
Bəzi şəkərsiz çaylar qanda şəkərin səviyyəsini təbii yolla azaltmağa kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, “Verywell Health” nəşrinin yazdığına görə, bu, onların tərkibindəki müəyyən antioksidantlarla əlaqədardır.
Məqalənin müəllifi, səhiyyə üzrə magistr Kerri Madormo bildirib ki, bəzi məhsulların qanda şəkərin səviyyəsini azaltmaq qabiliyyəti həm artıq qan şəkəri yüksək olan insanlar, həm də diabetdən qorunmaq istəyənlər üçün vacibdir.
Ekspertin sözlərinə görə, qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa kömək edən çaylara yaşıl, qara, karkade və digər çaylar daxildir.
1. Yaşıl çay
Yaşıl çay antioksidantlarla zəngin, açıq rəngli içkidir. Ekspertin sözlərinə görə, onun tərkibində insulinə həssaslığı yaxşılaşdıra bilən katexinlər var.
Epihallokatexin-3-qallat (EGCG) adlı digər bir birləşmə isə qlükozanın qan dövranından hüceyrələrə daşınmasına kömək edir. “Nutrition Research” jurnalında dərc olunan araşdırmaya əsasən, bu proses qanda şəkərin səviyyəsini azalda və orqanizmin insulindən daha səmərəli istifadə etməsinə şərait yarada bilər.
“Diabetes & Metabolism Journal” nəşrində dərc olunan başqa bir araşdırma göstərib ki, yaşıl çay içmək və ya onun ekstraktını qəbul etmək qanda qlükozanın səviyyəsini azaltmağa, həmçinin 2-ci tip diabet və piylənmə riskini aşağı salmağa kömək edə bilər.
Nəşrin qeyd etdiyinə görə, yaşıl çayın faydalarından yararlanmaq üçün gündə ən azı dörd fincan içmək lazımdır.
2. Qara çay
Qara çayın tərkibində də yeməkdən sonra qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edən katexinlər var.
“Antioxidants” nəşrində dərc olunmuş araşdırmaya əsasən, qara və ya yaşıl çayın müntəzəm istehlakı diabet riskini azalda bilər. Qara çay, həmçinin diabetin ağırlaşmaları ehtimalını aşağı sala bilər.
3. Karkade çayı
Karkade çayı “Hibiscus sabdariffa” bitkisinin qurudulmuş çiçək ləçəklərindən hazırlanan, turşməzə dada malik bitki mənşəli içkidir. Tərkibində kofein yoxdur və ürək sağlamlığı üçün faydalı xüsusiyyətlərə malikdir.
Məqalənin müəllifinin sözlərinə görə, karkade çayı arterial təzyiqi aşağı sala, infarkt və insult riskini azalda bilər. Bundan əlavə, iltihabı zəiflətməyə və insulinə həssaslığı yaxşılaşdırmağa kömək edə bilər.
4. Darçın çayı
Məqalədə bildirilir ki, darçın çayı qanda şəkərin səviyyəsini azaltmağa kömək edə bilən, isidici və ədviyyatlı içkidir.
Darçın diabetli insanlar üçün faydalı xüsusiyyətləri ilə tanınır. Xüsusilə, insulinə həssaslığı artıra və qanda şəkərin səviyyəsinin kəskin yüksəlməsini ləngidə bilər.
Bir araşdırma göstərib ki, şirin içki qəbul etməzdən əvvəl təxminən 100 millilitr darçın çayı içmək qanda şəkərin səviyyəsini aşağı salıb.
5. Zərdəçal çayı
Məqalənin müəllifinin sözlərinə görə, zərdəçal iltihabəleyhinə və antioksidant xüsusiyyətləri ilə tanınır. Onun tərkibində qanda şəkərin səviyyəsini azaltmağa kömək edə bilən kurkumin adlı birləşmə var.
Araşdırmalardan biri kurkuminin müntəzəm qəbulunun qanda şəkərin və lipidlərin səviyyəsini azaltdığını göstərib.
Zərdəçal çayı zərdəçal tozundan hazırlanır. Nəşr vurğulayır ki, zərdəçal əlavələri qanda şəkərin səviyyəsini azaltmağa kömək edə bilsə də, çayın da eyni təsirə malik olub-olmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
6. Melissa çayı
Melissa çayı nanənin də daxil olduğu dalamazkimilər fəsiləsinə aid bitkidən hazırlanır. Bu çay təzə limon ətrinə malikdir və ekspertin fikrincə, qanda şəkərin səviyyəsini azaltmağa kömək edə bilər.
Araşdırmalar göstərir ki, melissa ekstraktı tərkibli əlavələrin qəbulu 2-ci tip diabetli insanlarda qanda şəkərin səviyyəsini və qlikasiya olunmuş hemoqlobinin (HbA1c) göstəricisini azalda bilər.
Bununla belə, məqalənin müəllifi melissa çayının da eyni xüsusiyyətlərə malik olub-olmadığını müəyyənləşdirmək üçün əlavə sübutların lazım olduğunu vurğulayıb.
7. Çobanyastığı çayı
Çobanyastığı çayı sakitləşdirici xüsusiyyətləri ilə tanınır və daha tez yuxuya getməyə kömək edə bilər. Bu, xüsusilə diabetli insanlar üçün əhəmiyyətlidir.
Məqalədə qeyd olunur ki, yuxu pozuntuları insulin səviyyəsinə mənfi təsir göstərə və insulin müqavimətinin yaranması riskini artıra bilər. Yuxunu yaxşılaşdırmaqla yanaşı, çobanyastığı çayı qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edə bilən iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
8. Zəncəfil çayı
Məqalənin müəllifinin sözlərinə görə, zəncəfil çayı isidici, ədviyyatlı və iltihabəleyhinə xüsusiyyətlərə malik içkidir. O, həmçinin 2-ci tip diabetli insanlarda qanda şəkərin səviyyəsini və qlikasiya olunmuş hemoqlobinin (HbA1c) göstəricisini azaltmağa kömək edə bilər.
Araşdırmalar göstərir ki, zəncəfil tərkibli əlavələrin qəbulu qanda şəkərin səviyyəsinə nəzarəti yaxşılaşdıra bilər. Bununla belə, zəncəfil çayının da oxşar faydalar verib-vermədiyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılmalıdır.
Aydın