
Qaynarinfo.az saytı "Gizli Azərbaycan" adlı layihəsini davam etdirir.
Layihənin məqsədi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.
Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı "Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftə keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.
Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?
Layihə çərçivəsində növbəti yazını təqdim edirik:
Elnur Astanbəyli
Böyük yazıçı, dramaturq və filosof Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib, yaxud hekayəti-Yusif şah” əsəri Azərbaycan ədəbiyyatında realist nəsrin ilk nümunəsi sayılır.
Əsərin məzmunu belədir: saray münəccimləri ulduzların toqquşacağını deyib şahın həyatına təhlükə olduğunu bildirirlər. Bu bədbəxtliyin qarşısını almaq üçün ulduzları aldatmağa qərar verilir: şah bir müddət taxtdan uzaqlaşdırılır, yerinə isə xalq arasından sadə biri – Yusif adlı bir yəhərçi (sərrac) “qurbanlıq” seçilir. Həmin şəxs qısa müddətdə ölkədə qayda-qanun yaradır, ədalətli iqtidar qurur. Lakin bu cür idarəçiliyə adətkərdə olmayanlar Yusifin hakimiyyətini hiddətlə qarşılayır, onu devirir və beləliklə, əvvəlki idarəetmə bərpa edilir.

Əslində isə Axundovun “Aldanmış kəvakib” əsərinin süjeti heç də sadəcə yazıçı təxəyyülünün məhsulu deyil. Böyük yazıçı bu uzun hekayəni (povest) qələmə alarkən Səfəvilərin ən məşhur şahlarından olan I Abbasın (Böyük Şah Abbas) hakimiyyəti zamanı baş verən bir hadisədən ilhamlanıb.
Düzü, Böyük Şah Abbas Azərbaycan tarixinin haqqında ən çox nağıl, rəvayət və digər folklor nümunələri (“Şah Abbasla kəndli qızı”, “Baftaçı Şah Abbas”, “Qızıl təsbeh”, “Şahın tədbiri”, “Ağıllı gəlin”, “Qoca və uşaq”, “Həsən Qara”, “Şah Abbasın oğlu” və s. ) dolaşan hökmdarlarından biri, bəlkə də, birincisidir. Professor Məhəmmədhüseyn Təhmasibin qeyd etdiyi kimi, “şifahi ədəbiyyatımızda çox geniş yer tutan bu adam gah tamamilə mənfi, gah tamamilə müsbət bir şah kimi təsvir edilir”. Onun fikrincə, xalq yaradıcılığındakı Şah Abbas obrazı real tarixi şəxsiyyətin – Şah I Abbasın prototipi olsa da, folklor qanunlarına əsasən ideallaşdırılmışdır.
Hərçənd Azərbaycan elmi tarixşünaslığının banisi Abbasqulu ağa Bakıxanov özünün "Gülüstani-İrəm" əsərində Şah Abbasa olduqca yüksək və müsbət qiymət vermişdir. O qeyd edir ki, Şah Abbas məmləkəti abad etməklə və rəiyyətin asayişini qorumaqla ad çıxarıb. Bakıxanov onun hazırlatdığı qanunların özündən sonrakı hökmdarlar üçün örnək olduğunu, bütün bunlar səbəbindən də xalq yaddaşında "adil" sifəti ilə qaldığını vurğulayır.
Azərbaycanın görkəmli səfəvişünası, professor Oqtay Əfəndiyev isə Şah Abbasın hakimiyyətə gəldiyi dövrdə dövlətin ağır böhran şəraitində olmasına diqqət çəkir və qeyd edir ki, Səfəvilər daxilindəki çəkişmələr, özbaşınalıqlar və xarici istilalar səbəbindən xanədanlıq məhv olmaq təhlükəsi qarşısında idi. O, şahın 1590-cı ildə Osmanlı dövləti ilə ağır şərtlər müqabilində də olsa sülh imzalamasını müdrik bir taktiki gediş sayır: şah bu yolla zaman qazanmış, daxili asayişi bərpa etmiş və sonradan itirilmiş Azərbaycan torpaqlarını geri qaytara bilmişdir.
