsuliyyətini daşımaq çətin olub.
UNFPA-nın məlumatına əsasən, Yəməndə təxminən 1,5 milyon qız məktəbə getmir. Bu, onların təhsil hüququnu məhdudlaşdırmaqla yanaşı, yoxsulluq və bərabərsizlik dövrəsindən çıxmaq imkanlarını da azaldır.
Ölkədə qızların təxminən üçdə biri uşaq yaşlarında ərə verilir. Məcburi köçkünlər arasında isə bu göstərici daha yüksəkdir. Eyni zamanda, əhalinin yarıdan çoxu kəskin ərzaq çatışmazlığı ilə üzləşir.

“Bəzən ertəsi gün qızıma nə yedirdəcəyimi düşünərək ac yatıram”
Dünya hazırda həm özünün, həm də övladlarının ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Təzə və qidalı ərzaq əldə edə bilmədiyindən halsızlıq və zəiflikdən əziyyət çəkən gənc qadın əvvəlcə qızının yeməyini təmin etməyə çalışır.
“Bəzən ertəsi gün ona nə yedirdəcəyimi düşünərək ac halda yatıram”, – deyə Dünya bildirib.
O, bir neçə dəfə həkim və mama müayinəsindən keçə bilsə də, tibbi xidmətlərin baha başa gəlməsi səbəbindən yalnız vəziyyəti dözülməz həddə çatanda yardım axtarıb.
Dünya UNFPA-nın dəstəklədiyi tibb mərkəzində qarşılaşdığı münasibətin ona müvəqqəti rahatlıq verdiyini söyləyib. Lakin həkimlərin təyin etdiyi ərzaq və dərmanları almağa maddi imkanının çatmaya biləcəyini düşünmək onu narahat edib.
“Bəzən evə problemimin real həllindən daha çox reseptlə qayıdırdım”, – deyə o qeyd edib.
Fatimənin vəziyyəti də oxşardır. Münaqişə zamanı ailəsi dəfələrlə yaşadığı yeri tərk etməli olub. Bir gecə sığındıqları düşərgəni sel basıb və onun əri sel sularına düşüb. Kişi sağ qalsa da, hadisədən sonra posttravmatik stress pozuntusundan əziyyət çəkməyə başlayıb. Bu vəziyyət onun işləməsinə və ailəsini dolandırmasına mane olub.
Nəticədə Fatimə həm ərinə, həm də iki azyaşlı qızına qulluq etməli olub. Üstəlik, yenidən hamilə olduğunu öyrənib. Çadırda yaşayan, sabit gəliri və tibbi xidmətlərə çıxışı olmayan ailə humanitar yardımdan asılı vəziyyətə düşüb.
Qidalanma çatışmazlığı və qanazlığından əziyyət çəkən Fatimə körpəsinin sağlamlığı üçün ciddi narahatlıq keçirdiyini bildirib.
“Özüm üçün qorxduğumdan daha çox körpəm üçün qorxurdum”, – deyə o vurğulayıb.

UNFPA yüz minlərlə insana yardım göstərib
Mövcud çətinliklərə baxmayaraq, UNFPA Yəməndə qadınlara və qızlara dəstək göstərməyə davam edir. Təşkilatın dəstəklədiyi təhlükəsiz məkanlarda qadınlar məsləhət, psixososial yardım və tibbi xidmətlərə yönləndirmə ilə yanaşı, təhsil proqramlarından da yararlana bilirlər.
Fatimə bu xidmətlərdən faydalanaraq tibbi müəssisəyə yönləndirilib və Yəmən Qadınlar İttifaqının təşkil etdiyi savadlılıq dərslərində iştirak etməyə başlayıb. Dünya da təhsilini davam etdirmək və yarımçıq qalan arzularına qayıtmaq istəyir.
“Şərait fərqli olsaydı, təhsilimi davam etdirər, müəllim olmaq arzumun ardınca gedər və övladlarım üçün daha yaxşı həyat qurardım”, – deyə Dünya bildirib.
UNFPA-nın məlumatına görə, təşkilat 2026-cı ilin əvvəlindən etibarən təxminən 400 min insana həyati əhəmiyyət daşıyan reproduktiv sağlamlıq və müdafiə xidmətləri göstərib. Bu fəaliyyət Avropa İttifaqının humanitar yardımı, həmçinin İslandiya, Yaponiya və Niderlandın maliyyə dəstəyi ilə həyata keçirilir.
Təşkilat Yəməndə qadınlar üçün təhlükəsiz məkanlar yaradır, fərdi dəstək, psixososial yardım və tibbi xidmətlərə yönləndirmə proqramları həyata keçirir. UNFPA, həmçinin ölkədə reproduktiv sağlamlıq dərmanlarının əsas təchizatçısıdır.
Qurumun 2026-cı ildə 3 milyondan çox insana həyati əhəmiyyət daşıyan reproduktiv sağlamlıq xidmətləri göstərməsi üçün 71,9 milyon ABŞ dollarına ehtiyacı var. Avqustun 27-dək bu məbləğin yalnız 13 milyon dolları əldə edilib. Beləliklə, maliyyələşmə ehtiyacının 80 faizdən çoxu qarşılanmayıb.
UNFPA vurğulayır ki, Yəməndə qadınların və qızların sağlamlığının qorunması, erkən nikahların nəticələrinin aradan qaldırılması və tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün beynəlxalq dəstəyin davam etdirilməsi vacibdir.
Qeyd: Qadınların məxfiliyini və təhlükəsizliyini qorumaq məqsədilə materialda bəzi adlar dəyişdirilib.
Aydın