Xəbər lenti

Gün ərzində sakit qalmağın sadə yolu: Cəmi 10 saniyə kifayətdir
Sağlamlıq08:45 17.10.2026

Gün ərzində sakit qalmağın sadə yolu: Cəmi 10 saniyə kifayətdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Psixoterapevtlər stressi azaltmaq və gün ərzində emosional tarazlığı qorumaq üçün sadə nəfəs texnikasını tövsiyə edirlər. Bu üsul yavaş nəfəs almaq, nəfəsi daha uzun müddətə vermək və həmin anda sakitləşdirici bir ifadəni təkrarlamaqdan ibarətdir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Real Simple” nəşri psixi sağlamlıq üzrə mütəxəssislərin tövsiyələrinə istinadən yazıb.

Psixoterapevt və Numia Healing klinikasının təsisçisi Karolina Korrea bildirib ki, gündəlik işlərin ardınca fasiləsiz qaçmaq insanın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. İnsanlar çox vaxt bədənlərinin verdiyi siqnalları görməzdən gəlir, yorğun olsalar belə, işləməyə davam edirlər.

Sakitləşmək üçün nəfəs və qısa ifadə

Korreanın sözlərinə görə, bunun qarşısını almağın sadə yollarından biri yavaş nəfəs almaq və nəfəsi daha uzun müddətə verməklə yanaşı, sakitləşdirici bir cümləni daxilən təkrarlamaqdır.

Mütəxəssisin istifadə etdiyi ifadə belədir: “Mən buradayam. Təhlükəsizdəyəm. Rahatlaşa bilərəm”.

Bu cümlənin hər hissəsi fərqli məqsədə xidmət edir: insanın diqqətini indiki ana yönəldir, təhlükəsizlik hissini gücləndirir və gərginliyi azaltmağa kömək edir.

Korrea günə başlamazdan əvvəl insana rahatlıq verən bir ifadə seçməyi və gün ərzində ehtiyac yarandıqda onu nəfəs texnikası ilə birlikdə təkrarlamağı məsləhət görür. Bu üsul çətin söhbətdən əvvəl, gərgin səhərlərdə və ya tıxacda olarkən də tətbiq edilə bilər.

Stressin artmasının qarşısını necə almaq olar?

Welltory şirkətinin psixi sağlamlıq üzrə mütəxəssisi Anna Elitsur isə özünümüşahidənin əhəmiyyətini vurğulayıb. Onun fikrincə, insan bədənindəki və davranışındakı dəyişiklikləri vaxtında fərq etməlidir. Məsələn, çənənin sıxılması, eyni məktubu dəfələrlə oxumaq və ya müəyyən hadisəyə həddindən artıq reaksiya vermək gərginliyin əlaməti ola bilər.

Elitsur çətin vəziyyətlərdə dərhal cavab vermək əvəzinə qısa fasilə etməyi tövsiyə edir. Bu, insanın emosiyalarını daha yaxşı anlamasına və sonradan peşman olacağı reaksiyalardan yayınmasına kömək edə bilər.

Mütəxəssislərin sözlərinə görə, bu texnikaların üstünlüyü onların istənilən yerdə tətbiq edilə bilməsidir. Bunun üçün xüsusi avadanlıq, mobil tətbiq və ya sakit otaq tələb olunmur. Nəfəs almaq, seçilmiş ifadəni təkrarlamaq və qısa müddət öz hisslərinə diqqət yetirmək kifayətdir.

Bu üsullar bütün problemləri dərhal həll etməsə də, gündəlik gərginliyin öhdəsindən gəlməyə və emosional reaksiyaları daha yaxşı idarə etməyə kömək edə bilər.

Aydın