Xəbər lenti

"Təhsilin məzmununun dünyəvi olması ilə yanaşı, geyim və forma tərzinin də dünyəvi olması mütləqdir"
Ölkə16:28 15.10.2026

"Təhsilin məzmununun dünyəvi olması ilə yanaşı, geyim və forma tərzinin də dünyəvi olması mütləqdir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi, xüsusilə hicabla bağlı müzakirələr təhsilin dünyəviliyi, valideynlərin hüquqları və şagirdlərin sosial mühitdə formalaşması məsələlərini yenidən gündəmə gətirib. Vahid məktəbli geyiminin uşaqların psixoloji inkişafına, sosial bərabərliyə və gələcək peşə seçiminə mümkün təsirləri də müzakirə olunur.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov Qaynarinfo-ya açıqlamasında vahid məktəbli geyiminin tətbiqini dövlətin suveren hüququ və dünyəvi təhsil prinsipləri baxımından qiymətləndirib.

Onun sözlərinə görə, hər bir ölkənin təhsil və digər sosial institutlarla bağlı qaydaları müəyyənləşdirmək hüququ var. Bu qərarlar ailə və təhsil müəssisələri tərəfindən anlayışla qarşılanmalıdır:

“İlk növbədə nəzərə almalıyıq ki, hər bir ölkənin istər təhsillə, istərsə də digər sosial institutlarla bağlı qanunvericiliyə etdiyi və ya edəcəyi dəyişikliklər onun suveren hüququdur. Bu proseslər həm ailə, həm də təhsil institutu tərəfindən anlayışla və praqmatik yanaşma ilə qarşılanmalıdır.

Ölkəmiz insan hüquq və azadlıqlarının qorunması sahəsində Konstitusiyanın müvafiq maddələri, ona edilən əlavə və dəyişikliklər, müxtəlif qanunvericilik aktları və ratifikasiya olunmuş beynəlxalq konvensiyalarla ön sıralarda olan ölkələrdəndir”.

Hüseyn İbrahimov bildirib ki, dünyada baş verən sosial-mədəni dəyişikliklər təhsil sahəsində də yenilikləri zəruri edir. Bu dəyişikliklər tədrisin məzmunu ilə yanaşı, geyim qaydalarında da özünü göstərə bilər. Onun fikrincə, dünyəvilik təhsilin həm məzmununda, həm də formasında qorunmalıdır:

“Dünyanın, o cümlədən onun sosial-mədəni xəritəsində zaman-zaman çoxsaylı dəyişikliklər baş verir. Bu dəyişikliklər təhsil sahəsində həm metodiki, həm də forma baxımından yenilikləri, o cümlədən geyim tərzində müəyyən xüsusiyyətləri zəruri edir.

Təhsilin məzmununun dünyəvi olması ilə yanaşı, geyim və forma tərzinin də dünyəvi olması mütləqdir”.

Dosent qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Onun fikrincə, məktəblərdə dini geyim elementlərinin tətbiqi bu prinsip çərçivəsində qiymətləndirilməlidir. Bəzi valideynlərin övladlarının məktəb geyimində dini elementlərin olmasını istəməsi isə ailə ilə təhsil müəssisəsi arasında fikir ayrılığına səbəb ola bilər:

“Ölkəmizdə din dövlətdən ayrıdır, Azərbaycan dünyəvi respublikadır. Təhsil dövlətin sosial institutlarından biri kimi fəaliyyət göstərir. Dünyəvi dövlətdə dinin təhsil prosesinin məzmununa və formasına müdaxiləsi nəzərdə tutulmur.

Bəzi valideynlər bunu nəzərə almadan məktəbli formasında dini geyim elementlərinin olmasını istəyirlər. Bu isə müəyyən hallarda ailə ilə təhsil institutu arasında ziddiyyət yaradır. Hər bir ailə başçısı bunun məsuliyyətini dərk etməlidir”.

Hüseyn İbrahimov vahid məktəbli geyiminin bütün şagirdlərə eyni qaydada tətbiq edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məktəbli forması ilə bağlı tələblər oğlan və qızlara eyni prinsiplə şamil olunmalıdır:

“Yeniyetməlik dövründə şagirdləri məktəbin tələb etdiyi geyim qaydalarından kənarda saxlamaq olmaz. Əgər məktəbli forması vahiddirsə, o, bütün şagirdlərə aid edilməli və burada gender fərqi gözlənilməməlidir”.

