Xəbər lenti

Yeni doğulan körpəsini təhqir edən ərinə xəsarət yetirdi
Ölkə13:05 16.10.2026

Yeni doğulan körpəsini təhqir edən ərinə xəsarət yetirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəranda ailə münaqişəsi zamanı yeni doğulmuş körpəsinin ünvanına nalayiq ifadələr səsləndirilməsinə əsəbiləşən qadın ərini bıçaqlayıb.

Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində kişi sağ diz nahiyəsindən xəsarət alıb.

Hadisə ər-arvadın kirayədə yaşadığı fərdi yaşayış evində baş verib. Tərəflər arasında mübahisə kişinin içkili vəziyyətdə evə gəlməsindən və sonradan pul məsələsinə görə yaranan sözlü qarşıdurmadan sonra başlayıb.

Qadın körpənin ehtiyacları üçün ərindən pul istəyib. Kişi pulunun olmadığını bildirdikdə qadın onun pulunu əxlaqsız qadınlara xərclədiyini deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Münaqişə mətbəxdə davam edib. Məhkəmədə ifadə verən qadının sözlərinə görə, ərinin yeni doğulmuş körpəsinin ünvanına nalayiq ifadə işlətməsi onu qəzəbləndirib və o, masanın üzərindəki mətbəx bıçağını götürüb. Kişi bıçağı onun əlindən almaq istədikdə qadın ərinin sağ ayağına bir zərbə vurub.

Zərərçəkmiş kişi də məhkəmədə hadisənin baş verdiyini təsdiqləyib. O bildirib ki, körpənin ağlaması səbəbindən uşağın ünvanına zarafat məqsədilə təhqiredici ifadə işlədib. Bundan sonra həyat yoldaşı bıçağı götürərək onu yaralayıb.

Hadisədən sonra qadın evdən çıxıb və əlindəki bıçağı yaxınlıqdakı kanalizasiya xəttinə atıb.

Ekspertiza kişinin sağ diz oynağı nahiyəsində kəsilmiş yara aldığını, xəsarətin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirildiyini müəyyən edib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, ər-arvad arasında əvvəllər də münaqişə yaşanıb. 2024-cü ildə qadının ərinə xəsarət yetirməsi ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə başlanmış icraata tərəflərin barışması səbəbindən xitam verilib.

Hazırkı iş üzrə də ər-arvad barışdıqlarını bildiriblər. Zərərçəkmiş kişi həyat yoldaşına qarşı şikayət və tələbinin olmadığını deyərək ona yüngül cəza verilməsini istəyib. Qadın isə törətdiyi əməldən peşman olduğunu bildirib.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə qadın Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Seyid