Xəbər lenti

Ötən il 271 min, bu il 268 min manat - Yevlaxda fasad təmirini 2 manatlıq şirkət həyata keçirəcək
Ekonomiks16:13 15.10.2026

Ötən il 271 min, bu il 268 min manat - Yevlaxda fasad təmirini 2 manatlıq şirkət həyata keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yevlax Şəhər İcra Hakimiyyəti şəhərdə yerləşən çoxmənzilli yaşayış binalarının fasadlarında əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Qara Qaya” MMC seçilib.

Təmir işlərinə görə şirkətə 268 362,68 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Qara Qaya” MMC 2 mart 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, 4-cü uzununa, ev 19B ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.

Açıq mənbələrdə şirkətin fəaliyyəti və qanuni təmsilçisi haqqında ətraflı məlumat məhduddur.

“Qara Qaya” MMC ötən ay Dövlət Turizm Agentliyinin Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda tarixi evlərin bərpası işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 627 892,77 manat təşkil edib.

Şirkət daha əvvəl də dövlət qurumlarının satınalmalarında iştirak edib. Açıq mənbələrdə yayılan məlumatlara görə, şirkət Qaradağ Rayon İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlarla müxtəlif satınalma müqavilələri bağlayıb. Məsələn, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2020–2023-cü illərdə şirkətlə ümumi dəyəri 794 434 manat olan satınalma müqavilələri imzalayıb.

Yevlax Şəhər İcra Hakimiyyəti ötən il də çoxmənzilli yaşayış binalarının fasadlarında əsaslı təmir işləri aparıb. Layihəni “Baku Bulding” şirkəti həyata keçirib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 271 499,89 manat təşkil edib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. O, 2019-cu ildə bu vəzifəyə təyin edilib.

Seyid