
Açıq ürək əməliyyatı keçirən xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun səhhəti yaxşılaşır. Sənətçi oktyabrın 27-də işə qayıdacağını bildirib.
Aqil Məlikov bu barədə Qaynarinfo-ya danışıb.
“Milli Konservatoriyada müəllim kimi fəaliyyətimi davam etdirəcəyəm. Şükürlər olsun ki, yenidən dostlarımın arasına qayıdıram. İnsan bəzən inana bilmir ki, yenidən həyatdadır. Çox çətin əməliyyatdan çıxmışam. Özümü yaxşı hiss edirəm və səhhətimin düzəlməyə doğru getdiyini görürəm”, – deyə xanəndə bildirib.
Aqil Məlikov dostları və işi üçün darıxdığını da vurğulayıb:
“Dostlarım üçün darıxıram. Düzdür, evə gəlib-gedirlər, bir gün də olsun məni tək qoymayıblar. İş üçün də çox darıxmışam. İnsan evdən çıxanda özünü daha yüngül hiss edir”.
Qeyd edək ki, Aqil Məlikov iyulun 31-də açıq ürək əməliyyatı keçirib. Beş saat davam edən aorta-koronar şuntlama əməliyyatı zamanı onun ürəyində dörd damar dəyişdirilib.
Bahar Rüstəmli