
"Türkiyə-Azərbaycan münasibətləri tarixin dərinliklərindən gələn, iki qardaş xalqın iradəsinə söykənən əlaqələrdir. Tarixi təcrübə də göstərir ki, bu münasibətləri dini və ya dini-siyasi cərəyanlar vasitəsilə pozmağa çalışanlar sonda özləri məğlub olublar".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) müəyyən dini cərəyanı təmsil edə, gələcəkdə isə hakimiyyətə başqa siyasi-dini düşüncəyə malik qüvvələr gələ bilər:

"Lakin hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmağa çalışanları türk xalqı onu cəzalandıracaq. Fikrimcə, hazırda AKP-i hökuməti də elə bu cür fəaliyyətlə məşğuldur. Sosial şəbəkələrdə partiya funksionerləri, eləcə də prezidentin müşaviri səviyyəsində Azərbaycan əleyhinə açıqlamalar verilir və ölkəmizin daxili işlərinə müdaxilə edilir. Bu, Azərbaycana münasibətdə ədalətli mövqe deyil. Həmçinin, Türkiyə dövlətinin, xalqının mənafeyinə uyğun mövqe ola bilməz".
Deputat hesab edir ki, belə mövqe Türkiyəni də zəiflədir, Azərbaycanla münasibətlərə də ziyan vurur:
"Bu radikal islamçı, qeyri-ədalətli və qeyri-obyektiv mövqe ilə həmin siyasi partiyanın özünün nüfuzuna zərbə vurur".
Bahar Rüstəmli

