Xəbər lenti

Yuxudan susamış oyanmaq qanda şəkərin səviyyəsi barədə nə deyir? (ARAŞDIRMA)
Sağlamlıq22:50 13.10.2026

Yuxudan susamış oyanmaq qanda şəkərin səviyyəsi barədə nə deyir? (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhər yuxudan oyanan kimi güclü susuzluq hiss etmək əksər hallarda gecə ərzində maye qəbul edilməməsi ilə bağlıdır. Lakin bu hal hər gün təkrarlanırsa, qanda şəkərin səviyyəsindəki dəyişikliklərlə də əlaqəli ola bilər. Mütəxəssislər isə bu əlamətə görə panikaya düşməməyi tövsiyə edirlər.

Qaynarinfo-nun "EatingWell" nəşrinə istinadən məlumatına görə, orqanizmdə maye çatışmazlığı qanda şəkərin konsentrasiyasının artmasına səbəb ola bilər. Su azaldıqda qlükoza yox olmur, sadəcə qanın daha az maye həcmində cəmləşməsi onun konsentrasiyasını yüksəldə bilər.

Dietoloq Reyçel Acmeranın sözlərinə görə, orqanizm susuz qaldıqda qanda suyun miqdarı azalır və bu da qlükozanın, yəni şəkərin daha yüksək konsentrasiyada olmasına səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, gecə bir neçə saat ərzində maye qəbul edilmədiyindən səhərlər yüngül susuzlaşma tez-tez baş verir. Diabetdən əziyyət çəkən insanlarda bu səbəbdən acqarına ölçülən qanda şəkərin səviyyəsi gözləniləndən yüksək ola bilər. Yuxudan oyandıqdan sonra su içmək orqanizmdə maye balansının bərpasına kömək edir.

Dietoloq Amanda Roll qeyd edib ki, kifayət qədər maye qəbulu orqanizmin qanda şəkərin səviyyəsini tənzimləmək qabiliyyətini dəstəkləyir.

Diabetes & Metabolic Syndrome jurnalında dərc olunan meta-analizdə daha çox su içən insanlarda zamanla ikinci tip diabetin inkişaf riskinin daha aşağı olduğu müəyyən edilib. Bununla belə, nəşr vurğulayır ki, təkcə su içmək qanda şəkərin yüksəlməsinin qarşısını almır və yüksək şəkərin müalicəsi hesab edilə bilməz.

Bu prosesdə böyrəklər də mühüm rol oynayır. Acmeranın sözlərinə görə, qanda şəkərin səviyyəsi yüksəldikdə böyrəklər artıq qlükozanı sidik vasitəsilə xaric edir. Bu zaman orqanizm su da itirir. Nəticədə tez-tez sidiyə getmə və davamlı susuzluq yüksək qan şəkərinin əlamətləri sırasında yer ala bilər.

Beləliklə, qanda şəkərin yüksəlməsi orqanizmdə maye itkisini artırır, susuzlaşma isə daha güclü susuzluq hissinə səbəb olur. Bu əlamətlər xüsusilə səhərlər nəzərə çarpa bilər.

Frontiers in Endocrinology jurnalında dərc olunan sistematik icmalda da böyrəklərin artıq qlükozanı sidiklə xaric etməsi prosesi təsdiqlənib. Journal of the Association of Physicians of India jurnalında dərc olunan araşdırmada isə yüksək qan şəkəri ilə maye itkisi arasındakı əlaqəyə diqqət çəkilib.

Bununla belə, səhərlər ağız quruluğu və susuzluq həmişə qanda şəkərin yüksəlməsi demək deyil. Acmeranın sözlərinə görə, bu hal ağız açıq yatmaq, havanın quru olması, bəzi dərmanların qəbulu və gün ərzində kifayət qədər su içməməklə də bağlı ola bilər.

Nəşr qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq üçün onu müntəzəm yoxlamağı, yeməkləri mümkün qədər eyni vaxtda yeməyi, qida qəbulunu ötürməməyi, fiziki aktivliyi artırmağı və rasiondakı karbohidratların miqdarına diqqət yetirməyi tövsiyə edir. Şəkərli içkilərin adi su ilə əvəzlənməsi də faydalı vərdişlərdən biri hesab olunur.

Qeyd edək ki, səhərlər davamlı və güclü susuzluq hissi tez-tez sidiyə getmə ilə müşayiət olunursa, qanda şəkərin səviyyəsini yoxlamaq və həkimə müraciət etmək məqsədəuyğundur.

Günay