Xəbər lenti

"Bayer Leverkuzen": Futbolun ən bəxtsiz klubu üç kuboku əlindən necə qaçırdı?
İdman08:15 20.10.2026

"Bayer Leverkuzen": Futbolun ən bəxtsiz klubu üç kuboku əlindən necə qaçırdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keçmiş “Bayer Leverkuzen” hücumçusu Dimitar Berbatovdan bir dəfə Zinəddin Zidanın 2002-ci il Çempionlar Liqasının finalında vurduğu qələbə qolunun Qlazqoda yaşadıqları məğlubiyyətin ağrısını bir qədər azaldıb-azaltmadığı soruşulmuşdu.

Bolqarıstanlı futbolçu belə cavab vermişdi: “Lənət olsun, xeyr! Heç nəyi yüngülləşdirmədi! Topun düşməsini izləyərkən Zinəddin Zidanın dərhal arxasında dayanmışdım. Bəzən qolun vurulacağını, Zidanın topa məhz etdiyi kimi zərbə endirəcəyini hiss edirsiniz. Amma mən sadəcə ‘Xeyr, xahiş edirəm, xeyr!’ deyə düşünürdüm”.

Berbatovun çarəsizliyini anlamaq çətin deyildi. Çünki Zidanın möhtəşəm vole zərbəsi Bundesliqada və Almaniya Kubokunda artıq ikinci yeri tutmuş “Bayer”in məyusluğunu daha da artırmışdı.

Baş məşqçi Klaus Topmöller “Hampden Park”da jurnalistlərə demişdi: “Bu mövsüm əldə etdiklərimizlə fəxr edirəm. Yenə ikinci olduq. Amma mövsümün əvvəlində kimsə bizə Çempionlar Liqasının finalına çıxacağımızı desəydi, onu dəli hesab edərdilər.

Qarşılaşdığımız problemləri nəzərə alsaq, əldə etdiklərimizin, demək olar ki, mümkünsüz olduğunu düşünürəm. Ancaq futbolda hər zaman haqq etdiyiniz nəticəni əldə etmirsiniz. Yaşadıqlarımızdan sonra bunu bizdən yaxşı heç kim bilə bilməz”.

Həqiqətən də, 2001–2002-ci il mövsümünün son ayına üç kubok qazanmaq arzusu ilə daxil olub, sonda bütün səylərinə baxmayaraq əliboş qalan “Bayer Leverkuzen” qədər qısa müddətdə belə böyük məyusluq yaşayan başqa bir komanda tapmaq çətin idi.

“Futbol dəlisi”

Klaus Topmöllerin “BayArena”dakı təsiri özünü çox gözlətmədi.

Topmöller “BayArena”ya cəmi bir il əvvəl gəlmişdi. Bundesliqada dördüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanan komandanın baş məşqçisi Berti Foqtsun istefaya göndərilməsindən sonra onun təyin olunması riskli qərar hesab edilirdi. Almaniya futbolunun əfsanələrindən biri olan Foqtsdan fərqli olaraq, Topmöller əvvəllər çalışdığı “Boxum” və ikinci divizion təmsilçisi “Zaarbrükken”də yaxşı nəticələr göstərsə də, ən yüksək səviyyədə özünü sübut etməmişdi.

Üstəlik, çox siqaret çəkən və içki içməyi sevən birinin “Leverkuzen”i idarə etmək üçün uyğun şəxs olub-olmadığı da müzakirə edilirdi.

Topmöller öz şəxsiyyəti və bacarıqları ilə bağlı şübhələrə belə cavab vermişdi:

“Mən futbol dəlisiyəm. Başqalarının qanında qırmızı və ağ qan hüceyrələri var. Mənim qanımda isə balaca futbol topları dolaşır!”

O, tənqidçilərini, xüsusilə də sələfini susdurmağa qərarlı idi.

