Xəbər lenti

"Salyan Oil"in ərazisini hasarladı - 9 ay cəza aldı
Ölkə17:54 16.10.2026

"Salyan Oil"in ərazisini hasarladı - 9 ay cəza aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyanın Qaraçala qəsəbəsində dövlət mülkiyyətində olan torpaq sahəsini hasarlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1981-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olan E.R. torpaq sahəsini qanunsuz zəbt etməkdə təqsirli bilinib.

Məhkəmə materiallarına əsasən, E.R. 2026-cı ilin aprel ayının əvvəllərində yaşadığı evin həyətinə bitişik, dövlət mülkiyyətində olan 0,0186 hektar torpaq sahəsini hasarlayıb. Həmin ərazinin “Salyan Oil” əməliyyat şirkətinin istifadəsində olduğu bildirilib.

Təqsirləndirilən şəxs əvvəlcə torpaq sahəsinin kənarına beton özül tökdürərək mişar daşından hasar çəkib. Şirkət əməkdaşları ərazinin onların istifadəsində olduğunu bildirərək hasarın sökülməsini tələb ediblər. E.R. hasarı söksə də, sonradan həmin yerdə dəmir şiferdən çəpər çəkib.

Şirkət nümayəndələrinin təkrar müraciətindən sonra məsələ hüquq-mühafizə orqanlarına çatdırılıb. E.R. məhkəmədə torpağın şirkətin istifadəsində olduğunu bildiyini, tikinti aparmaq üçün icazəsinin olmadığını etiraf edib. O, çəkdiyi hasarı və çəpəri sökərək ərazini əvvəlki vəziyyətinə qaytardığını deyib.

Zərərçəkmiş şirkətin nümayəndəsi ərazinin təmizlənərək şirkətin istifadəsinə qaytarıldığını bildirib. Şirkətin E.R.-dən şikayət və tələbinin olmadığı qeyd edilib.

Salyan Rayon Məhkəməsi E.R.-ni Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilərək 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

Hökmə əsasən, o, cəza müddətində Salyan rayonunun ərazisini tərk edə bilməz, hər gün saat 23:00-dan 07:00-dək yaşayış yerində olmalı və elektron nəzarət vasitəsi gəzdirməlidir.

Aydın