Xəbər lenti

Qardaşlıq qarşılıqlı hörmət tələb edir (ŞƏRH)
Siyasət12:40 19.10.2026

Qardaşlıq qarşılıqlı hörmət tələb edir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranan mübahisələrdə bir məqamı qəti şəkildə ayırmaq lazımdır - Türkiyəni tənqid etmək başqa şeydir, Türkiyədə hakimiyyətin siyasi kursunun müəyyən məqamlarını tənqid etmək tamam başqa. Türkiyə dövləti və türk xalqı ilə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətini eyniləşdirmək siyasi məsuliyyətin ünvanını bilərəkdən qarışdırmaqdır. Bu gün tənqidlərin hədəfi Türkiyə deyil, AKP hakimiyyətinin Azərbaycana qarşı sərgilədiyi siyasi yanaşma, rəsmi Bakının maraqları ilə ziddiyyət təşkil etdiyi addımları və Ankara-Bakı münasibətlərində partiya maraqlarının dövlətlərarası münasibətlərə təsiri olmalıdır.

Söhbət Türkiyə dövlətinə və türk xalqına qarşı çıxmaqdan deyil, AKP-nin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərindən və bu xəttin Azərbaycan üçün mümkün nəticələrini açıq müzakirə etməkdən gedir. Qardaşlıq münasibətləri heç bir hakim partiyaya Azərbaycan cəmiyyətinin suallarından və tənqidindən yayınmaq imtiyazı vermir. Onun siyasi-ideoloji xətti, dövlət idarəçiliyinə yanaşması, hakimiyyətin həyata keçirilmə üsulları və siyasi qərarları müzakirə olunmalıdır. Hakim partiyanın hər addımını Türkiyənin milli maraqları ilə eyniləşdirmək, ona yönələn etirazları isə bütöv bir xalqa qarşı münasibət kimi təqdim etmək qəbuledilməzdir.

AKP uzun illərdir Türkiyənin siyasi həyatında dominant mövqeyə malikdir. AKP-nin öz siyasi xəttini dövlətin və xalqın maraqları ilə eyniləşdirməsi təhlükəli siyasi yanaşmadır. Çünki bu zaman partiyaya yönələn tənqid sanki dövlətə qarşı hücum kimi təqdim olunur, hakimiyyətin məsuliyyəti isə milli hisslərin arxasında gizlədilir. Halbuki demokratik siyasi mədəniyyətin əsas şərtlərindən biri hakim partiyanın fəaliyyətinə sərbəst və açıq qiymət verilə bilməsidir.

Azərbaycanla Türkiyə arasındakı münasibətlər bu müzakirələrdən daha genişdir. Ortaq tarix, dil, mədəniyyət, strateji maraqlar və xalqlar arasındakı bağlılıq iki ölkənin münasibətlərinin əsasını təşkil edir. Bu münasibətləri AKP-nin siyasi maraqları ilə eyniləşdirmək nə Türkiyəyə, nə də Azərbaycana xidmət edir.

Ankara ilə Bakı arasındakı qardaşlıq AKP hakimiyyətinin siyasi toxunulmazlığı demək deyil. Türkiyənin dostu olmaq onun hakim partiyasının bütün qərarlarını müdafiə etmək öhdəliyi yaratmır. Eyni qaydada, AKP-ni sərt tənqid etmək də Türkiyəyə və türk xalqına düşmənçilik sayıla bilməz.

Türkiyə xalqı AKP-dən ibarət deyil, Türkiyə dövləti də bir partiyanın mülkiyyəti deyil.

Azərbaycanın mövqeyi bu baxımdan aydın olmalıdır. Bakı-Ankara münasibətləri hər hansı partiyanın hakimiyyətdə olub-olmamasından asılı olmayan strateji dəyərə malikdir. Bu münasibətlərin möhkəmliyi AKP-yə qeyd-şərtsiz siyasi dəstəkdən deyil, dövlətlərarası maraqların və xalqlar arasındakı qardaşlığın qorunmasından keçir.

Türkiyədə siyasi hakimiyyətlər dəyişə bilər. AKP bu gün hakimiyyətdədir, sabah siyasi şərait dəyişə bilər. Ancaq Azərbaycan-Türkiyə münasibətləri bir partiyanın siyasi taleyinə bağlanmamalıdır. Əks halda, xalqların tarixi bağlılığı gündəlik siyasi mübarizənin girovuna çevrilər.

Qardaşlıq qarşılıqlı hörmət tələb edir. Türkiyəyə hörmət AKP-nin hər qərarını alqışlamaq deyil. Əksinə, Türkiyənin dövlət və cəmiyyət həyatını bir partiyanın siyasi maraqlarından ayırmaqdır.

Bu gün tənqidin ünvanı Türkiyə deyil, AKP hakimiyyəti və onun nurçu-islamçı xəttidir. Türkiyə ilə qardaşlıq isə heç bir siyasi partiyaya verilmiş toxunulmazlıq sənədi deyil.

Siyasət şöbəsi