Xəbər lenti

Kafedə səs-küy salıb nəzarətçini döydü, həbs cəzası aldı
Ölkə21:13 13.10.2026

Kafedə səs-küy salıb nəzarətçini döydü, həbs cəzası aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda kafedə dava salaraq nəzarətçini döyən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qaynarinfo-nun məlumatına görə, 1988-ci il təvəllüdlü Bakı sakini Z.İ.Şükürovun 1 il 11 ay 29 günlük həbs cəzası qüvvədə saxlanılıb.

Hadisə 2025-ci ildə Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Rem-X Pub”da baş verib. Z.İ.Şükürov iki tanışı ilə birlikdə kafedə pivə içərkən səs-küy salıb. Nəzarətçi onlara irad bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb.

İttihama görə, üç nəfər nəzarətçini döyərək onun sağ göz nahiyəsində qançır, burun sümüyündə isə sınıq yaradıblar. Həmçinin kafedəki dəmir pilləkən qırılıb və obyektə 300 manat ziyan dəyib.

Zərərçəkmiş şəxs sonradan təqsirləndirilən şəxslərlə barışdığını, ona və obyektə dəymiş ziyanın ödənildiyini bildirərək şikayət və tələbinin olmadığını deyib.

Z.İ.Şükürov məhkəmədə özünü qismən təqsirli bilib və hadisənin qarşı tərəfin nalayiq ifadələrindən sonra baş verdiyini iddia edib. O, əvvəlki narkotik cinayətinə görə aldığı cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsə də, yeni cinayət törətdiyinə görə həmin qərar ləğv edilib.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib və 1 il 11 ay 29 günlük həbs cəzasını dəyişdirilmədən saxlayıb.

Aydın