
Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur
Azərbaycanda 15-29 yaşlı kişilər arasında ölüm göstəricisi eyni yaş qrupunda olan qadınlarla müqayisədə 2.2 dəfədən çoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Məlumata əsasən, 2025-ci ildə hər 100 min nəfər 15-29 yaşlı kişi əhaliyə 77.1 ölüm halı düşüb. Eyni yaş qrupunda olan qadınlar arasında isə bu göstərici 34.6 təşkil edib.
Ölüm səbəbləri üzrə statistikaya nəzər saldıqda, kişilər və qadınlar arasında ən böyük fərqin travmalar, zəhərlənmələr və xarici səbəblərin digər nəticələri ilə bağlı olduğu görünür. Belə ki, 2025-ci ildə hər 100 min nəfər gənc kişiyə bu səbəblərdən 41.2, qadına isə 10.4 ölüm halı düşüb.

Gənclər arasında ölümə səbəb olan amillər sırasında yer alan qan dövranı sistemi xəstəlikləri nəticəsində hər 100 min nəfər 15-29 yaşlı kişiyə 9.1, qadına isə 5.3 ölüm halı qeydə alınıb. Yenitörəmələrdən ölüm göstəriciləri isə hər iki cins üzrə yaxın olub. Belə ki, kişilər arasında hər 100 min nəfərə 3.8, qadınlar arasında isə 3.7 ölüm halı düşüb.
Beləliklə, 2025-ci ilin göstəriciləri 15-29 yaşlı kişilər arasında ölüm səviyyəsinin qadınlarla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərir. Xüsusilə travmalar, zəhərlənmələr və xarici səbəblərlə bağlı ölüm hallarındakı fərq diqqət çəkir.