Şübhəsiz ki, bütün bu sadalananlar xalq yaradıcılığında da Şah I Abbas obrazının önə çıxmasını şərtləndirib. Onunla bağlı çoxsaylı folklor nümunələrdən birində deyilir: bir gün Şah Abbasla vəziri səyahətə çıxırlar. Görürlər bir yerdə it hürür, bir yerdən işıq gəlir. İşıq gələn yerə gedirlər. Görürlər burda bir arvad hamilədir. Arvad doğur, qızı olur. Vəzir gülür. Şah Abbas soruşur ki, vəzir, niyə güldün?
Vəzir deyir:
– Bu qız sənin oğluna qismətdi.
Şah Abbas pul verib uşağı alır. Sonra da bir adama qızıl verir ki, apar bu uşağı meşədə it-bat elə.
Bir ovçu uşağı tapır, gətirib saxlayır. Qız böyüyür. Bir gün qız çaydan su gətirməyə gedir. Ayağı sürüşür, başmağının bir tayı düşür suya.
Şah Abbasın oğlu ova çıxıbmış. Çayın qırağından keçəndə görür ki, suyun üstü ilə gözəl hörməli, rəngbərəng bir qadın başmağı axır. Başmağı sudan çıxardır. Evə qayıdıb atasına deyir:
– Bu başmaq hansı qızın ayağına olsa, onu alacağam.

Şah Abbas oğlunu fikrindən daşındırmaq istəyir. Ancaq çifayda. . . Axırda çoxbilmiş bir qarını çağırtdırıb deyirlər ki, axtar tap görək bu başmaq hansı qızındı?
Qarı deyir:
– Filan yerdə bir ovçu yaşayır. O ovçunun bir qızı var, başmaq o qızın başmağıdı.
Qızı gətirirlər. Baxıb görürlər ki, başmaq düz onun ayağına görədir. Vəzirin sözü düz çıxır – həmin qız şah Abbasın oğluna qismət olur.
Haqqında onlarca bu cür rəvayətin, nağılın dolaşdığı Şah I Abbas haqqında söylənilənlərdən hansının doğru, hansının yanlış olduğunu söyləmək çətindir. Elə onun sadə geyimdə xalq arasında dolaşdığı barədə deyilənlər kimi!
Lakin bu mövzuya keçməzdən öncə Böyük Şah Abbasla bağlı başqa bir tarixi suala cavab tapmaq istərdik. Söhbət camaatın vəziyyətindən agah olmaq üçün onun hökmdar libasını çıxararaq sadə paltarda xalq arasına çıxması barədə yüzillərdir dolaşan və dillər əzbəri olan rəvayətlərdən gedir.
Şah Abbas doğrudanmı təğyir-libas olurdu?
Əslində xalq ədəbiyyatında şahların təğyir-libas olub, camaat arasına çıxması barədə rəvayətlərə çox rast gəlinir. Təğyir – ərəbcədən tərcümədə “dəyişmə, dəyişdirmə” deməkdir. Buradan da göründüyü kimi, təğyir-libas – paltarını, geyimini dəyişmək, dəyişdirmək anlamına gəlir.
Şahlar təğyir-libas olaraq paytaxtın küçələrinə, meydanlarına, bazarlarına çıxaraq, yaxud əyalətləri dolaşaraq – kəndləri, şəhərləri gəzərək hökmranlıq etdikləri ölkədə nə baş verdiyini, rəiyyətin necə yaşadığını öz gözləri ilə görmək istəyirdilər. Bu cür hökmdarlardan söz düşdükdə ilk ağla gələnlərdən biri isə Səfəvilər dövlətinin I Şah İsmayıldan sonra ən qüdrətli hökmdarı sayılan Şah I Abbasdır.
Tarixi mənbələrdə yer alan məlumatlardan belə aydınlaşır ki, Səfəvilərin V şahı olan və 42 il (1587–1629) boyunca hökmdarlıq taxtında əyləşən Şah I Abbas camaatın dolanışığına, məmurların əhali ilə rəftarına şahid olmaq üçün ya təkbaşına, ya da bir neçə nəfərlə birgə saraydan çıxırmış. Həmin vaxt qiyafəsini tamamən dəyişdirən (yəni təğyir-libas olan) şah istənilən zümrəyə məxsus insanlarla rahatca söhbətləşir, ölkənin gerçək durumundan xəbərdar olmağa çalışırdı.
