
Milli Məclisin deputatı Aydın Mirzəzadə Qarabağ münaqişəsi dövründə baş verənlərə görə Ermənistanın keçmiş rəhbərlərinin məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.
O, Qaynarinfo-ya açıqlamasında məsuliyyət məsələsinin sülh gündəliyindən kənarda qalmamalı olduğunu, həmçinin Ermənistanın hazırkı və gələcək hakimiyyətlərinin Azərbaycana qarşı siyasətində nəticələri nəzərə almalı olduqlarını deyib.
Deputatın sözlərinə görə, regionda sülhün təmin edilməsi münaqişə dövründə baş verənlərə görə məsuliyyət məsələsini arxa plana keçirməməlidir:
“Sülh Azərbaycanın qətiyyəti nəticəsində regionda artıq təmin edilib və bu gün sülhün zəmanətçisi də məhz Azərbaycandır. Amma Ermənistanın üç prezidenti və digər bir qrup insan regionda müharibə törətdiklərinə, yüz minlərlə insana faciə yaşatdıqlarına görə məsuliyyət daşıyırlar. Onlar məhkəmə qarşısında cavab verməlidirlər. Fərqi yoxdur, hansı ölkənin məhkəməsi qarşısında, amma mənə elə gəlir ki, Azərbaycan məhkəməsi qarşısında cavab verməlidirlər. Onlar öz cəzalarını almalıdırlar”.
Aydın Mirzəzadə hesab edir ki, münaqişənin ağır nəticələrinə görə məsuliyyət məsələsi gələcək nəsillər baxımından da əhəmiyyətlidir:
“Onların bu dünyadan cəzalarını almadan getməyə ixtiyarları yoxdur. Onlar gələcək nəsillər tərəfindən də mütləq lənətlənəcəklər. Müharibə törətdiklərinə, regionun inkişafına mane olduqlarına, milyonlarla insanın ailəsinə bədbəxtlik gətirdiklərinə görə bu, mütləq baş verməlidir. Necə ki, Qarabağdakı separatçı rejimin rəhbərləri “ikinci Nürnberq məhkəməsi” adlandırılan Bakı məhkəməsinin nəticəsində bu gün öz layiqli cəzalarını çəkirlər”.

Deputat Prezident İlham Əliyevin Ermənistanın 2018-ci ildən sonrakı rəhbərliyinin siyasəti ilə bağlı fikirlərini də obyektiv hesab etdiyini bildirib.
Onun sözlərinə görə, əvvəlki hakimiyyətlərin siyasətinin davam etdirilməsi ilə bağlı iddialar Ermənistanın işğal altındakı ərazilərə münasibəti və həmin ərazilərdə nəzarəti saxlamaq cəhdləri ilə əlaqələndirilir:
“Cənab Prezidentimiz həmişə real danışır, məsələlərə obyektiv qiymət verir və onun indiki rəhbərliyə dair söylədiyi fikirlər də tamamilə obyektivdir. Həqiqətən də Ermənistan rəhbərliyi 2018–2020-ci illərdə işğal olunmuş əraziləri öz ərazisi elan edirdi və bundan sonra da bacardığı qədər həmin ərazilərdə nəzarətini saxlamağa çalışırdı”.
Deputat Azərbaycanın hərbi-siyasi gücünün Ermənistan rəhbərliyini mövqeyini dəyişməyə məcbur etdiyini bildirib.
O, bunun Ermənistanın hazırkı və gələcək hakimiyyətləri üçün də xəbərdarlıq olduğunu düşünür:
“Düzdür, Azərbaycanın qətiyyəti və gücü sonradan indiki hakimiyyəti fikrini dəyişməyə məcbur etdi. Hesab edirəm ki, bu, eyni zamanda indiki və gələcək hakimiyyətlərə bir xatırlatmadır: heç bir Ermənistan hakimiyyəti Azərbaycana qarşı aqressiv siyasət yürütməyə çalışmasın. Bunun sonu yoxdur. Azərbaycan buna cavab verməyə hazırdır. Burada zərər çəkən ilk növbədə Ermənistanın özü olacaq”.
Günay İlqarqızı