“Foqts həmin vaxt televiziyada şərhçi işləyirdi. Mövsümün əvvəlində Bundesliqanı yeddinci yerdə başa vuracağımızı söylədi. Dedi ki, ‘Çempionluq və ya Çempionlar Liqasına vəsiqə qazanmaq üçün heç bir şansları yoxdur!’”

Topmöller sonradan “The Mirror” nəşrinə müsahibəsində belə danışmışdı.

O, özü konkret proqnoz verməkdən çəkinsə də, ilk mətbuat konfransında azarkeşlərə uğurlu olacaqlarına və tamaşaçılara zövq verəcəklərinə söz vermişdi. Onun nikbinliyi üçün əsaslar da az deyildi.

Robert Kovaçı “Bavariya”ya itirməsinə baxmayaraq, “Leverkuzen” güclü heyətinin əsas hissəsini qoruyub saxlaya bilmişdi. Tezliklə məlum oldu ki, Topmöller komandadakı istedadlardan maksimum yararlanmağı bacaran mütəxəssisdir.

“Bayer” Bundesliqa mövsümünə möhtəşəm başladı. Komanda 14 oyunluq məğlubiyyətsiz seriya ərzində mümkün 42 xaldan 36-nı topladı. Hücum futbolunun cəlbedici nümunəsini nümayiş etdirən “Leverkuzen” oyunun incəliklərini qiymətləndirən azarkeşləri də heyran edirdi.

Yeni il ərəfəsində alınan beş məğlubiyyət komandanı çempionluq yarışından uzaqlaşdıra bilərdi. Lakin “Leverkuzen” buna yeni məğlubiyyətsiz seriya ilə cavab verdi və çempionatın başa çatmasına cəmi üç tur qalmış Dortmund “Borussiya”sını beş xal qabaqlayırdı.

Həmin vaxt Topmöllerin komandası Almaniya Kubokunun finalına yüksəlmiş, daha da əhəmiyyətlisi, Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanmışdı.

Əslində, “Bayer” ikinci qrup mərhələsinin ilk oyununda “Yuventus”a 0:4 hesabı ilə uduzarkən Avropanın əsas mükafatına iddialı komanda təsiri bağışlamırdı. “Yuventus”un baş məşqçisi Marçello Lippi də oyundan sonra belə demişdi: “Leverkuzenlə qarşılaşmanın bu qədər asan keçəcəyini heç düşünməmişdim”.

Topmöller illər sonra “Werkself Magazine” nəşrinə açıqlamasında həmin sözlərin onu necə qəzəbləndirdiyini xatırlamışdı:

“Bu, məni həqiqətən də qəzəbləndirdi. Özümə söz verdim ki, ‘Leverkuzen’də bunun cavabını verəcəyik. 3:1 hesabı ilə qalib gəldik və mətbuat konfransında ilk cümləm belə oldu: ‘Yuventusla oyunun bu qədər asan keçəcəyini heç düşünməmişdim!’”

Növbəti həftə “Leverkuzen” “Riazor” stadionunda güclü “Deportivo La Korunya”nı məğlub edərək “Yuventus” və “Arsenal”ın da yer aldığı qrupu lider kimi başa vurdu.

Qrup mərhələsinin ilk hissəsində “Barselona”nı da məğlub etmiş “Bayer” buna baxmayaraq, dörddəbir final ərəfəsində turnirin əsas favoritlərindən sayılmırdı. Halbuki heyətində ulduz futbolçular az deyildi.

Ümumi tendensiyaya qarşı

Topmöllerin futbolçularla münasibəti Maykl Ballakdan maksimum yararlanmasına imkan verirdi.

Hans-Yorq Butt möhtəşəm qapıçı idi və penaltiləri də çox yaxşı yerinə yetirirdi. Yens Novotni ilə Lusio bir-birini əla tamamlayan mərkəz müdafiəçiləri cütlüyü yaratmışdı. Onların önündə çıxış edən Karsten Ramelov da müdafiə xəttinə effektiv dəstək verirdi.