Çağdaş Türkiyə tarixçiliyinin görkəmli nümayəndələrindən biri Cihad Aydoğmuşoğlu “Şah Abbas” adlanan qiymətli araşdırmasında yazır ki, I Abbasın bu xüsusiyyəti şifahi xalq yaradıcılığına da təsirsiz ötüşməyib: onun xalq arasında gəzib-dolaşmasına dair çoxlu rəvayətlər meydana çıxıb. Həmin rəvayətlərdən birində deyilir: günlərin bir günü şah yenə təğyir-libas olub camaat arasına çıxıbmış. Gəzintini başa vurduqdan sonra təndirçidən çörək, qəssabdan ət alıb saraya qayıdır. Aldıqlarını tərəzidə çəkdirir. Həm ətin, həm də çörəyin müəyyən olunmuş çəkidən əskik gəldiyini görüncə əsəbiləşir. Çörəkçini təndirə atmağı, qəssabı isə şişə keçirməyi əmr edir.

Başqa bir rəvayətə görə, bir gün Şah Abbas iki vəziri ilə – Şeyx Bəhayi və Mir Damədlə təğyir-libas olub gəzintiyə çıxır. Mir Damədin mindiyi at Şeyx Bəhayinin atından azacıq geri qalırdı. Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damədə yaxınlaşıb deyir:
– Görürsənmi, Şeyx Bəhayi bizi saymır, özünü bizdən üstün bilir. Ona görə də atını çapıb bizdən irəli düşüb.
Mir Daməd şaha belə cavab verir:
– Şeyx Bəhayidə günah yoxdur. Onun atı belində bu cür alimi gəzdirdiyi üçün sevincindən qanad açıb uçur, ona görə də bizdən irəli keçib.
Bir qədər sonra Şah Abbas bu dəfə atını sürüb Şeyx Bəhayiyə çatır və deyir:
– Mir Damədi görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə də özünü kənara çəkib, bizdən arxaya qalıb.
Şeyx Bəhayi isə belə cavab verir:
– Şah sağ olsun, Mir Damədin mindiyi at onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damədin atı necə böyük bir alimin yükünü çəkir. Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır.
Deyirlər ki, Şah Abbas öz vəzirlərinin bir yandan ağlına, o biri yandan da genişqəlbliliyinə görə çox sevinibmiş.
C. Aydoğmuşoğlunun yazdığına görə, Şah I Abbas yalnız paytaxtda yox, getdiyi başqa şəhərlərdə də təğyir-libas olmağı sevirdi. Qiyafəsini dəyişdirib xalqın arasına çıxır, camaatı danışdırır, onların şikayətləndiyi məmurları isə dərhal, elə yerindəcə cəzalandırırdı.
Bir çox tədqiqatçılar Şah Abbasla bağlı bu cür rəvayətləri xalqın “ədalətli şah” axtarışının təcəssümü hesab edir.
Yeri gəlmişkən, xalq arasında Şah I Abbas haqqında geniş yayılmış bir ifadə də var: “Şah Abbas cənnətməkan”. Həm bu ifadə, həm də tarixi mənbələrdə yazılanlar Səfəvilərin V şahının əhali arasında nüfuzundan, belə bir nüfuzu isə onun təğyir-libas olaraq daim camaat arasına çıxıb xalqın problemlərinə birbaşa şahidlik və müdaxilə etməsi nəticəsində qazanmasından xəbər verir.
Yeri gəlmişkən, I Abbasın təğyiri-libas olub xalq arasında dolaşmasına dair məşhur bir nağılımız da var. “Həsən Qaranın nağılı” adlanan həmin folklor nümunəsində hadisələr belə başlayır: bir gün Şah Abbas öz vəziri Allahverdi xanla birlikdə şam edərkən yemək qəflətən onun boğazında qalır. Şah bunu adi bir hadisə kimi qarşılamır. Düşünür ki, şəhərdə kimsə adam acdır, ya da çətin vəziyyətə düşüb, köməyə ehtiyacı var. Ona görə də ürəyi rahat olmur, vəzirə deyir ki, dərviş libası geyinib (təğyiri-libas olub) şəhəri gəzsinlər və xalqın vəziyyətini öz gözləri ilə görsünlər. Hər ikisi paltarlarını çıxarıb dərviş libası geyinirlər, kəşküllərini qızılla dolduraraq İsfahan küçələrinə çıxırlar. . . Maraqlıdır ki, nağılın başlanğıcı I Abbasın mərhəmətliliyinə dəlalət edirsə, sonradan o bizim qarşımıza amansız bir hökmdar obrazında çıxır. Bu təzad, ikiləşmə Səfəvilərin V hökmdarı ilə bağlı bir çox rəvayətə xasdır.

