
Lesoto dünyada bütün ərazisi dəniz səviyyəsindən 1000 metrdən yüksəklikdə yerləşən yeganə müstəqil dövlətdir. Ölkənin yüksək dağlıq ərazisi onu xəritədə fərqləndirsə də, yerli sakinlər üçün məhsul yetişdirməkdən tutmuş yolların vəziyyətinədək gündəlik çətinliklər yaradır.
Qaynarinfo xəbər verir ki, bu barədə “National Geographic Polska” yazır.
Lesoto hər tərəfdən Cənubi Afrika Respublikasının ərazisi ilə əhatə olunub.
Ölkə ərazisinin 80 faizindən çoxu 1800 metrdən yüksəkdə yerləşir. Ən uca zirvə olan Tabana-Ntlenyana dağı isə 3482 metr hündürlüyə çatır.
Yerli relyef dərin dərələrdən, yaylalardan və dik yamaclardan ibarətdir. Nəşrin məlumatına görə, buna görə də dağlıq ərazilərdə məktəbə, tibb məntəqəsinə və ya bazara getmək üçün qət edilən qısa məsafə belə xeyli vaxt apara bilər. Qışda şaxtalar və qar yağışı müşahidə olunur, yayda isə güclü leysanlar əraziləri su altında qoyur və yolları dağıdır.
Dağlarda insanlar necə yaşayır?
Dik yamaclar əkinçilik üçün yararlı torpaqların sahəsini məhdudlaşdırır. Buna baxmayaraq, “National Geographic”in yazdığına görə, yerli sakinlər qarğıdalı, sorqo və buğda yetişdirir, həmçinin qoyun və keçi saxlayırlar. Məhz keçilər ölkənin dünyada tanınmasına səbəb olub. 2022-ci ildə Lesotonun payına dünyada istehsal edilən bütün moherin, yəni anqora keçisi yunundan hazırlanan lifin, təxminən 16 faizi düşüb. Bu göstəriciyə görə ölkə yalnız Cənubi Afrika Respublikasından geri qalıb.
Bununla belə, kənd təsərrüfatı ölkənin ümumi daxili məhsulunun cəmi 6 faizini təşkil edir, baxmayaraq ki, kənd yerlərində yaşayan bir çox ailənin əsas dolanışıq mənbəyidir. Bundan əlavə, məhsuldarlıq hava şəraitindən ciddi şəkildə asılıdır. Buna görə də hər il eyni nəticə əldə olunmur və ərzaq təhlükəsizliyi də dəyişkən olur.
Yağışdan sonra yoxa çıxan yollar
Lesoto dağlarında məsafənin qısa olması rahat səfərə zəmanət vermir. Nəşrin izahına görə, yamacların dikliyi, çaylar və yol şəbəkəsinin zəif inkişafı mağazalara, məktəblərə və xəstəxanalara çatmağı çətinləşdirir.
Yağışlı mövsümdə yolların bir hissəsi nəqliyyat üçün yararsız hala düşür, daşan çaylar isə kəndləri qonşu yaşayış məntəqələrindən ayırır. Dünya Bankı Tsuiñyane çayı yaxınlığında yaşayan icmaların problemlərini təsvir edib. Çayın suyunun qalxması insanların hətta gündəlik işləri üçün hərəkət etməsinə mane olurdu.
Su boldur, amma hamı üçün əlçatan deyil
Lesotonu bəzən “Cənubi Afrikanın su qülləsi” adlandırırlar. Çünki ölkənin dağları bütün regionu su ilə təmin edir. Lesoto Yüksəkliklərdə su layihəsi çərçivəsində Cənubi Afrika Respublikasına su satır və bundan gəlir əldə edir.
Lakin su ehtiyatlarının çox olması onun hər evdə mövcud olduğu demək deyil. Dağlıq ərazilərdə mürəkkəb relyef və bir-birindən uzaqda yerləşən kəndlər səbəbindən evlərə su kəmərlərinin çəkilməsi olduqca baha başa gəlir. Quraqlıqlar və güclü leysanlar da əlavə problemlər yaradır.
Hər şeydən uzaqda
Uzaq dağlıq ərazilərdə yaşayan insanlar yalnız xidmətlərə çatmaqda deyil, yetişdirdikləri məhsulları satmaqda da çətinlik çəkirlər. Dünya Bankının qiymətləndirməsinə görə, şəhərlərlə nəqliyyat əlaqələrinin zəif olması fermerlərin bazarlara çıxışını məhdudlaşdırır. Nəqliyyat xərclərinin yüksək olması isə ən çox ucqar ərazilərin sakinlərinə zərər vurur.
2016-cı il siyahıyaalınmasının nəticələrinə görə, ölkə əhalisinin təxminən üçdə ikisi kənd yerlərində yaşayırdı. Yoxsulluq məhz həmin ərazilərdə daha kəskin hiss olunur. 2017-ci ildə dağlıq kənd bölgələrində yaşayan insanların 67,8 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı.
İnsanlar hansı ölkələrdə daha xoşbəxtdirlər?
Bundan əvvəl meksikalı alimlər 93 ölkədə rifah səviyyəsini müqayisə edərək pişiklərlə bağlı gözlənilməz əlaqə aşkar ediblər. Məlum olub ki, ev heyvanlarının daha çox olduğu ölkələrdə insanlar, bir qayda olaraq, özlərini daha xoşbəxt hiss edirlər.
Belə ki, reytinqdə lider olan Finlandiya, Danimarka və İsveçdə hər 10 min nəfərə təxminən 1700–2000 pişik düşür.
Bununla yanaşı, pişiklərdən insanlara keçə bilən toksoplazma parazitinin geniş yayıldığı ölkələrdə xoşbəxtlik göstəriciləri, bir qayda olaraq, daha aşağıdır. Bu ölkələr arasında Livan, Yəmən, Qabon və Efiopiya da yer alıb.
Aydın