Xəbər lenti

Corabla və ya corabsız yatmaq: Ekspertlər bunun yuxuya təsirini açıqladı
Sağlamlıq20:48 18.10.2026

Corabla və ya corabsız yatmaq: Ekspertlər bunun yuxuya təsirini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Corabla yatmaq daha tez yuxuya getməyə kömək edə, perimenopauzanın bəzi əlamətlərini yüngülləşdirə və ayaq dərisinin quruluğunu azalda bilər. Lakin bu vərdiş hər kəs üçün uyğun deyil. Həddindən artıq dar corablar və nəmin toplanması narahatlıq və dərinin qıcıqlanmasına səbəb ola bilər.

Qaynarinfo "Real Simple" nəşrinə istinadən ki, mütəxəssislərin fikrincə, ayaqların isidilməsi yuxuya hazırlıqda mühüm rol oynayan orqanizmin təbii termorequlyasiya prosesinə kömək edir.

"Yunara Life" şirkətinin baş həkimi Kreyq Zebuda bildirib ki, ayaqların isti olması orqanizmə artıq istiliyi daha səmərəli şəkildə xaric etməyə kömək edir. Nəticədə bədənin daxili temperaturu bir qədər aşağı düşür və bu, orqanizmin yuxuya keçməyə hazırlaşdığını göstərən siqnallardan biri hesab olunur.

Nevroloq və yuxu təbabəti üzrə mütəxəssis Monika Matur qeyd edib ki, araşdırmalar ayaqların isidilməsi zamanı yuxuya getmə müddətinin qısaldığını və yuxunun bəzi keyfiyyət göstəricilərinin yaxşılaşdığını göstərib.

Digər üstünlük perimenopauza – menopauzadan əvvəl baş verən hormonal dəyişikliklər dövrü ilə bağlıdır.

Maturun sözlərinə görə, bu dövrdə orqanizm daxili temperaturun dəyişməsinə daha həssas reaksiya göstərə bilər. Bu, istilik basmaları, dərinin qızarması və güclü tərləmə ilə müşayiət olunur.

Ayaqların isidilməsi orqanizmə artıq istiliyi daha tədricən xaric etməyə kömək edir.

Corab daban quruluğuna qarşı kömək edirmi

Corablar ayaq dərisinin quruluğu və dabanlarda çatlarla qarşılaşan insanlar üçün də faydalı ola bilər.

Matur yatmazdan əvvəl dəriyə nəmləndirici krem çəkməyi, daha sonra isə corab geyinməyi məsləhət görüb. Corablar nəmin dəridə qalmasına kömək edir və kremin yataq dəstinə keçməsinin qarşısını alır.

Bunun üçün təmiz, dərini sürtməyən və ayaqlara həddindən artıq təzyiq göstərməyən corablar seçmək vacibdir.

Kimlər corabla yatmamalıdır?

Əksər sağlam böyüklər üçün corabla yatmaq təhlükəsizdir. Bununla belə, mütəxəssislər bir neçə mühüm məqamı nəzərə almağı tövsiyə edirlər.

Həddindən artıq dar corablar narahatlıq yarada, dəridə iz buraxa və müəyyən hallarda normal qan dövranına mane ola bilər. Ayaqlar çox tərləyirsə, parça nəmi saxlaya və dərinin qıcıqlanması üçün şərait yarada bilər.

Gecə hansı corabları geyinmək daha yaxşıdır?

Mütəxəssislər nəmin dəridən uzaqlaşdırılmasına kömək edən, nəfəs alan materiallardan hazırlanmış boş corab modellərinə üstünlük verməyi məsləhət görürlər.

Seçim zamanı aşağıdakı xüsusiyyətlərə diqqət yetirmək lazımdır:

* Boş rezin. Corablar ayaqları sıxmamalı və dəridə dərin izlər buraxmamalıdır.

* Nəfəs alan parça. Material rahatlıq təmin etməli və həddindən artıq nəmlik yaratmamalıdır.

* Düzgün ölçü. Corablar dərini sürtməməli, barmaqları sıxmamalı və yuxu zamanı ayaqdan çıxmamalıdır.

* Təmizlik və quruluq. Hər gecə təmiz bir cüt corab geyinmək məsləhətdir.

Aydın