Xəbər lenti

Estoniya 2026-cı ildə köçmək üçün ən yaxşı ölkə seçildi - Üstünlükləri açıqlandı
Dünya19:56 16.10.2026

Estoniya 2026-cı ildə köçmək üçün ən yaxşı ölkə seçildi - Üstünlükləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Estoniya 2026-cı ildə köçmək üçün ən yaxşı ölkələrin reytinqində birinci yeri tutub. Bu ölkə Sinqapur, Malayziya və Portuqaliyanı geridə qoyub.

Qaynarinfo xəbər verir ki, “Travel + Leisure” nəşrinin yazdığına görə, Estoniya inkişaf etmiş rəqəmsal xidmətləri, biznes üçün əlverişli şəraiti və əcnəbilərin daşınmaz əmlak əldə etmək imkanları sayəsində yüksək qiymətləndirilib. Bildirilir ki, ölkə Qlobal Köç İndeksində (Global Relocation Index) 72,8 bal toplayıb.

Araşdırma çərçivəsində 192 ölkə 24 meyar üzrə qiymətləndirilib. Bunlara vergilər, həyat keyfiyyəti, səhiyyə, təhlükəsizlik, sabitlik və yeni yaşayış yerinə uyğunlaşma imkanları daxildir.

Reytinqin ilk onluğuna həmçinin Tayvan, Litva, Honkonq, Sent-Kits və Nevis, Çexiya və Malta daxil olub. Beləliklə, ilk onluqdakı ölkələrin beşi Avropanı təmsil edir.

Estoniya əcnəbiləri nə ilə cəlb edir?

Ölkənin əsas üstünlüklərindən biri inkişaf etmiş rəqəmsal infrastrukturdur. “e-Estonia” rəsmi platformasının məlumatına görə, burada bank əməliyyatlarının 99 faizindən çoxu onlayn həyata keçirilir.

Estoniya sahibkarlar üçün əlverişli şəraiti və inkişaf etmiş startap ekosistemi ilə də tanınır. “StartupBlink” araşdırmasına əsasən, ölkə biznesə başlamaq üçün yaradılan şərait baxımından dünyada 12-ci yerdədir.

Potensial köçkünləri cəlb edən digər amil yaşayış üçün daşınmaz əmlak almaq imkanlarıdır.

Estoniya əhalisinin təxminən üçdə biri Finlandiya körfəzinin sahilində yerləşən paytaxt Tallində yaşayır. Şəhər ölkənin əsas iqtisadi mərkəzidir və yerli daşınmaz əmlak bazarında mənzillər üstünlük təşkil edir. Paytaxtda mənzilin orta qiyməti təxminən 160 min avrodur.

Estoniyada yaşamağın hansı çatışmazlıqları var?

Reytinqdə yüksək mövqe tutmasına baxmayaraq, Estoniya hər kəs üçün uyğun ölkə deyil. Tədqiqat müəlliflərinin əsas çatışmazlıqlardan biri kimi göstərdiyi amil iqlimdir. Bu göstərici üzrə ölkə 100 mümkün baldan cəmi 20 bal toplayıb.

Burada qışlar soyuq keçir, dekabr ayında isə gündüzlər xüsusilə qısa olur. İsti iqlimə və günəşli havaya alışmış insanlar üçün bu, ciddi çatışmazlıq sayıla bilər.

Maliyyə məsələləri də nəzərə alınmalıdır. Araşdırmada göstərilən məlumatlara əsasən, gəlir vergisinin dərəcəsi 22 faizdir. Bəzi hallarda xaricdə əldə edilən gəlirlər də vergiyə cəlb oluna bilər. Buna görə də ölkəyə köçməyi planlaşdıran şəxslərə öz vəziyyətlərinə tətbiq olunan vergi qaydaları ilə əvvəlcədən tanış olmaq tövsiyə edilir.

2026-cı ildən etibarən vergi ödəyiciləri üçün aylıq 700 avro məbləğində vergidən azad minimum nəzərdə tutulub.

Aydın