Hücumda isə cinah müdafiəçisi Dieqo Plasente və cinah oyunçusu Ze Roberto sol tərəfdə sürətləri və driblinqləri ilə rəqiblərə ciddi problemlər yaradırdılar. Topmöllerin sözləri ilə desək, onlar “Avropada hər kəsin başını gicəlləndirirdilər”.

Yıldıray Baştürk də üç fərqli hücumçudan – Dimitar Berbatov, Ulf Kirsten və ya Oliver Noyvildən – hansının mərkəz hücumçusu seçilməsindən asılı olmayaraq, onları qol imkanları ilə təmin edirdi.

Bununla belə, “Leverkuzen”in ən məhsuldar və əsas futbolçusu Maykl Ballak idi. Çoxfunksiyalı yarımmüdafiəçinin həmin vaxt 25 yaşı vardı və o, karyerasının ən yaxşı dövrünü yaşayırdı.

Ballak klubun rəsmi saytına açıqlamasında belə demişdi: “Geriyə baxanda, bu, şübhəsiz ki, mənim üçün ən vacib mövsüm idi. Bəlkə də karyeramın ən yaxşı mövsümü”.

Bu uğurda Topmöllerin mühüm rolu vardı. Onun töhfəsi təkcə Ballaka hücuma qoşulmaq üçün mümkün qədər çox sərbəstlik verməklə məhdudlaşmırdı.

Qış fasiləsində bir çox klubun maraq göstərdiyi Almaniya millisinin üzvünün mövsümün sonunda azad agent kimi “Bavariya”ya keçəcəyi məlum oldu. Bəzi azarkeşlərin Ballaka münasibətinin dəyişməsi təəccüblü deyildi. Lakin Topmöller ulduz futbolçusuna dəstəyini əsirgəmədi.

“Çelsi”nin keçmiş ulduzu Ballak sonradan belə xatırlayırdı:

“Belə vəziyyətdə bir çox baş məşqçi fərqli davrana bilərdi. Klubdan ayrılacaq və mətbuatda əvvəlkindən daha çox tənqid edilən futbolçuya dəstək olmaq hər zaman gözlənilən davranış deyil. Toppi isə ümumi tendensiyaya qarşı çıxmaq demək olsa belə, inandığı fikirləri açıq şəkildə söyləyirdi.

Futbolçular baş məşqçinin səmimi olub-olmadığını anlayırlar. Toppi həm klub daxilində, həm də kənarda mənə dəstək oldu. Bununla da vəziyyət sakitləşdi. Bu, həm mənim, həm də komanda üçün çox vacib idi”.

Ballak Topmöllerin sarsılmaz dəstəyinə “Leverkuzen”in Çempionlar Liqasının finalına qədər uzanan tarixi yürüşündə möhtəşəm çıxışlarla cavab verdi.

Komanda dörddəbir finalda “Liverpul”u iki oyunun nəticəsinə görə 4:3 hesabı ilə məğlub edərkən Ballak iki qol vurdu. “Old Trafford”da “Mançester Yunayted”lə yarımfinalın ilk oyununda qeydə alınan 2:2 hesablı dramatik heç-heçədə də fərqləndi.

Topmöllerin fikrincə, “Leverkuzen” mövsümün ən yaxşı oyununu “Xəyallar teatrı” adlandırılan “Old Trafford”da keçirmişdi. Həmin qarşılaşma onun cəsarətli futbol fəlsəfəsini mükəmməl əks etdirirdi.

Bu oyun tərzi əvvəllər əczaçılıq şirkətinə məxsus olduğuna görə Almaniyada sevilməyən komandanı Avropa futbolunun sevimlilərindən birinə çevirmişdi.

“Mançester Yunayted” azarkeşləri çıxışımızı ayaq üstə alqışlayaraq qiymətləndirdilər. Bu, möhtəşəm təcrübə idi”, – deyə Topmöller xatırlayırdı.

