
Azərbaycanda qida məhsullarının topdan və pərakəndə distribusiyası ilə məşğul olan “UNİVERSAL-SVS” MMC 1500 manat cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, şirkət 2024-cü il üzrə maliyyə hesabatlarının auditini 2025-ci ildə həyata keçirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunub.
İş materiallarına əsasən, şirkət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Həmin maddə qanunla nəzərdə tutulan hallarda məcburi auditdən yayınmağa görə hüquqi şəxslər üçün 1500 manatdan 2500 manatadək cərimə nəzərdə tutur.
Məhkəmə araşdırması zamanı qeyd olunub ki, kommersiya təşkilatları qanunvericilikdə nəzərdə tutulan hallarda maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməlidirlər. Qərarda bildirilib ki, əvvəlki ilin maliyyə hesabatlarının auditi növbəti ilin sonunadək həyata keçirilməlidir.
Məhkəmə “UNİVERSAL-SVS” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halları müəyyən etməyib. İşin hallarını nəzərə alan məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilərək ona 1500 manat cərimə tətbiq edilməsinə qərar verib.
Qeyd edək ki, ötən ilin aprel ayında şirkətin Rusiyadan idxal etdiyi 22,08 ton dondurulmuş sümüksüz donuz əti insan istehlakı üçün yararsız çıxmışdı. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yaymışdı.
Nizamnamə kapitalı 100 manat olan “UNİVERSAL-SVS” MMC-nin qanuni təmsilçisi Dövlətov Vahab Sərdar oğludur. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 32Q, mənzil 2 ünvanında yerləşir.
Aydın