
"Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin təmin edilməsi, intizamın gücləndirilməsi və ümumi məktəb mühitinin formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, məktəbli geyiminin rahatlığı, əlçatanlığı və milli ənənələri əks etdirməsi də diqqətdə saxlanılmalıdır"
Bunu Qaynarinfo-ya AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri Ağaverdi Xəlil deyib.
Onun sözlərinə görə, məktəbli forması ilə bağlı müzakirələr cəmiyyətin müxtəlif sosial qruplarını əhatə edir və vahid geyim qaydaları məktəbdə ümumi standartların qorunmasına, şagirdlər arasında qarşılıqlı anlaşmanın və nizam-intizamın gücləndirilməsinə xidmət edə bilər:
“Məktəbli forması təhsil işçiləri tərəfindən dünyəvilik prinsipi əsas götürülməklə şagirdlərin hüquqlarına uyğun olduğu qəbul edilir”.
Ağaverdi Xəlil məktəbli formasının şagirdlər arasında maddi imkan fərqlərinin nümayişini azaltmaq və təhsil mühitində bərabərliyi gücləndirmək baxımından əhəmiyyətli olduğunu bildirib:
“Burada əsas məsələ yalnız məktəbli geyiminin olub-olmaması deyil, həm də şagirdin təhsil hüququnun qorunması, seçim azadlığına hörmət və məktəb mühitində qarşılıqlı anlaşmanın təmin edilməsidir”.

O, azyaşlı uşaqların dini baş örtüyü taxmasına münasibət də bildirib:
“Azyaşlı uşaqların dini başörtüsü geyməsi yanlışdır. Bunun mühafizəkar mömin dairələrdən kənarda müsbət izahı yoxdur. Bəzi qadınların qara çadra geyməsi də cəmiyyətdə xoş qarşılanmır. Mühafizəkar dini geyim formasının məktəb daxilinə gətirilməsi təhsilə mənəvi töhfə verməz. Bununla yanaşı, baş örtüsündən istifadə edən müəllimlər və yuxarı sinif şagirdləri anlayışla qarşılanmalı və məktəbdəki fəaliyyətləri məhdudlaşdırılmamalıdır. Bu istiqamətdə inzibati metodlara deyil, daha çox maarifçi yönümə yer verilməli və dünyəvi modelə uyğunlaşdırma istiqamətində tədrici addımlar atılmalıdır. Birdən-birə məktəbin qapısını şagirdin və müəllimin üzünə bağlamaq olmaz. Hökumətin vahid məktəbli geyimi qərarı təkmilləşdirilməlidir, dünyəviliklə millilik arasında ortaq nöqtə axtarılmalıdır”
Şöbə müdiri vahid məktəbli formasının kollektiv məsuliyyət hissinin gücləndirilməsinə və gündəlik geyim seçimi ilə bağlı çətinliklərin azalmasına kömək edə biləcəyini qeyd edib:
“Məlumdur ki, məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, bərabər imkanlar yaratmaq və təhsil mühitində ümumi qaydaları qorumaqdır”.
A.Xəlil məktəbli formasının qiymətinin münasib olmasının, şagirdlərin rahatlığının və geyimin iqlim şəraitinə uyğun seçilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ailələrin maddi imkanları da nəzərə alınmalıdır.
Şöbə müdiri məktəbli formasında milli geyim ənənələrinin əks olunmasını məqsədəuyğun hesab edir:
“Təklif edilən məktəbli forması özündə milli geyim ənənələrindən gələn xüsusiyyətləri də bu və ya digər şəkildə özündə əks etdirsə daha doğru olar. Dünyada öz milli geyimlərinə sadiq xalqların təhsil sahəsindəki nailiyyətləri məlumdur”.
Aydın

