
2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndlər erməni işğalından azad edilib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Qaynarinfo xəbər verir ki, deputat Vüqar Bayramov Füzuli şəhərinin işğaldan azad edilməsinin altıncı ildönümü ilə bağlı rayonun sosial-iqtisadi inkişafına dair göstəriciləri açıqlayıb.
Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad edildikdən sonra Füzulidə qısa müddət ərzində genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhəri Qarabağın əsas hava nəqliyyatı qovşaqlarından birinə çevirib. İnfrastruktur layihələri, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və yeni investisiyalar rayonun iqtisadi aktivliyini əhəmiyyətli dərəcədə artırıb.

Deputat qeyd edib ki, Zəfərdən sonra Füzuli rayonunun iqtisadiyyatı təxminən 4 dəfə böyüyüb. 2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 191 milyon 923 min manat olduğu halda, hazırda bu göstərici 800 milyon manata çatıb.
Sənaye istehsalında da ciddi artım qeydə alınıb. Belə ki, 2020-ci ildə rayonda 18,2 milyon manatlıq sənaye məhsulu istehsal edildiyi halda, hazırda bu rəqəm 50 milyon manata yaxınlaşıb. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində isə məhsul istehsalı 87 milyon 872 min manatdan 146 milyon 896 min manatadək yüksəlib.
Yenidənqurma layihələri tikinti sektorunda da böyük artıma səbəb olub. Bayramovun məlumatına görə, bu sahədə 8 dəfədən çox artım qeydə alınıb və hazırda Füzulinin tikinti sektorunda 550 milyon manatlıq dəyər formalaşır.
Deputat vurğulayıb ki, vaxtilə işğal nəticəsində dağıdılmış və baxımsız vəziyyətə düşmüş Füzuli artıq regionun mühüm iqtisadi mərkəzlərindən birinə çevrilir. Zəngəzur dəhlizinin başlanğıc nöqtələrindən biri olan rayonun gələcəkdə nəqliyyat və logistika mərkəzinə çevrilməsi yeni iqtisadi imkanların və iş yerlərinin yaranmasına şərait yaradacaq.
Hazırda yenidən qurulan Füzuli şəhərində 3 100-dən çox sakin daimi məskunlaşıb. Şəhərin təsdiqlənmiş Baş Planına əsasən, 2040-cı ilədək Füzuli şəhərinin əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur.
Vüqar Bayramov qeyd edib ki, qarşıdakı illərdə Füzulinin Qarabağın ən böyük şəhərlərindən birinə çevrilməsi gözlənilir.