
Gitara ifaçısı Elnur İlhamoğlunun “WhatsApp” hesabı ələ keçirilib və onun adından tanışlarından pul istənilib.
Qaynarinfo xəbər verir ki, bu barədə gitara ifaçısı Rəhman Məmmədli məlumat verib. O, həmkarının hesabının ələ keçirildiyini və onun kontakt siyahısındakı şəxslərə pul istəmək məqsədilə mesajlar göndərildiyini bildirib.
Rəhman Məmmədlinin sözlərinə görə, mesajlarda Elnur İlhamoğlunun uşağının xəstə olduğu, özünün isə xəstəxanada olduğu qeyd edilərək 200 manat pul istənilib:
“Onun dostluğunda olan bütün insanlara müraciət olunub. “Uşaq xəstədir, xəstəxanadayam, mənə 200 manat pul göndərin” deyə mesajlar yazıb, pul istəyiblər. Elnurun belə şeylərə ehtiyacı yoxdur. Demirəm ki, imkanlı adamlardır, xeyr, amma o, belə işlərə gedən şəxs deyil”.
Rəhman Məmmədli məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib və vətəndaşları bu cür hallarda diqqətli olmağa çağırıb:
“Xahiş edirəm ki, bu məsələ ilə ciddi məşğul olsunlar. Hətta övladınız belə mesaj vasitəsilə sizdən pul istəsə, mütləq ona zəng edib bunu özündən soruşun”.
Qaynarinfo məsələ ilə bağlı Elnur İlhamoğlu ilə də əlaqə saxlayıb. Gitara ifaçısı hadisəni təsdiqləyib.
Bahar Rüstəmli