“Əlbəttə, öz meydanımızdakı cavab oyununda 1:1 hesablı heç-heçə əldə edərkən inanılmaz dərəcədə bəxtimiz gətirmişdi. Çünki ‘Mançester Yunayted’ daha yaxşı komanda idi. Plasente oyunun sonlarına yaxın topu başla qapı xəttindən belə çıxarmışdı.

Amma final fitindən sonra özümü saxlaya bilmədim. Bu, inanılmaz idi! Finala çıxmışdıq. Meydana qaçdım və bütün dünyanı qucaqlaya bilərdim!”

“Daha yaxşı tərəf biz idik”

“Leverkuzen” Qlazqodakı gərgin finalda əlindən gələni etdi, lakin nəticəni Zidanın sehrli anı müəyyənləşdirdi.

Səfər qolları qaydası sayəsində “Mançester Yunayted”i mübarizədən kənarlaşdıran Topmöllerin komandası üçün yeganə problem mövsümün bu mərhələsində yorğunluq əlamətlərinin görünməsi idi.

“Leverkuzen” öz meydanında “Verder Bremen”ə, daha sonra səfərdə “Nürnberq”ə ardıcıl məğlub oldu. Komanda Dortmund “Borussiya”sının Bundesliqada onu qabaqlayaraq liderliyə yüksəlməsinə mane ola bilmədi.

2002-ci il mayın 4-də keçirilən son turda Ballakın iki qolu sayəsində “Bayer” “Herta Berlin”i 2:1 hesabı ilə məğlub etdi. Lakin Dortmund “Borussiya”sı da “Verder Bremen” üzərində eyni hesabla qələbə qazandı və çempionluğu bir xal fərqi ilə təmin etdi.

Beləliklə, cəmi altı mövsüm ərzində dördüncü dəfə “Leverkuzen” çempionatı ikinci pillədə başa vurdu.

Buna görə də növbəti həftəsonu “Şalke” ilə keçiriləcək Almaniya Kubokunun finalı ərəfəsində Topmöllerin komandası üzərində təzyiq xeyli artmışdı.

Berlin şəhərindəki finalda komanda bu təzyiqin öhdəsindən gələ bilmədi. Berbatovun qolu ilə hesabı açmasına baxmayaraq, Kirsten oyunun əsas vaxtının bitməsinə bir dəqiqədən bir qədər çox qalmış fərqi azaltdıqda hesab 4:2 idi.

“Leverkuzen”in iki dəfə məyus olmasından sonra mövsümün taleyi mayın 15-də keçiriləcək Çempionlar Liqasının finalında “Real Madrid”i məğlub etməkdən asılı qalmışdı.

Həmin vaxt Almaniyanın “Bild” qəzeti yazırdı: “Bu möhtəşəm komanda mövsümü əliboş başa vurmamalıdır. Futbol tanrılarının istəyi bu ola bilməz...”

Lakin Topmöller finaldan əvvəl Visente del Boskenin rəhbərlik etdiyi “Real Madrid”in “bütün sahələrdə Leverkuzenindən daha yaxşı” olduğunu açıq şəkildə etiraf etmişdi.

Üstəlik, komandanın iki vacib futbolçusu da finalda iştirak edə bilməyəcəkdi. Novotni zədə, Ze Roberto isə cəza səbəbindən meydana çıxmayacaqdı. Bundesliqa çempionluğunu əldən vermiş və özünəinamı sarsılmış komanda üçün bu, ağır zərbə idi.

Bu səbəbdən “Leverkuzen”in “Hampden Park”da səkkizinci dəqiqədə buraxdığı qoldan sonra dağılacağından ciddi narahatlıq vardı. Həmin qol Topmölleri xüsusilə qəzəbləndirmişdi.

Baş məşqçi belə demişdi: “Oyuna hazırlaşarkən Roberto Karlosun aut atışları barədə danışmaqdan dilimdə tük bitmişdi. Bu təhlükəni bilirdik. Amma Raulun hesabı 1:0 edən qolunda aut atışından sonra hazırlıqsız yaxalandıq”.