Əslində biz Azərbaycan folklorunda Şah I Abbas obrazını daha çox müsbət obrazda görürük. Folklorşünaslar xüsusilə onun ədalətli hökmdar kimi təqdim edilməsini bir neçə səbəblə bağlayır. Bunlardan biri şahın vaxtilə Azərbaycanda apardığı düzgün siyasət, camaata canıyananlıq göstərilməsi, eyni zamanda nəhəng quruculuq işlərinin (karvansaraların, körpülərin, qaraulxanaların, məscidlərin və mədrəsələrin tikilməsi, yolların, kanalların, su kəmərlərinin çəkilməsi) aparılmasıdır.
Bəzi nağıllarda isə Şah Abbas həm də mənfi obraz kimi verilir. “Məsələn, “Salehlə Valeh” nağılında onun ədalətsizliyi, divanxanalarda rüşvətxorluğu təsvir olunur. “Dərzi şagirdi Əhməd” nağılında da Şah Abbas müsbət verilmir. . . Bunlar müəyyən dərəcədə həqiqətlə səsləşir. Belə ki, tarixdə I Şah Abbasın ədalətli, xeyirxah işlərilə yanaşı, bəzən sərt tədbirləri və qəddar cəza üsulları da olmuşdur” – deyə filologiya üzrə elmlər doktoru, professor Yusif Səfərov vurğulayır.
İndi isə gələk Böyük Şah Abbasla bağlı ən məşhur (və müəmmalı! ) hadisəyə – Axundov kimi qüdrətli söz və fikir adamının ən yaxşı əsərlərindən birinə ilham qaynağı olmuş əhvalata!
Sərrac, yoxsa Tərkəşduz?
Tarixi qaynaqların yazdığına görə, Şah Abbasın hakimiyyətə gəlişinin 6-cı ilində, 1593-cü ildə qəribə hadisə baş vermişdi. Haqqında edam hökmü verilən Yusifi-Tərkəşduz (və ya Yusif Sərrac) adlı bir nəfər cəmi üç günlüyə taxta çıxmış, sonra isə öldürülmüşdü. Bəs bu hadisənin səbəbi nə idi?
Məsələ belədir: I Abbasın saray münəccimləri ulduzların və digər göy cisimlərinin hərəkətini izləyərək bu nəticəyə gəlmişdilər ki, Səfəvi ölkəsinin başı üstündə qara buludlar dolaşır, məmləkətə böyük bir bəla üz verəcək və padşah öldürüləcək. O dövrün məşhur münəccimi Mövlana Cəlaləddin şahın hüzuruna gələrək söylədi ki, bu bədbəxt hadisə üç gün ərzində baş verəcək.
Saray adamları toplaşıb çıxış yolunu müzakirə eləməyə başladılar. Axırda belə qərara gəldilər ki, həmin üç gün müddətində şahın yerinə edama məhkum edilənlər arasından bir nəfəri taxta çıxarsınlar. Təklif qəbul edildi. Öncə taxta əyləşdiriləcək adamı seçmək üçün ölüm cəzasına məhkum edilənlər arasında püşk atıldı. Püşkdən Yusif Tərkəşduzun adı çıxdı. “Tərkəş” fars mənşəli “tirkeş” sözündəndir, “oxqabı” deməkdir. “Tərkəşduz” isə oxqabı düzəldən usta mənasına gəlir.
Bir sözlə, Axundovun Yusifi yəhərçi (sərrac) olduğu halda, onun ilhamlandığı hadisənin baş qəhrəmanı Yusif oxqabı düzəldən idi. . .
Şah Abbasın başına bəla olan məşhur dərviş. . .
Yusif Tərkəşduz qəzvinli Xosrovun müridlərindən idi. Eyni zamanda, mülhid (Allahı inkar edən, dinsiz) sayılırdı. Onun atası da babası kimi kənkan (su quyusu qazan) idi. Xosrov bir müddət atasına işlərində kömək eləmiş, sonralar isə dərvişliyə və qələndəriliyə (tərki-dünyalığa) meyillənmiş, kəndləri, şəhərləri gəzib‐dolaşmağa başlamışdı. Bu səyahətlər zamanı nəqtəvi təriqətinin üzvləri ilə tanış olmuş, nəticədə həmin təriqətə maraq salmışdı. Sonra Qəzvinə dönərək məscidlərin birində guşənişin həyat keçirmiş, ətrafına xeyli dərviş yığmışdı.
