
“Saffar İnşaat” MMC-nin 126 742,36 manatlıq əlavə vergi hesablamasının icrasının dayandırılması tələbi rədd edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarını qanunsuz hesab edərək məhkəməyə müraciət edib.
Şirkət bildirib ki, 398 277 manatlıq uyğunsuzluğun bir hissəsi əməkhaqqı avansları və ezamiyyə xərcləri, 303 914 manatı isə səhvən köçürülərək sonradan geri qaytarılmış vəsaitlər olub.
Vergi orqanı isə şirkətin 2025-ci ilin üçüncü və dördüncü rüblərində elektron qaimələr üzrə satış və xidmətlərinin həcminin 5 milyon 552 min 751 manat təşkil etdiyini, əməkhaqqı göstəricilərinin isə bu fəaliyyətə uyğun olmadığını bildirib.
Bakı İnzibati Məhkəməsi şirkətin qərarın icrasının dayandırılması barədə ərizəsini təmin etməyib. Apellyasiya instansiyası da şirkətin fəaliyyətinin dayanacağına dair konkret maliyyə sübutları təqdim etmədiyini əsas gətirərək şikayəti rədd edib.
Aydın