Xəbər lenti

Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib
Ölkə19:00 15.10.2026

Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda xuliqanlıq niyyəti ilə qonşusunu bıçaqlayaraq ağır yaralayan şəxsin şərti cəzası ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, 1965-ci il təvəllüdlü N.M. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilsə də, cəzası şərti hesab olunub.

İttihama görə, hadisə 2025-ci ildə saat 20:00 radələrində baş verib. Sərxoş vəziyyətdə qonşusunun evinə gedən N.M. ailəni narahat etdiyinə görə iradla qarşılaşıb. Qonşusu ondan evi tərk etməsini istəyib.

Bundan sonra N.M. mətbəx bıçağı ilə qonşusunun qarın nahiyəsinin sol tərəfinə bir zərbə vurub. Zərərçəkmiş şəxsin qarın boşluğuna nüfuz edən, bağırsağın zədələnməsi və peritonitlə nəticələnən xəsarətlər aldığı müəyyən edilib. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, həmin xəsarətlər həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurulması kimi qiymətləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi N.M.-yə 6 il həbs cəzası təyin etsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib və 2 il sınaq müddəti müəyyənləşdirib. Qərar qəbul edilərkən tərəflərin barışması, təqsirləndirilən şəxsin peşmançılığı, yaşı, səhhətindəki problemlər və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması nəzərə alınıb.

Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verərək şərti cəzanın əsassız olduğunu bildirib. Protestdə cinayətin ağırlığı, N.M.-nin əvvəllər də məhkum edilməsi, hadisə zamanı sərxoş olması və yaraladığı şəxsə kömək etmədən hadisə yerindən uzaqlaşması vurğulanıb.

Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini təmin edib. Məhkəmə birinci instansiyanın hökmünü dəyişdirərək Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini ləğv edib.

Nəticədə N.M.-yə təyin olunmuş 6 il həbs cəzasından həbsdə və ev dustaqlığında olduğu 6 ay çıxılaraq onun 5 il 6 ay müddətinə real həbs cəzası çəkməsi qərara alınıb. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Məhkəmə zalında həbs edilən N.M. Bakı İstintaq Təcridxanasına göndərilib.

Aydın