Zaman keçdikcə Xosrovun şöhrəti hər tərəfə yayılmış, tərəfdarları çoxalmışdı. Nəhayət, bir gün onun adı Şah I Abbasın qulağına da çatmışdı. Xosrovu hüzuruna çağırtdıran hökmdar dərvişin fikirləri, məqsədləri ilə maraqlanmışdı. Cavabında Xosrov şiə məzhəbinə bağlı olduğunu, dinin xilafına heç bir iş görmədiyini, belə niyyətinin olmadığını söyləmişdi. Bundan sonra şah onu sərbəst buraxmış, ancaq qarşısında belə bir şərt qoymuşdu: Xosrov ətrafına adam toplamaqdan əl çəkməli idi!
Lakin I Abbasın xəbərdarlığına məhəl qoymayan Qəzvinli Xosrov gizli şəkildə öz işində idi. Nəticədə bir müddət sonra tərəfdarlarının sayı kəskin artan dərviş Qəzvində güc və nüfuz sahiblərindən birinə çevrilmişdi. I Abbas vəziyyəti belə görüb Xosrovu təqib etdirməyə başlamışdı. Adamlarına əmr eləmişdi ki, onu gözdən qoymasınlar, hər addımından xəbərdar olsunlar. Lakin bu da Qəzvinli Xosrovun öhdəsindən gəlmək üçün kifayət eləmədi. Axırda şah etibar etdiyi adamlarından birinə onu və tərəfdarlarını aradan götürməyi tapşırdı. Həmin vaxt Yusif Tərkəşduz da dərviş Xosrovun müridlərindən, onun alovlu müdafiəçilərindən biri idi.
Günlərin bir günü dərviş Xosrov bütün tərəfdarları ilə birlikdə həbs edildi. Onların çoxu, o cümlədən Yusif edama məhkum olundu.
Üçgünlük şah
Lakin onunla bağlı qərar münəccim Mövlanə Cəlaləddinin söylədikləri səbəbindən dəyişdirildi: zindandan çıxarıb şahın hüzuruna gətirildi. Şah məsələni ona anlatdı. Yusifin başına şahlıq tacı qoyuldu, əyninə gözəl libaslar geyindirildi. Ordunun bütün əmirləri və dövlət qulluqçuları onun əmrinə müntəzir oldu. Üç gün boyunca Yusifi gözəl bir atın belində təntənə ilə evdən divanxanaya, divanxanadan evə aparırdılar. Qəzvinli Xosrovun müridi görmədiyi günə düşmüşdü. Ömründə yemədiyi yeməklərdən yeyir, içmədiyi içkilərdən içir, həbsdə qaldığı günlərin ağrı-acısını canından çıxarırdı.
Şah I Abbasa gəlincə, o həmin üç gündə inanıb güvəndiyi bir neçə nəfərlə gəzintiyə çıxdı, dövlət işləri ilə qətiyyən maraqlanmadı. Münəccimbaşı Mövlana Cəlaləddin isə qorxurdu ki, Yusif bütün bu baş verənlərə görə fərman çıxarıb onu öldürtdürə bilər. Buna görə də aradan çıxmışdı.
Beləliklə, 1593-cü il avqustun 5-də şah taxtına əyləşən Yusifin hökmdarlığı avqustun 8-də başa çatdı. Saraya qayıdan I Abbas dedi: “Şəriətə görə bu adamın qətli, hakimiyyət sürmüş olsa belə, vacibdir. İki-üç gündən sonra Yusifin başını kəsin! ”. Şahın əmri yerinə yetirildi və Yusif Tərkəşduz edam olundu. Yusifin ardınca Qəzvinli Xosrov da “şəriət qayda-qanunlarına əməl etmədiyinə” görə edam edildi. . .
İstifadə olunmuş ədəbiyyat:
Azərbaycan nağılları, V cilddə, I-III cildlər, Bakı, “Şərq-Qərb”-2005
Təhmasib, M. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı-1972
Cihad Aydoğmuşoğlu, “Şah Abbas”, “Altun kitab” nəşriyyatı, Bakı-2024
Naxçıvan Müəllimlər İnstitutu. Elmi əsərlər, 2025, № 3
O. Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti XVI əsrdə, Bakı-1993
A. Bakıxanov, “Gülüstani-İrəm”, “Xatun Plyus” nəşriyyatı, Bakı-2010