Bununla belə, “Liverpul”la dörddəbir finalda həlledici qolu vuran braziliyalı müdafiəçi Lusio cəmi altı dəqiqə sonra hesabı bərabərləşdirdi.

Zidan fasilədən az əvvəl vurduğu möhtəşəm qolla “Real Madrid”i yenidən önə keçirsə də, “Leverkuzen” mübarizəni dayandırmadı.

Ballak sonradan belə xatırlayırdı:

“‘Real Madrid’dən daha yaxşı fiziki vəziyyətdə idik. Bu da qəribə idi. ‘Mançester Yunayted’lə yarımfinalın cavab oyununda heyətimizdə, demək olar ki, heç bir seçim qalmamışdı. Ancaq iki həftə sonra keçirilən finalda özümüzü tam istirahət etmiş hiss edirdik.

Futbolda hər şeyi izah etmək mümkün deyil. ‘Real Madrid’lə oyunun son yarım saatını xatırlayanda onların ayaq üstə dayanmağa belə gücləri qalmadığını görürdüm. Oyuna tam nəzarət edirdik. Həmin vaxt hesabı bərabərləşdirsəydik, əlavə vaxtda qalib gələcəyimizə əmin idim”.

Lakin “Real Madrid” üstünlüyünü qorudu və üç mövsüm ərzində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi oldu.

Topmöllerin qarşısında isə ardıcıl üç sarsıdıcı məğlubiyyətdən sonra futbolçularını toparlamaq kimi çətin vəzifə qalmışdı.

O, belə deyirdi: “Çempionlar Liqasının finalından sonra ilk düşündüyüm bu oldu: ‘Lənət olsun, daha yaxşı oynadığımız üçün bu matçı qazanmalı idik!’

Amma sonra paltardəyişmə otağında komandaya möhtəşəm bir yol keçdiklərini söylədim. Həmin dövrdə Avropanın ən cəlbedici futbolunu oynayırdıq. Xaricdə də böyük rəğbət qazanmışdıq”.

Lakin bütün bunlar, ən azı klub rəhbərliyinin nəzərində, o qədər də əhəmiyyət daşımırdı.

“Leverkuzen”in idman direktoru Rayner Kalmund Qlazqodakı finaldan əvvəl belə demişdi: “Bu dünyada çempionluğunuz yoxdursa, heç bir dəyəriniz yoxdur”.

Bu baxımdan, Topmöllerin uğursuz nəticələrdən sonra 2003-cü ilin fevralında vəzifəsindən uzaqlaşdırılması kənardan baxanlar üçün o qədər də təəccüblü olmamalı idi.

“BayArena”dakı rəhbərliyin əsas məqsədi “Leverkuzen”i bir cür kubok qazana bilməyən komanda imicindən xilas etmək idi.

Ballak da sonradan klubun uğursuzluqlarla dolu keçmişinin çempionluq yarışının son mərhələsində futbolçuların üzərində ağır psixoloji yük yaratdığını etiraf etmişdi.

Buna baxmayaraq, Topmöller “BayArena”dakı dövrü ilə bu gün də fəxr edir və yaşananlara görə heç bir peşmanlıq hiss etmədiyini bildirir.

O, belə deyirdi: “Qazana bilmədiyimiz çempionluqlar üçün darıxmıram. Gənc olanda həmişə deyirdim ki, kuboklar məni maraqlandırmır, insanlara zövq verən oyunlar göstərmək istəyirəm. Futbol ilham verməlidir. Biz o zaman bunu bacarmışdıq”.

Berbatovun açıq şəkildə bildirdiyi kimi, bu yanaşma bir dənə də olsun kubok qazanmamağın yaratdığı məyusluğu aradan qaldırmırdı.

Bununla belə, Topmöllerin “Leverkuzen”i titullar qazana bilməsə də, izləməsi son dərəcə maraqlı olan komanda idi. Bəlkə də bu, özlüyündə böyük bir nailiyyət idi.

Mənbə: Goal.com
Tərcümə: Qaynarinfo