
İnsan orqanizmində olan qəhvəyi yağ toxuması bir sıra xəstəliklərin daha aşağı riski ilə əlaqələndirilib. 100 mindən çox insanın məlumatlarının təhlilinə əsaslanan araşdırmada bu yağ növünün aktiv olduğu şəxslərdə 2-ci tip diabet, yüksək qan təzyiqi, depressiya və təşviş pozuntularına daha az rast gəlindiyi müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri elmi araşdırmaya istinadən yazıb.
Qəhvəyi yağ əsasən boyun, qoltuqaltı və döş qəfəsi nahiyələrində yerləşir. Adi ağ yağ toxuması artıq enerjini ehtiyat kimi saxladığı halda, qəhvəyi yağ qandan şəkər və yağ turşularını qəbul edərək onları istilik istehsal etmək üçün istifadə edir. Beləliklə, orqanizmin enerji sərfiyyatına kömək edir.
Alimlərin sözlərinə görə, qəhvəyi yağın fəaliyyəti soyuğun təsiri, fiziki məşqlər və müəyyən hormonlar vasitəsilə aktivləşə bilər.
Qəhvəyi yağ təkcə maddələr mübadiləsinə təsir etmir
Əvvəllər bu yağ toxumasının əsasən körpələrdə bədən temperaturunu qorumağa xidmət etdiyi və erkən uşaqlıq dövründən sonra yoxa çıxdığı düşünülürdü. Lakin 2009-cu ilin sonunda aparılan mühüm araşdırmalar qəhvəyi yağın yetkin insanlarda da mövcud olduğunu təsdiqləyib.
Yeni tədqiqatda qəhvəyi yağ toxuması aktiv olan şəxslərdə 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskinin daha aşağı olduğu müəyyən edilib. Alimlər həmçinin bu yağ növünün aktivliyi ilə depressiya və təşviş pozuntularının daha az yayılması arasında əlaqə aşkarlayıblar.
Rokfeller Universitetinin həkim və tədqiqatçısı Nikolas Qomes-Banoy ehtimal edir ki, bunun səbəbi qəhvəyi yağı aktiv olan insanlarda maddələr mübadiləsinin daha sağlam vəziyyətdə olmasıdır. Bununla belə, psixi sağlamlıqla bağlı əlaqənin mexanizmləri hələ tam aydın deyil.
Nəticələr hələ əlavə araşdırma tələb edir
Mütəxəssislər xəbərdarlıq edirlər ki, tədqiqatın nəticələri qəhvəyi yağın birbaşa xəstəliklərin qarşısını aldığını sübut etmir. Araşdırma əvvəlki məlumatların təhlilinə əsaslandığından, səbəb-nəticə əlaqəsini təsdiqləmək üçün əlavə tədqiqatlar aparılmalıdır.
Alimlər qəhvəyi yağın fəaliyyətini artırmağın praktik yollarını da araşdırırlar. Soyuq mühitdə qalmaq hər kəs üçün uyğun deyil, bu məqsədlə istifadə oluna biləcək bəzi preparatların isə yan təsirləri ola bilər.
Tədqiqat zamanı diqqət çəkən məqamlardan biri də yüksək qan təzyiqini azaltmaq üçün istifadə olunan losartan preparatı ilə bağlı olub. Hüceyrə və heyvan modellərində bu dərmanın qəhvəyi yağın aktivliyini artırdığı müşahidə edilib. Lakin onun insanlarda eyni təsiri göstərib-göstərmədiyini müəyyənləşdirmək üçün əlavə araşdırmalar lazımdır.
Alimlər hesab edirlər ki, qəhvəyi yağın fəaliyyət mexanizmlərinin daha dərindən öyrənilməsi gələcəkdə bəzi xəstəliklərin profilaktikası və müalicəsi üçün yeni imkanlar yarada bilər.
Aydın