
"Abxaziya üzərindən Rusiya-Gürcüstan-Ermənistan avtomobil və dəmir yolu əlaqələrinin bərpasını nəzərdə tutan "Putin yolu" təşəbbüsü hələlik ideya və ekspert təqdimatı mərhələsindədir. Buna görə də onu TRIPP layihəsi ilə eyni statusda qiymətləndirmək düzgün olmaz".
Bunu siyasi şərhçi Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında deyib. Onun sözlərinə görə, bu iki marşrutun məqsədləri və funksiyaları da fərqlidir:
"TRIPP-in əsas funksiyalarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantı yaratmaqdır. Rəsmi çərçivə sənədi bu bağlantını Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında nəzərdə tutur. TRIPP, eyni zamanda, Şərq-Qərb marşrutunun əsas infrastruktur elementlərindən biri ola bilər. “Putin yolu” isə Ermənistanın və Gürcüstanın Rusiya ilə şimal istiqamətində nəqliyyat əlaqələrinin bərpasına hesablanıb. Gələcəkdə bu marşrut Şimal–Cənub nəqliyyat dəhlizinin mühüm infrastruktur elementinə də çevrilə bilər. Lakin onun açılması Azərbaycanın Naxçıvanla birbaşa bağlantı problemini həll etmir. Yəni coğrafi yerləşmə və funksional təyinat baxımından TRIPP, yaxud Zəngəzur bağlantısı ilə "Putin yolu" bir-birini əvəz etmir. Bu iki marşrut rəqib və ya alternativ layihələr deyil”.
Ekspert bildirib ki, Azərbaycan üçün əsas məsələ başqa bir yolun açılıb-açılmayacağı deyil, həmin yolun ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında bağlantının yaradılmasına, eləcə də Şərq-Qərb marşrutuna və Orta Dəhlizin inkişafına necə təsir göstərəcəyidir.

Qulamhüseyn Əlibəyli hesab edir ki, “Putin yolu” ideyasının real təşəbbüsə və konkret layihəyə çevrilməsi problemli, hətta indiki şəraitdə qeyri-mümkün görünür:
“İlk növbədə, nəzərə almaq lazımdır ki, bu marşrut Abxaziya ərazisindən keçməlidir. Abxaziyadakı dəmir yolu 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərmir. Rəsmi Tiflis üçün Abxaziya üzərindən tranzitin bərpası sırf texniki və ya iqtisadi məsələ deyil, ərazi bütövlüyü və suverenlik məsələsidir. Hətta Moskva ilə münasibətlərdə daha yumşaq mövqe tutan Gürcüstan hökumətinin belə bu addıma razılıq verməsi çətin görünür. Bundan başqa, layihənin maliyyə mənbələri, daşınması nəzərdə tutulan yüklərin həcmi, sığorta və təhlükəsizlik riskləri barədə açıq və əsaslandırılmış hesablamalar mövcud deyil. Bütün bunlar ideyanın iqtisadi və nəqliyyat məqsədləri ilə yanaşı, siyasi motivlərlə də gündəmə gətirildiyini düşünməyə əsas verir".
Siyasi şərhçi bildirib ki, “Putin yolu” ideyasının TRIPP layihəsinə birbaşa olmasa da, dolayı təsir göstərə biləcəyini istisna etmir:
"İlk növbədə, bu ideya Ermənistan üçün alternativ iqtisadi imkan təsəvvürü yarada və TRIPP-lə bağlı ölkədaxili müzakirələrə təsir göstərə bilər. Rusiya ilə əlaqələrin zəiflədilməsinin zəruriliyi barədə arqumentləri yumşaltmaqla Ermənistanın Moskvanın təsir dairəsində qalmasına xidmət edə bilər. Başqa sözlə, Ermənistanın Rusiyayönlü müxalifət qüvvələri bu ideyadan "alternativimiz var" arqumenti kimi istifadə edə bilərlər. Bu isə TRIPP ətrafında ictimai müzakirələri daha da gərginləşdirə və mürəkkəbləşdirə bilər".
