Xəbər lenti

Arzuxan Əlizadə: "Avropa institutları köhnəlmiş siyasi yanaşmalardan əl çəkməlidir"
Siyasət14:04 16.10.2026

Arzuxan Əlizadə: "Avropa institutları köhnəlmiş siyasi yanaşmalardan əl çəkməlidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Avropa Şurası və Avropa Parlamenti fəaliyyətlərində obyektivlik, qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə müdaxilə etməmək və beynəlxalq hüququn aliliyi prinsiplərini əsas götürməlidir".

Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Qaynarinfo-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, müasir dünyanın reallıqlarını nəzərə almadan köhnəlmiş siyasi yanaşmalarla fəaliyyət göstərmək heç bir beynəlxalq qurumun uzunmüddətli maraqlarına xidmət etmir. Deputat bildirib ki, bu təşkilatların əsas vəzifəsi siyasi təzyiq vasitəsinə çevrilmək deyil, dövlətlər arasında dialoqun, qarşılıqlı etimadın və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməkdir. Əks halda, onların mövcud problemlərin həllindəki rolu getdikcə zəifləyə bilər.

Arzuxan Əlizadə qeyd edib ki, Avropa Şurası və Avropa Parlamenti kimi qurumların fəaliyyəti bəzi hallarda onların formalaşdığı dövrdən miras qalan siyasi yanaşmaların dəyişən geosiyasi reallıqlara uyğun gəlməməsi baxımından tənqid olunur:

"Anaxronizm və atavizm anlayışlarının bu qurumlarla əlaqələndirilməsi də məhz köhnəlmiş yanaşmaların qorunub saxlanılması, beynəlxalq proseslərin yeni reallıqlar prizmasından deyil, əvvəlki siyasi qəliblər əsasında qiymətləndirilməsi ilə bağlıdır. Beynəlxalq münasibətlər sistemi dəyişir, yeni güc mərkəzləri meydana çıxır, dövlətlər arasında əməkdaşlığın istiqamətləri genişlənir. Belə bir şəraitdə beynəlxalq təşkilatların öz fəaliyyətlərini müasir çağırışlara uyğunlaşdırması zəruridir".

Deputat vurğulayıb ki, bəzi hallarda Avropa Şurasının və Avropa Parlamentinin ayrı-ayrı qərar və qətnamələrində siyasi selektivlik, ikili standartlar və müəyyən dövlətlərə münasibətdə fərqli yanaşmalar müşahidə olunur:

"Azərbaycanın timsalında da görürük ki, ölkəmizin milli maraqları, suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərdə bu qurumların mövqeyi bəzən obyektivlik və qərəzsizlik prinsipləri ilə uzlaşmır. Halbuki beynəlxalq təşkilatların nüfuzu onların ayrı-ayrı siyasi dairələrin maraqlarını deyil, beynəlxalq hüququn fundamental prinsiplərini əsas götürməsindən asılıdır. Mövcud geosiyasi reallıqlara uyğunlaşmamaq ilk növbədə bu qurumların beynəlxalq nüfuzunun və etibarlılığının zəifləməsinə səbəb ola bilər".

Arzuxan Əlizadə hesab edir ki, dövlətlər beynəlxalq münasibətlərdə öz maraqlarını qorumaq və yeni əməkdaşlıq imkanları əldə etmək məqsədilə alternativ regional və beynəlxalq platformalara daha çox üstünlük verə bilərlər:

"Nəticədə Avropa institutlarının qlobal proseslərə təsir imkanları məhdudlaşa, qəbul etdikləri sənədlərin siyasi və praktiki əhəmiyyəti azala bilər. Xüsusilə beynəlxalq hüquqa selektiv yanaşma dövlətlər arasında etimadı zəiflədir və əməkdaşlıq imkanlarını məhdudlaşdırır".

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı Avropa Parlamenti və Avropa Şurasını tənqid edib. Dövlət başçısı bildirib ki, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi:

"BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı".

Bahar Rüstəmli