Dosent bildirib ki, əxlaq və tərbiyəni yalnız geyimlə, xüsusilə də hicabla ölçmək düzgün deyil. Onun fikrincə, şagirdlər məktəb mühitində dini mənsubiyyətlərinə və geyimlərinə görə bir-birindən fərqləndirilməməlidirlər:

“Əxlaq və tərbiyə yalnız hicab amili ilə ölçülə bilməz. Əxlaq geniş anlayışdır. Hicab İslam dininə aid geyim tərzidir. Ölkəmiz mədəni və dini müxtəlifliyi ilə zəngindir. Digər dinlərin nümayəndələri də özlərini başqalarından təcrid etməklə fərqləndirməməlidirlər.

Təhsilin dünyəvi məzmununu birgə öyrəndikləri kimi, şagirdlər onun formasını da birgə daşımalıdırlar. Bu, kollektiv həmrəyliyi, sinifdə qrup münasibətlərini, sosial bərabərliyi və milli həmrəylik hissini gücləndirən amillərdəndir”.

Hüseyn İbrahimovun sözlərinə görə, vahid geyim qaydaları şagirdlər arasında nizam-intizamın və kollektiv davranışın formalaşmasına kömək edə bilər. Bununla belə, o, hicablı şagirdlərin davranışını mənfi qiymətləndirmədiyini, əsas məsələnin yeniyetmələrin öz qərarlarını müstəqil verməsi olduğunu bildirib:

“Vahid geyim formasında olan şagirdlər özlərini daha nizam-intizamlı hiss edirlər. Fərqli geyimlər davranış və münasibətlərdə də müəyyən fərqlər yarada bilər.

Bu o demək deyil ki, hicab geyinən şəxslərin davranışında mənfi hallar müşahidə olunur. Bir çox hallarda kiçik yaşlarından hicab örtən yeniyetmələr yetkinlik yaşına çatana qədər, məsələn, səkkizinci-doqquzuncu siniflərdə müəyyən sıxıntılar yaşayırlar.

Bu, onların dinə qarşı çıxması kimi başa düşülməməlidir. Məsələ yeniyetmənin öz qərarı olmadığı halda, valideynin təsiri ilə geniş dini normalar sisteminə əməl etməsi vəziyyətidir”.

Dosent hesab edir ki, dini biliklərin mənimsənilməsi ilə dini geyim formasının tətbiqi eyni məsələ deyil. Onun fikrincə, orta məktəbin əsas vəzifəsi şagirdlərə dünyəvi biliklər verməkdir. Dini biliklərin əldə edilməsi isə fərdin seçimi ilə bağlıdır:

“Din geniş anlayışdır. İslam dünyada hörmət edilən dinlərdən biridir və milyonlarla insan bu dinə sitayiş edir. Ölkəmiz də müsəlman ölkəsidir. Ancaq dini geyim formasını daşımaqla məsələ bitmir, yeniyetmələr dini də öyrənməlidirlər.

Bunun üçün onların yetkinlik yaşına çatması vacibdir. Şagirdlər orta məktəbi bitirdikdən sonra da dini biliklərini artıra, istədikləri halda dini təhsil ala bilərlər. Orta məktəb isə dünyəvi biliklərin verildiyi məkandır. Burada forma ilə məzmunun uyğunluğu məsələsi ortaya çıxır”.

Hüseyn İbrahimov vahid məktəbli geyiminə yalnız zahiri görünüşlə bağlı tələb kimi yanaşılmasını düzgün hesab etmir. Onun sözlərinə görə, şagirdlərin ümumi görünüşü, saç düzümü və kollektiv davranış qaydaları da təhsil mühitində nizam-intizamın qorunmasında rol oynayır. O, Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı qərarını təhsilin inkişafına xidmət edən addım kimi qiymətləndirib:

“Təhsilin məzmunu dünyəvilik, müasir biliklərə yiyələnmək və yeni bilikləri əks etdirməkdir. Forma isə geyim tərzi ilə yanaşı, şagirdlərin zahiri görünüşünü, saç düzümünü, həm oğlanlar, həm də qızlar üçün müəyyən nümunəvilik və kollektivçilik prinsiplərini əhatə edir.

