
İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Kral Lir” tamaşasının məşqləri dayandırılıb. Qaynarinfo-ya daxil olan məlumata görə, buna səbəb teatrın sabiq direktoru İftixar Piriyevin tamaşada baş rolu ifa etməsi olub. Onun vəzifəsindən uzaqlaşdırılmasından sonra “Kral Lir”in səhnə taleyi qeyri-müəyyən qalıb.
Tamaşanın daha canlı alınması üçün baş rol ifaçısı saç və saqqal saxlayırdı. Lakin İftixar Piriyevin bu günlərdə sosial şəbəkə hesabında paylaşdığı yeni fotodan onun “Kral Lir” obrazı üçün saxladığı saç və saqqalla vidalaşdığı görünür.
Məsələ ilə bağlı İftixar Piriyevlə əlaqə saxladıq.
Aktyor Qaynarinfo-ya açıqlamasında tamaşanın məşqlərinin dayandırıldığını təsdiqləyib:
“Tamaşa tam hazırdır. Amma oynanılmadı. Bunun səbəbini tamaşanın rejissoru Elvin Mirzəyev bilər, ondan soruşun”.
Bəs İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Kral Lir” tamaşasını repertuardan çıxarıbmı?
Teatrın direktoru Hacıbala Məmmədov Qaynarinfo-ya açıqlamasında məsələ barədə məlumatlı olmadığını bildirib:
“Mən bu teatra təyin olunanda əsər repertuarda yox idi. Bildiyim bu qədərdir”.
Bahar Rüstəmli