
"Düşünürəm ki, vahid məktəbli geyimi ilə bağlı Nazirlər Kabinetinin qərarı vaxtında verilib".
Bunu Qaynarinfo-ya açıqlamasında Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov deyib.
Onun sözlərinə görə, məktəbli formaları öz gözəlliyi ilə seçilir:
"Məktəbdə ayrı-ayrı, rəngarəng geyimlər şagirdlər haqqında ümumi təəssüratı poza bilər. Təhsil tariximizə nəzər salsaq, görərik ki, Üzeyir Hacıbəyli Qori Müəllimlər Seminariyasında oxuduğu illərdə necə gözəl geyimlər geyinib. Yaxud Nərimanovun, Haqverdiyevin tələbəlik illərini xatırlayaq. Fotolardan da görürük ki, onların təhsil aldıqları müəssisələrə uyğun geyimləri olub. Məktəbli formaları təhsil mühitinə xüsusi gözəllik verir".

Sərdar Fərəcov təhsilin müqəddəs olduğunu vurğulayıb:
"Dövlətimiz təhsilə böyük diqqət yetirir. Məktəblər təmir olunur, gözəlləşdirilir. Bütün bunların fonunda vahid məktəbli geyimi şagirdlərdə və məktəb mühitində xüsusi gözəllik yaradacaq".
Bahar Rüstəmli