Ekspertin sözlərinə görə, digər mühüm məsələ Ermənistanın dəmir yollarının idarəçiliyidir:
"Məlum olduğu kimi, Ermənistanın dəmir yolu infrastrukturu konsessiya müqaviləsi əsasında Rusiyanın idarəçiliyinə verilib. Ermənistan rəsmiləri TRIPP layihəsi çərçivəsində yaradılacaq dəmir yolu xətlərinin həmin konsessiyaya daxil olmayacağını bildirsələr də, bu məsələdə İrəvanla Moskva arasında fikir ayrılığının yaranması istisna deyil. Rusiya “Putin yolu” ideyasından istifadə edərək Ermənistanın dəmir yolu sisteminin idarəçiliyindəki mövqeyini əsas gətirə və TRIPP çərçivəsində dəmir yolu xətlərinin idarə olunması ilə bağlı çətinliklər yarada bilər. Layihənin əsas xətləri konsessiyadan kənarda qalsa belə, onun işləməsi üçün zəruri olan bəzi mövcud dəmir yolu sahələrinin yenidən qurulması və idarə olunması məsələləri Rusiyanın təsir imkanlarını qoruyub saxlayır. Nəticədə, onsuz da müəyyən gecikmələrlə üzləşən TRIPP layihəsinin tam icrası əlavə maneələrlə qarşılaşa bilər. Başqa sözlə, Moskvanın layihəyə təsir göstərmək və onun reallaşmasını ləngitmək üçün müəyyən faktiki rıçaqları hələ də qalır".
Siyasi şərhçinin fikrincə, “Putin yolu” TRIPP üçün real rəqib və alternativ olmasa da, onun ətrafında formalaşan informasiya mühiti və mümkün konsessiya mübahisələri vaxt itkisinə səbəb ola bilər:
“Rusiya ABŞ-ın regionda təsirinin artmasını arzuolunmaz hesab etsə də, bu prosesin qarşısını tam almağın çətinliyini nəzərə alaraq, fərqli strategiyaya üstünlük verə bilər. Moskva bir tərəfdən TRIPP layihəsinin icrasını ləngitməyə, digər tərəfdən isə yeni kommunikasiyalar açılarkən öz təsir imkanlarını qorumağa və həmin xətlərdən iqtisadi fayda götürməyə çalışa bilər. Hesab edirəm ki, Azərbaycan üçün əsas risklər də məhz bu məqamlarla bağlıdır. Alternativ marşrut ideyasından TRIPP üzrə qərarların qəbulunu yubandırmaq, bağlantının şərtlərini yenidən mübahisələndirmək və mövcud dəmir yolu idarəçiliyi vasitəsilə əlavə məhdudiyyətlər yaratmaq üçün siyasi əsas kimi istifadə edilə bilər. İqtisadi rəqabət riskini də nəzərdən qaçırmaq olmaz. Abxaziya marşrutu işlək vəziyyətə gətirilərsə, Ermənistan-Rusiya daşımalarının müəyyən hissəsi həmin istiqamətə yönələ bilər. Lakin bunun TRIPP-in kommersiya səmərəliliyini ciddi şəkildə zəiflədəcəyini indidən söyləmək mümkün deyil. Belə bir nəticəyə gəlmək üçün tarifləri, daşınma müddətini, sərhəd prosedurlarını, investisiya xərclərini və real yük həcmlərini müqayisə etmək lazımdır. Təbii ki, mövcud riskləri nəzərə alaraq, regionda hər yeni yolun açılmasını avtomatik təhlükə kimi qiymətləndirmək düzgün yanaşma deyil. Ərazi bütövlüyünə hörmət edən, şəffaf qaydalarla fəaliyyət göstərən və digər ölkələrin nəqliyyat bağlantılarını məhdudlaşdırmayan marşrutlar regionda iqtisadi fəallığı artıra bilər. Narahatlıq yalnız belə layihələr siyasi asılılığı möhkəmləndirmək və Azərbaycanın Naxçıvanla bağlantısının yaradılmasını gecikdirmək vasitəsinə çevrildikdə əsaslı olur".
Qulamhüseyn Əlibəyli hesab edir ki, “Putin yolu” hazırda TRIPP-i, yəni Zəngəzur bağlantısını əvəz edə biləcək real və hazır marşrut deyil:
"Lakin bu ideyanın gündəmə gətirilməsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarına nəzarət və onların idarəçiliyi uğrunda siyasi rəqabətin davam etdiyini göstərir. Azərbaycanın diqqəti təşəbbüsün adına və siyasi təqdimatına deyil, konkret nəticələrinə yönəlməlidir: yeni marşrutlar regional əlaqələri genişləndirəcək, yoxsa başqa bir yolun açılmasını şərtləndirmək və gecikdirmək üçün vasitəyə çevriləcək? Bakı üçün təhlükənin miqyası məhz bu fərqdən asılıdır".
Siyasət şöbəsi