Xəbər lenti

Adil Qeybulla: "Əvvəlki səhiyyə nazirlərinin gördüyü işlər sıfıra bərabərdir"
Ölkə19:00 19.10.2026

Adil Qeybulla: "Əvvəlki səhiyyə nazirlərinin gördüyü işlər sıfıra bərabərdir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Mən geriyə baxanda görürəm ki, müstəqillik dövründə səhiyyə naziri olmuş şəxslərin, demək olar ki, heç biri Azərbaycan səhiyyəsində ciddi dönüş yarada bilməyib. TƏBİB-lə Səhiyyə Nazirliyinin ayrı qurumlar kimi fəaliyyət göstərdiyi dövrdə sonuncu nazir Teymur Musayevin də səlahiyyətləri xeyli məhdud idi. Ümumilikdə isə əvvəlki nazirlərin gördüyü işlər sıfıra bərabərdir. Çünki Azərbaycan səhiyyəsi yerində sayıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsinin əhəmiyyətindən danışarkən deyib.

Professor hesab edir ki, Azərbaycan səhiyyəsinin Qərb standartlarına uyğunlaşdırılması üçün sistemli islahatlara ehtiyac var:

“Səhiyyə Nazirliyi və tibb işçiləri əl-ələ verərək bu prosesdə iştirak etməlidirlər. Bu məsuliyyəti hamımız bölüşməliyik. TƏBİB əvvəlcə icbari tibbi sığorta sistemini qaydaya salmaq məqsədilə yaradılmışdı. Lakin sonrakı hadisələr göstərdi ki, eyni sahədə iki icra qurumunun fəaliyyət göstərməsi ümumi işi çətinləşdirir, səlahiyyət bölgüsündə problemlər yaradır və qurumlar arasında ziddiyyətlərə səbəb olur. Biz bunun şahidi olurduq”.

Adil Qeybulla hesab edir ki, nəhayət, Səhiyyə Nazirliyinin timsalında vahid idarəetmə mərkəzi formalaşdırılıb:

"Ancaq bununla məsələlər həll olunmur. Bütün xəstəxanaları vahid mərkəzdə birləşdirmək, onların arasında əlaqələndirməni təmin etmək, xəstəxanalardakı iş prosesini qaydaya salmaq, icbari tibbi sığorta sisteminin resurslarını bütün tibb müəssisələri üzrə düzgün bölüşdürmək, randevu sistemini yenidən qurmaq, klinik protokolları tətbiq etmək, rayonlarda həkimlərin fəaliyyətini stimullaşdırmaq, həkimlərin Azərbaycandan xaricə axınının qarşısını almaq və vətəndaş məmnunluğunu təmin etmək heç də asan məsələlər deyil”.

Professor vurğulayıb ki, sadalanan problemlərin həlli Azərbaycan səhiyyəsinin qarşısında duran əsas vəzifələrdəndir:

“Artıq vahid səlahiyyətli qurum var. İndi hansı nəticələrin əldə olunacağını görmək üçün zamana ehtiyac var”.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilib. Prezidentin sərəncamı ilə Anar Bayramov səhiyyə naziri təyin edilib. O, indiyədək TƏBİB-in sədri idi. Hazırkı səhiyyə naziri Teymur Yusif oğlu Musayev isə Azərbaycan Baş nazirinin müavini təyin edilib.

Bahar Rüstəmli