Bu normaların zəruriliyindən irəli gələrək Nazirlər Kabinetinin təhsil müəssisələrində vahid geyim qaydaları ilə bağlı qərarı təhsilin proqressiv inkişafını şərtləndirən amillərdəndir”.

Müsahib məktəblərdə hicabla təhsil alan qızların sayının artması ilə bağlı müşahidələrə də toxunub. Bununla belə, o, bu tendensiyanı birbaşa qanunla əlaqələndirməyin düzgün olmadığını bildirib:

“Sosioloji baxımdan yanaşsaq, məktəblərdə hicabla təhsil alan yeniyetmə qızların sayının artdığını görürük. Düzdür, mən bunu qanunla əlaqələndirməzdim. Qanun bütövlükdə mütərəqqidir və vahid məktəbli formasını nəzərdə tutur. Bu məsələ din və dövlət münasibətləri kontekstində yozulmamalıdır.

Ancaq sosioloji baxımdan müşahidə edirik ki, oğlanlar məktəbə müasir geyimdə gəlirlər, qızların isə getdikcə daha çox hissəsi dini geyim tərzinə üstünlük verir”.

Hüseyn İbrahimovun fikrincə, məktəbli geyimi ilə bağlı müzakirələr gənclərin gələcək sosial münasibətlərinə, gender bərabərliyinə və peşə seçiminə mümkün təsirlər baxımından da araşdırılmalıdır. O, dini geyimlə bağlı formalaşan stereotiplərin gələcəkdə ailə və sosial münasibətlərə təsir edə biləcəyini qeyd edib:

“Bu qızlar və oğlanlar gələcəkdə ailə quracaq insanlardır. Lakin mən demirəm ki, hicabla məktəbə gəlmək onları hansısa mənada ailə qurmağa və ya bununla bağlı mənəvi dəyərlərə sövq edir.

Məsələ ondadır ki, bu gün məktəblərdə geyim baxımından gender balansının pozulduğunu görürük. Məktəbli formasında müşahidə olunan bu fərqlər gələcəkdə onların sosial həyatda üzləşəcəkləri gender münasibətlərinə də təsir göstərə bilər”.

Dosent hesab edir ki, geyimlə bağlı stereotiplər bəzi qızların gələcək peşə seçiminə təsir göstərə və onların müəyyən sahələrdə işləmək imkanlarını özləri üçün məhdudlaşdırmasına səbəb ola bilər:

“Məsələn, tibb, hüquq-mühafizə orqanları və digər sahələrdə çalışacaq qızların peşə seçimində müəyyən maneələr yarana bilər. Bəzən dindar qızların həkim ixtisasını seçmək istəmədiklərini və ya yalnız qadın həkimə müraciət etməyə üstünlük verdiklərini görürük. Halbuki onların çox yaxşı həkim, hakim və ya hüquq-mühafizə orqanlarının əməkdaşı olmaq imkanları var.

Geyim tərzi ilə gələcəkdə icra edəcəkləri vəzifə arasında hansı münasibətlər yaranacaq? Bəziləri istədikləri peşədən imtina edə, yaxud formalaşmış stereotiplər səbəbindən həmin peşəni seçməyə bilər. Belə hallarda gənc qadınlar gender bərabərsizliyi ilə üzləşə bilərlər”.

Hüseyn İbrahimov sonda vurğulayıb ki, vahid məktəbli geyimi məsələsinə yalnız mövcud qaydaların tətbiqi kimi deyil, gələcək nəsillərin sosial inkişafı, təhsil və peşə seçimi baxımından da yanaşmaq lazımdır. Onun fikrincə, bu məsələnin strateji əhəmiyyəti şagirdlərin gələcəkdə stereotiplər səbəbindən özlərini müəyyən peşələrdən kənarlaşdırmasının qarşısını almaqla bağlıdır:

“Ona görə də bu məsələnin strategiyasını düşünmək lazımdır. Qanun gələcəkdə qızların peşə seçimində üzləşə biləcəkləri bərabərsizlikləri nəzərə almaq baxımından da strateji əhəmiyyət daşıyır. Bu gün ümumi qəbul olunmuş formalarda təhsil almayan qızlar və yeniyetmələr gələcəkdə sevdikləri bir çox peşələrdən özlərini daxilən kənarlaşdıra bilərlər. Bu məqamları da unutmamalıyıq”.

Aydın