
Necə sürətlə yeriməyiniz sağlam qocaldığınızı göstərə, hətta nə qədər yaşayacağınız barədə müəyyən ipuçları verə bilər. “JAMA” jurnalında dərc olunan, yaşı 65 və daha yuxarı olan 34 485 nəfərin məlumatlarının təhlili adi yerimə sürətinin yüksək olmasının daha uzun ömürlə əlaqəli olduğunu göstərib. Tədqiqatçıların müşahidələrinə görə, yerimə sürətinin saniyədə hər 0,1 metr artması ölüm riskinin nisbi olaraq 12 faiz azalması ilə əlaqəlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Men’s Journal” nəşri yazır.
Nəticələr daha sürətli yeriməyin ömrü uzatdığını sübut etmir. Bununla belə, gündəlik yerimə tempinin sağlamlıq vəziyyətini əks etdirə biləcəyinə işarə edir.
Yerimə sürəti qocalma prosesi haqqında niyə bu qədər məlumat verir?
Tədqiqatçılar doqquz araşdırmanın iştirakçılarını 6 ildən 21 ilədək izləyiblər. Yerimə sürəti onlara insanların ömür uzunluğu barədə mühüm məlumat verib. Bu göstərici hətta xroniki xəstəlikləri və sağlamlığın digər göstəricilərini nəzərə alan qiymətləndirmələrlə müqayisədə də əhəmiyyətli olub.
Alimlər yerimə sürətini “həyat gücünün sadə və əlçatan ümumiləşdirilmiş göstəricisi” kimi xarakterizə ediblər. Onların izahına görə, bu göstərici orqanizmdə bir neçə sistemin birgə fəaliyyətini əks etdirir.
Nəticəni əhəmiyyətli edən də məhz budur. Yerimək beyin, əzələlər, oynaqlar, ürək və ağciyərlər arasında koordinasiya tələb edir. Rahat yerimə sürətindəki dəyişikliklər adi tibbi müayinə zamanı dərhal nəzərə çarpmayan problemləri üzə çıxara bilər.
Araşdırma həmçinin göstərib ki, saniyədə ən azı bir metr sürətlə yerimək iştirakçıların yaşı və cinsi nəzərə alındıqda belə, gözləniləndən daha uzun ömürlə əlaqəlidir.
Hərəkət müstəqilliyi qorumağa kömək edir
Lakin düz xətt üzrə yerimək bütün məsələni əhatə etmir. Təsəvvür edin ki, izdihamlı səkidə hərəkət edir, yerə düşmüş budağın ətrafından dolanır və ya mətbəxdə qəfil istiqamətinizi dəyişirsiniz. Belə hərəkətlər tarazlıq, koordinasiya və istiqaməti dəyişmək bacarığı tələb edir.
ABŞ-ın Milli Qocalma İnstitutunda vurğulanır ki, fiziki aktivlik funksional bacarıqları qorumağa, yaşlı insanların gündəlik işlərin öhdəsindən gəlməsinə və müstəqilliklərini saxlamasına kömək edir.
Qeyd etmək vacibdir ki, “JAMA”da dərc olunan araşdırmada alimlər maneələr zolağından keçmə qabiliyyətini deyil, məhz yerimə sürətini ölçüblər. Buna görə də tədqiqatın nəticələri daha yaxşı çevikliyin daha uzun ömür vəd etdiyini sübut etmir.
Yaş artdıqca hərəkətliliyi necə qorumaq olar?
ABŞ-ın Milli Qocalma İnstitutu dözümlülük, güc və tarazlıq məşqlərini birləşdirməyi tövsiyə edir. Təklif olunan tarazlıq məşqləri arasında geriyə və ya yana doğru yerimək, dabanı digər ayağın barmaqlarına toxunduraraq addımlamaq, tay-çi və bir ayaq üzərində dayanmaq var.
Başlamaq üçün hər gün rahat tempdə gəzmək kifayətdir. Zamanla hərəkət istiqamətini nəzarətli şəkildə dəyişmək və tarazlıq məşqləri əlavə etmək olar. Bu hərəkətləri yerinə yetirərkən möhkəm dayaqdan istifadə etmək məsləhətdir.
Əgər yeriyərkən müvazinətinizi saxlamaqda çətinlik çəkirsinizsə, daha mürəkkəb hərəkətlərə başlamazdan əvvəl həkim və ya fizioterapevtlə məsləhətləşməyiniz daha məqsədəuyğundur.
Aydın