
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə “HuffPost” nəşri yazır.
Yaş artdıqca orqanizmdə həm daxili, həm də xarici dəyişikliklər baş verir. Sonrakı yaş dövrlərində yuxu rejiminin dəyişməsinin əsas səbəblərindən biri də məhz budur.
Miçiqan Universitetinin psixologiya professoru Sindi Lastiq bildirib ki, yaşla bağlı dəyişikliklərin əksəriyyətində olduğu kimi, bu fenomenin də vahid səbəbi yoxdur. Bütün amillər bir-biri ilə əlaqəlidir.
Mütəxəssislər insanların yaş artdıqca niyə daha tez oyandıqlarının əsas səbəblərini təhlil edib, daha uzun və rahat yatmaq üçün hansı addımların atıla biləcəyini izah ediblər.
Daha erkən oyanmaq təbii qocalma prosesinin bir hissəsidir
Fiziki və psixi sağlamlığımızın digər aspektləri kimi, beyin də yaş artdıqca xarici təsirlərə qarşı daha az həssas olur.
Arizona Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin Yuxu və Sirkadiyalı Ritmlərin Tədqiqi Mərkəzinin direktoru, doktor Sayram Partasaratinin sözlərinə görə, yaşlandıqca beynin neyron əlaqələri daxil olan siqnalları əvvəlki kimi yaxşı qəbul edib onlara reaksiya verməyə bilər.
Bu siqnallara günəşin batması, gün işığı, yemək vaxtları, sosial amillər və fiziki aktivlik daxildir. Bütün bunlar insana günün hansı mərhələsində olduğunu anlamağa kömək edir və beynin 24 saatlıq sirkadiyalı ritminin hansı mərhələdə olduğunu müəyyənləşdirir.
Məsələn, gənc insanda axşam yeməyinin vaxtı beyinə bir neçə saat sonra yatmaq lazım olduğunu xatırlada bilər. Yaşlı insanlarda isə bu əlaqə zəifləyə bilər.
Partasaratinin qeyd etdiyi kimi, beyinə vaxtla bağlı siqnalları ötürməli olan sinir yolları da beynin özü kimi müəyyən dərəcədə zəifləyir. Bu siqnalları qəbul etmək qabiliyyətinin azalması yaşlı insanların övladları və nəvələri ilə müqayisədə daha tez yorulmasının səbəblərindən biridir. Nəticədə onlar daha tez yatır və özlərini tam dincəlmiş hiss edərək başqalarından əvvəl oyanırlar.
Gözlərimizin qəbul etdiyi işıq da mühüm rol oynayır
Sindi Lastiq bildirib ki, görmə qabiliyyətində yaşla əlaqədar baş verən dəyişikliklər beynin qəbul etdiyi işığın intensivliyini azalda bilər. Halbuki işıq bioloji saatın tənzimlənməsində və onun normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır.
Partasaratinin sözlərinə görə, bu, xüsusilə kataraktadan əziyyət çəkən insanlar üçün aktualdır. ABŞ Milli Göz İnstitutunun məlumatına görə, katarakta 80 yaşdan yuxarı amerikalıların 50 faizindən çoxunda müşahidə olunur. Bu xəstəlik görmənin bulanıqlaşmasına, ikili görməyə və digər görmə problemlərinə səbəb ola bilər.
Partasaratinin izahına görə, kataraktası olan insanın gözlərinə axşam işığı daha az daxil olur. Buna görə də beyin günəşin əslində olduğundan daha tez batdığını düşünə bilər.
Bu niyə vacibdir? Katarakta nəticəsində gözlərə daxil olan işığın azalması orqanizmin yuxu hormonu olan melatonini daha tez ifraz etməsinə səbəb ola bilər. Gənc insanlarda melatoninin səviyyəsi adətən günəş batdıqdan sonra yüksəlməyə başlayır. Məhz buna görə də bir neçə saat sonra yorğunluq hiss olunur.
Kataraktası olan insanlarda isə beyin günəşin artıq batdığını düşündüyündən yorğunluq axşam saatlarında daha tez yaranır. İnsan nə qədər tez yuxuya gedirsə, səhər də bir o qədər tez oyanır.
Bəzi araşdırmalar göstərir ki, kataraktanın cərrahi yolla aradan qaldırılması yuxunun keyfiyyətini və müddətini yaxşılaşdıra bilər. Bunun səbəbi gözlərdən beyinə ötürülən işıq siqnallarının yaxşılaşmasıdır.
Daha yaxşı yatmaq üçün hansı addımları atmaq olar?
Partasaratinin sözlərinə görə, bu problemlə üzləşən insanlar axşam saatlarında ekranlardan uzaq durmaq tövsiyəsinə istisna kimi yanaşa bilərlər. Əksinə, axşam saatlarında parlaq işıq altında olmaq faydalı ola bilər.
Bunun üçün günəş batmamış açıq havada gəzmək, parlaq ekranlı planşetdə kitab oxumaq, evdə süni işıqlandırmadan istifadə etmək və ya televizoru kifayət qədər parlaq ekranda izləmək mümkündür.
Mütəxəssis izah edir ki, parlaq işıq beyinə günəşin hələ batmadığı barədə siqnal göndərir və melatoninin ifrazını gecikdirir. Bu, bir qədər gec yatmağa və nəticədə daha gec oyanmağa kömək edə bilər.
Partasaratinin tövsiyəsinə əsasən, bu üsulları günəşin batmasına 30–60 dəqiqə qalmış sınamaq olar. Dəqiq vaxt ilin fəslindən və yaşadığınız ərazidən asılıdır.
Parlaq işıq altında keçirilməli olan vaxt insandan insana dəyişə bilər və uyğun rejimi müəyyənləşdirmək üçün müəyyən sınaqlar aparmaq lazım gələ bilər. Bununla belə, ekspert təxminən iki saatlıq işıq təsirini hədəfləməyi və günəş batdıqdan sonra da işıqlandırmanı davam etdirməyi tövsiyə edir.
Sindi Lastiq isə yatmazdan əvvəl spirtli içkilərdən uzaq durmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yatmazdan əvvəl içilən az miqdarda spirt insanı rahatlaşdıra bilsə də, əslində yuxunun keyfiyyətini pisləşdirir.
Fiziki məşqlər də yuxuya müsbət təsir göstərə bilər. Səhər günəş işığı isə bioloji saatın günəşin doğması və batması ilə uyğunlaşmasına kömək edir.
Ümumilikdə, yuxu rejiminin dəyişməsi həyatın təbii bir hissəsidir. Bu dəyişikliklərə səbəb olan amillərin bəzilərini idarə etmək mümkün olmasa da, sağlam vərdişlər vasitəsilə yuxunun keyfiyyətini yaxşılaşdırmaq və kifayət qədər dincəlmək mümkündür.
Aydın